“Gənclik” Mərkəzində yeniyetmələr arasında İntellektual Oyunlar Olimpiadasının Naxçıvan şəhər mərhələsi keçirilib.
Olimpiadanın təşkilində məqsəd yeniyetmələrin intellektual fəaliyyətə cəlb edilməsi, bu sahədə bilik və bacarıqlarının formalaşması, dünyagörüşlərinin stimullaşdırılması, onlar arasında bilik və elmin nüfuzunun artırılması, asudə vaxtlarının səmərəli təşkil edilməsidir.
Yarışlar başlanmazdan əvvəl Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov çıxış edərək oyunun mahiyyəti haqqında iştirakçılara məlumat verib və onlara uğurlar arzulayıb. Olimpiada çərçivəsində 3 intellektual oyun – “Xəmsə” , “Vətəni tanı” və “Poliqon” intellekt oyunları vahid turnir şəklində keçirilib.
Sonda “Poliqon” strateji intellekt oyununda “Araz” komandası I, “Qarabağ” komandası II, “Gəmiqaya” komandası III yeri qazanıblar. “Vətəni tanı” intellektual oyununda “Naxçıvan” komandası I, “Odlar yurdu” komandası II, “Günnüt” komandası III yerə layiq görülüblər. “Xəmsə” milli intellektual oyununda isə “Altay” komandası I, “Qarabağ” komandası II, “Zirvə” komandası III yerə çıxıb. Qalib komandalara təşkilatçılar tərəfindən diplom, komanda üzvlərinə isə fəxri fərmanlar və oxunması zəruri olan kitablar təqdim olunub.
Qeyd edək ki, qalib komandalar may ayında təşkil olunacaq İntellektual Oyunlar Olimpiadasının muxtar respublika birinciliyində Naxçıvan şəhərini təmsil edəcəklər. 100-dən çox yeniyetmənin iştirak etdiyi olimpiada Gənclər və İdman, Təhsil nazirliklərinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti