22 Dekabr 2024, Bazar

2019-2020-ci tədris ilinin qış semestrində Naxçıvan Dövlət Universitetində imtahanlar gün ərzində 55-60 olmaqla, 1100-1200 tələbənin iştirakı ilə keçirilir. Tələbələr elektron qayda ilə yanaşı, yazılı qaydada da imtahan verirlər.
Yazılı imtahanların keçirilməsi üçün xüsusi nəzarət sistemi tətbiq olunan otaq ayrılıb. Bundan başqa, xüsusi qabiliyyət tələb edən ixtisaslarda imtahanların şifahi qaydada keçirilməsi nəzərdə tutulub. Şifahi imtahanlar müvafiq kafedralar tərəfindən razılaşdırılmış qaydada fakültə daxilində keçirilir. Semestr ərzində cəmi 22437 tələbənin iştirakı ilə 1263 sayda keçirilməsi planlaşdırılan imtahanların 515-i yazılı, 748-i isə elektron qaydada aparılır.

2012-ci ildən etibarən keçirilən elektron imtahanlar bu semestr 6 elektron və 6 yazılı olmaqla, kamera ilə təchiz edilmiş 12 otaqda keçirilir.
Yazılı imtahana 3-4, elektron imtahana isə 2 nəfər olmaqla, universitet əməkdaşlarından ibarət imtahan komissiyasının üzvləri nəzarət edirlər. İmtahanlara ümumi nəzarət üçün isə 6 nəfərdən ibarət imtahan qərargahı yaradılıb.
Qeyd edək ki, bu günədək elektron test üsulu ilə keçirilən imtahanlar şəffaflığın gözlənilməsi, tələbələrin öz biliklərini operativ şəkildə ortaya qoyması, obyektiv qiymətləndirmə baxımından böyük üstünlükləri ilə özünü doğruldub. İmtahan zallarında quraşdırılan veb-kameralar şəffaflığın ən bariz nümunəsi hesab oluna bilər. Tələbələr müəyyən olunmuş vaxt ərzində kompüterin köməyi ilə 50 sualı cavablandırır. Nəzarətçilər imtahanın başlaması və bitirməsi təsdiqləndikdən sonra tələbə imtahan nəticələri ilə bağlı məlumatı dərhal əldə edə bilir. Hər test sualı üçün 1 bal, yazılı imtahan üçün 10 ballıq qiymətləndirilmə tətbiq olunur.
Onu da vurğulayaq ki, imtahanların gedişində ciddi texniki problemlərə, xoşagəlməz hallara rast gəlinərsə, tələbənin şikayətinə baxılması və obyektiv həlli məqsədilə apellyasiya komissiyası yaradılıb. Gələcəkdə tədris edilən fənlərin keyfiyyətini daha da yüksəltmək üçün imtahan suallarının artırılması və təkmilləşdirilməsi nəzərdə tutulub.
Builki imtahanlarda əvvəlkilərdən fərqli olaraq tələbələr imtahanların yazılı və test üsulu ilə olması haqqında bilgilərlə əvvəlcədən tanış olur, daha rahat və asan hazırlaşmaq imkanı əldə edirlər. Qeyd olunan yenilik bir də ondan ibarətdir ki, tələbələr universitetin “Facebook” səhifəsində yerləşdirilən linkdən istifadə edərək imtahanın nəticələrini öyrənə bilir, universitetin saytında e-cədvəl bölməsinə daxil olmaqla, dərs, kollokvium, imtahan cədvəlləri, sualları və imtahan nəticələri barədə məlumat almaq imkanı qazanır. Eyni zamanda səhifədə yaradılan “Rektora müraciət” bölməsinə daxil olan hər bir tələbə imtahanlarla bağlı sual, təklif və ­şikayətlərini birbaşa rektora ünvanlaya bilir.

Səadət ƏLİYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR