İntellektual idman növü kimi şahmatın inkişafına muxtar respublikamızda ciddi diqqət yetirilir. Bu məqsədlə şəhər və rayonlarda şahmat məktəbləri tikilərək istifadəyə verilib, həmin məktəblərin maddi-texniki bazası gücləndirilib. Eyni zamanda müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunmuş şahmat məktəblərində interaktiv dərslərin təşkili üçün hər cür şərait yaradılıb.
Ümumtəhsil məktəblərində şahmat dərslərinin tədrisi səviyyəsinin artırılması, uşaq-gənclər şahmat məktəblərinin fəaliyyətlərinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Təhsil Nazirliyi Şahmat Federasiyası ilə birlikdə mütəmadi olaraq şahmat məşğələləri də təşkil edir.
Həmin tədbirlərin davamı olaraq dünən Naxçıvan Şahmat Mərkəzində “Açıq debütlər, İspan oyununun izahlı təhlili” mövzusunda növbəti interaktiv dərs keçilib. Dərsi beynəlxalq dərəcəli hakim Emin Hacıyev aparıb. Qeyd olunub ki, debütlərin 3 növü var: açıq, yarımaçıq, qapalı. İspan oyunu açıq debütlərə aiddir. 1.e2-e4; e7-e5 gedişləri ilə başlayır. Bu oyun haqqında ilk məlumata ispaniyalı şahmatçılar Lüsyenin və Lopesin əsərlərində rast gəlinir.
İnteraktiv şahmat məşğələsi saat 1100da ümumtəhsil məktəblərinin şagirdləri üçün, 1200da isə ümumtəhsil məktəblərində Şahmat fənnini tədris edən müəllimlər üçün keçilib. Bununla yanaşı, saat 1500da isə rayon şahmat məktəbləri üçün təşkil olunan interaktiv dərsdə muxtar respublika şahmatçılarının oyunları təhlil edilib.
İnteraktiv dərs 200-dən artıq təhsil müəssisəsində şagird və müəllimlər tərəfindən, şahmat məktəblərində isə 200-dən çox şahmatçı tərəfindən elektron lövhə vasitəsilə izlənilib. Dərs zamanı şahmatçıları maraqlandıran suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti