AMEA Naxçıvan Bölməsinin Elmi kitabxanası Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası ilə birgə “Kitabxanalar və gənclik” mövzusunda konfrans keçirib.
Tədbiri kitabxananın direktoru Tamella Əsgərova açaraq ölkəmizin gələcəyi olan gənclərin hərtərəfli inkişafında həyata keçirilən tədbirlərdən və qarşıda duran vəzifələrdən danışıb. O, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin bu gün Naxçıvanda da uğurla həyata keçirildiyini bildirib. Vurğulayıb ki, bu gün gənclərin kitabxanalara cəlb olunmasına, mütaliə mədəniyyətinin formalaşmasına, xidmət edən hər cür şəraitə malik zəngin ənənəvi və elektron kitabxanalar yaradılıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamı gənclərin mütaliə mədəniyyətinin inkişafında, kitabların daha geniş təbliğində mühüm rol oynayır.
AMEA Naxçıvan Bölməsinin Elmi kitabxanasının direktoru Sahab Əliyeva “Gənc nəslin formalaşmasında kitabxanaların rolu” mövzusunda çıxış edərək gənc nəsildə mütaliəyə marağın artırılması baxımından kitabxanaların üzərinə düşən vəzifələrdən söz açıb. Bildirib ki, yaradılan şəraitin və kitabxana fondlarının zəngin olmasının nəticəsidir ki, mütaliəyə maraq əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə artıb.
Sonra çıxışlar dinlənilib.
AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi