Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə ötən aydan start verilmiş “Abituriyent – 2020: Buraxılış və qəbul imtahanları, ixtisas seçimi” mövzusunda növbəti seminar fevralın 6-da Babək Rayon Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəblərinin XI siniflərində təhsil alan şagirdlər üçün keçirilib.
Seminarda nazirliyin əməkdaşı Ayşən Əsgərova “2020-2021-ci tədris ili üçün bakalavriat səviyyəsi üzrə qəbul planı və 2020-ci ildə keçiriləcək qəbul imtahanının tarixləri”, Naxçıvan Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi Gülxanım Orucova “Buraxılış və qəbul imtahanlarına hazırlıq, ixtisas seçimi zamanı nələrə diqqət etməli”, Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbin psixoloqu Nubar Abdullayeva “Abituriyentlərə imtahanqabağı psixoloji dəstək” mövzularında çıxış ediblər. Çıxışlarda abituriyentlərə keçiriləcək imtahanlara psixoloji cəhətdən hazır olmaları, imtahan dövrü nələrə diqqət etmələri ilə bağlı məlumatlar verilib.
Qeyd olunub ki, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən 2020-ci ildə ali və orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanlarının təqvimi təsdiq olunub. Naxçıvanda IX siniflər üçün buraxılış imtahanlarının birinci mərhələsi martın 1-də, ikinci mərhələsi iyunun 14-də, XI siniflər üzrə isə buraxılış imtahanları aprelin 5-də keçiriləcəkdir.
Tədbirdə abituriyentlərə buraxılış və qəbul imtahanlarına səmərəli hazırlıq üsulları, nəticələrə uyğun düzgün ixtisas seçiminin aparılması qaydası izah edilib, muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri haqqında məlumatlar verilib.
Sonda suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti