22 Dekabr 2024, Bazar

Naxçıvan şəhərində yerləşən “Kitab kafe”də Teodor Drayzerin “Dahi” romanının müzakirəsi keçirilib.
Əvvəlcə Gənclər və İdman Nazirliyinin şöbə müdiri Ayaz Cabbarov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən “Oxunması zəruri olan kitabların” siyahısına daxil olan əsərlərin təbliği ilə bağlı nazirlik tərəfindən bir sıra tədbirlər keçirilir. Belə tədbirlərin məqsədi gənc nəsildə vətənpərvərlik, tarixə, milli köklərə bağlılığın formalaşdırılması, onların kənar təsirlərdən qorunması üçün dünyagörüşünün zənginləşdirilməsi, dövlətə, dövlətçiliyə, Vətənə, xalqa bağlılıq hisslərinin, mütaliə vərdişlərinin aşılanması, intellektual səviyyələrinin yüksəldilməsi və asudə vaxtlarının səmərəli təşkil olunmasıdır.

Daha sonra AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, yazıçı Nərgiz İsmayılova çıxış edərək Teodor Drayzerin həyatı, yaradıcılığı və “Dahi” romanı haqqında ətraflı məlumat verib. Əsərin məziyyətlərindən danışan alim bildirib ki, dünya ədəbiyyatında realizmin ən görkəmli nümayəndələrindən olanTeodor Drayzer bu romanı yazmaqla insan həyatının mənasını təhlil edir, yaşam uğrunda mübarizəsini göstərir. Müxtəliftəbiətli, fərqli dünyagörüşlü çoxsaylı obrazlar yaradan yazıçı əsərini sadə bir rəssamın həyat tərzi, yaradıcılığı, uğuru, sənətkarın mənəvi faciəsi üzərində qurmaqla mükəmməl bir əsər yaradıb.
Sonra çay süfrəsi ətrafında kitabın müzakirəsi keçirilib, gənclər kitab haqqında öz fikir və təəssüratlarını bölüşüb, onları maraqlandıran suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 20 gənc iştirak edib.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR