22 Dekabr 2024, Bazar

Bədən tərbiyəsi və idman birbaşa insanların fiziki və mənəvi sağlamlığının, cəmiyyətin genofondunun qorunub saxlanılması və inkişaf etdirilməsi, milli potensialın və insan kapitalının səmərəli şəkildə reallaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edən sahələrdəndir. Bu sahənin gələcəyini düzgün proqnozlaşdırmaq, inkişaf strategiyası və meyillərini elmi-tarixi faktlar əsasında müəyyənləşdirmək baxımından onun tarixini hərtərəfli şəkildə dərindən öyrənmək və öyrətmək son dərəcə aktualdır. İdman tarixçilərinin bu istiqamətdəki hər bir addımı təqdirəlayiqdir. Bu baxımdan muxtar respublika hüdudlarından kənarda da yaxşı tanınan idmançı-müəllim Valeh Əlixanovun bu yaxınlarda işıq üzü görən “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın inkişaf tarixi” adlı kitabı əhəmiyyətliliyi ilə seçilir.
Yeni nəşrlə tanış olarkən bir daha belə bir qəti qənaətə gəlirsən ki, müstəqillik dövründə bədən tərbiyəsi və idman sahəsində qazandığımız uğurların təməlində dövlətimizin bu sahəyə diqqət və qayğısı, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş mükəmməl idman siyasəti dayanır. Ulu öndərin bu sözlərini dönə-dönə xatırlayırsan: “İdman, bədən tərbiyəsi müstəqil Azərbaycanın həyatında dövlət qayğısı ilə əhatə olunaraq, eyni zamanda həm gənclər üçün, həm də bütün cəmiyyətimiz üçün zəruri bir sahəyə çevrilibdir... Bizim millətimizin, xalqımızın fiziki sağlamlığı üçün, təkcə fiziki sağlamlığı deyil, zehni sağlamlığı üçün, sağlam gənc nəsil yetirməsi üçün çox gözəl əsasdır və biz hamımız bu sahəni bundan sonra daha da inkişaf etdirməliyik”.
Azərbaycanın bu gün dünya miqyasında idman dövləti kimi tanıdılmasında isə idmançılarımızın ən böyük himayəçisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tarixi xidmətləri yaşadığımız dövrün parlaq səhifələrini təşkil edir.
Vətənimiz Azərbaycanın ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvan diyarı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi altında bu gün özünün yüksək inkişaf və tərəqqi dövrünü yaşayır. Azərbaycan tarixində həmişə özünəməxsus yeri və rolu ilə seçilən bu diyar ölkə həyatının bütün sahələrində olduğu kimi, bədən tərbiyəsi və idman hərəkatında da öncüllüyü, inkişaf tempi və miqyası, əhatə dairəsinin genişliyi, kütləviliyi və peşəkarlığı, ənənələrə sadiqliyi və yeniliyə meyilliliyi, dönməzliyi və davamlılığı, sadalamadığımız onlarla digər keyfiyyət və məziyyətləri ilə həmişə diqqəti cəlb etmişdir.

Bütün bunlardan bəhs edən yeni nəşr haqqında danışmağa onun müəllifini tanıtmaqdan başlayaq. Valeh Əlixanov beynəlxalq dərəcəli hakim, SSRİ idman ustası, Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi, Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının müəllim-məşqçisi, Naxçıvan Dövlət Universitetinin Bədən tərbiyəsi və idman kafedrasının dosenti, onlarla gənc naxçıvanlını yetişdirib ölkə idmanına bəxş etmiş, muxtar respublika ümumtəhsil məktəbləri üçün yüzlərlə müəllim-məşqçi kadrların hazırlanmasında xüsusi əməyi olan bir müəllimdir.
Valeh Əlixanovun haqqında bəhs etdiyimiz kitabı Naxçıvanda “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi tərəfindən yüksək keyfiyyətlə nəşr edilmişdir. Naxçıvan Dövlət Universitetinin Elmi Şurası tərəfindən kitab dərs vəsaiti kimi nəşrə tövsiyə olunmuşdur. Vəsait, ilk növbədə, ali və orta ixtisas təhsili məktəblərində bədən tərbiyəsi və idman, habelə digər yaxın ixtisaslar üzrə bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. Kitabdan ixtisaslı müəllimlər, bədən tərbiyəsi və idman sahəsi ilə məşğul olan qurum və təşkilatlarda işləyən məsul şəxslər, tədqiqat işi aparanlar və idmanla yaxından maraqlananlar yararlana bilər.
11 fəsil, 54 bölmədən ibarət olan kitabda Naxçıvanda qədim dövrlərdən başlayaraq muxtariyyət yaranana qədər və sonrakı illərdə bədən tərbiyəsi və idmanın inkişafının bütün aspektləri, o cümlədən ayrı-ayrı idman növlərinin inkişaf tarixi izlənilir, bu sahələr üzrə qəbul edilmiş mühüm dövlət sənədləri yer alır, onlar müəllif tərəfindən ətraflı şərh olunur. Yeni nəşrdə ölkəmizin müxtəlif arxiv və muzeylərində, bəzi idman veteranlarının şəxsi arxivlərində qorunub saxlanılan mühüm sənədlər öz əksini tapıb. Naxçıvan idman məktəblərinin yetişdirdiyi idmançıların yerli və beynəlxalq yarışlardakı uğurları, bədən tərbiyəsi və idman işçilərinə verilən fəxri adlar və digər dövlət mükafatları haqqında, həmçinin idman qurumları və federasiyalara dair məlumatlar kitabın ayrıca bölməsində verilir. Son bölmədə isə xüsusilə müstəqillik dövründə idman sahəsində əldə edilmiş uğurlar, dövlətimiz tərəfindən ölkə miqyasında və muxtar respublikada idmanın inkişafı üçün yaradılmış maddi-texniki baza, o cümlədən Olimpiya İdman kompleksləri, respublika və regional əhəmiyyətli idman kompleksləri və stadionları haqqında statistik məlumatlar yer alıb. Bu illər ərzində ölkədə, xüsusilə Naxçıvanda keçirilən bütün beynəlxalq idman tədbirlərinə, bu tədbirlərdə qədim diyarın yetişdirdiyi idmançılara, onların uğurlarına vəsaitdə xüsusi yer ayrılıb.
Yeni nəşrin əsas məziyyəti ondan ibarətdir ki, müəllif tarixi faktları təkcə sadalamaqla kifayətlənmir, onları aydın, elmi dildə şərh edir. Əhəmiyyətlisi odur ki, o, kitabı yazarkən bir tərəfdən bu qəbildən olan vəsaitlərə verilən tələbləri, digər tərəfdən isə oxucunu, xüsusilə idmanı özünün həyat amalına çevirmək istəyən tələbə-gənci, onun yaşını, intellektual, mənəvi-psixoloji və fiziki imkanlarını nəzərə almışdır. Bu da, görünür, müəllifin uzun illər ərzində müəllim-məşqçi kimi qazandığı təcrübəsindən qaynaqlanır. Muxtar respublikada istənilən idman sahəsi üzrə zəruri tarixi məlumatları özündə ehtiva edən bu vəsaitin digər məziyyəti isə onun bu sahədə çalışan şəxslər üçün stolüstü kitab kimi zəruri mənbə rolunu oynamasındadır.
Sonda Valeh Əlixanovun “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın inkişaf tarixi” adlı kitabının dəyərli elmi-metodik nəşr kimi bu sahədə olan boşluğu dolduracağına, oxucularının yeni və sistemli bilgilərə olan tələbatını ödəyəcəyinə inanırıq.

Qurban Qurbanlı
Naxçıvan Müəllimlər İnstitutunun dosenti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR