22 Dekabr 2024, Bazar

Təhsil sahəsində aparılan islahatlar, orta ümumi təhsil müəssisələrində tətbiq olunan kurikulumlar yeni düşüncəli, geniş dünyagörüşlü gənclərin hazırlanmasına yönəldilmişdir. Bu gün məktəblərdə  tədqiqatlar aparmağa, yeni informasiya texnologiyalarından istifadə etməyə geniş imkanlar yaradılır. Bu işlərin aparılmasında əsas məqsəd şagirdlərə kiçik yaşlarından elmi vərdişlər aşılamaq, onları yeni elmi axtarışlara, ətraf mühiti yaxşılığa doğru dəyişdirməyə sövq etməkdən ibarətdir.

 Muxtar respublikamızda da bu sahədə artıq bəzi addımlar atılmaqdadır. Belə ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA Naxçıvan bölməsinin birgə əməkdaşlığı ilə “Sabahın tədqiqatçıları” layihəsi artıq start götürüb. Layihədə hal-hazırda 50 şagird müxtəlif mövzularda elmi tədqiqat işi aparırlar. Görülən işlərin və göstərilən dövlət qayğısının nəticəsidir ki, şagirdlərimiz ilk dəfə olaraq “Sabahın alimləri” IX Respublika müsabiqəsinə vəsiqə qazanıblar. Müsabiqə ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsi məqsədilə 11-13 fevral 2020-ci il tarixlərdə Bakı şəhərində keçirilən müsabiqədə Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin XI sinif şagirdləri Bağırov Siyavuş Mehdi oğlu, Qulusoy Araz Cavanşir oğlu “Ferma nöqtəsindən istifadə etməklə 3 qəsəbə arasında ən uyğun məntəqənin tapılması” və həmin məktəbin X sinif şagirdləri İsmayılova Fatimə Qalib qızı və İsmayılov Bəxtiyar Qalib oğlu “Yabanı tərəvəz bitkiləri - ən təmiz ekoloji məhsul” mövzusunda hazırladıqları layihələrlə muxtar respublikanı təmsil ediblər.

Müsabiqəyə Azərbaycan Respublikası üzrə Riyaziyyat, Fizika, Astronomiya, Kimya, Biologiya, Tibbi sağlamlıq, Ekologiya, ətraf mühitin idarə olunması, mühəndislik və komputer elmləri istiqamətləri üzrə 187 layihə təqdim olunmuşdur.

Müsabiqənin nəticələrinə uyğun olaraq Bağırov Siyavuş Mehdi oğlu və Qulusoy Araz Cavanşir oğlunun hazırladıqları layihə III yerə layiq görülmüşdür. 

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Mətbuat Xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR