Blokada şəraitində yaşayan və buna baxmayaraq, sürətlə inkişaf edən muxtar respublikamızın təhsil ocaqlarının göstəriciləri ölkə miqyasında seçilməkdə, ali məktəblərə qəbulun səviyyəsi ilbəil artmaqdadır. Nailiyyətlərin təməlində isə, heç şübhəsiz ki, təhsilə göstərilən dövlət qayğısı, təhsil ocaqları üçün yeni-yeni binaların inşa olunması, məktəblərimizin maddi-texniki bazasının gücləndirilməsi, bu işdə böyük fədakarlıq göstərən müəllimlərimizin əməyinin layiqincə qiymətləndirilməsi dayanır. Builki qəbul imtahanlarında muxtar respublikamızdan 312 abituriyent 500-700 intervalında bal toplayıb. Onlardan biri də Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbin məzunu Surə Qurbanovadır.
O, III ixtisas qrupu üzrə 690 bal toplayaraq Naxçıvan Dövlət Universitetinin hüquq ixtisasına qəbul olunub. Bu istedadlı gənclə görüşdük və onunla qəbul imtahanında qazandığı uğurun sevincini bölüşdük:
– Uşaqlıqdan ədalət tərəfdarı olduğumdan gələcəkdə ədalətli hüquqşünas olmaq istəmişəm. Orta məktəbdə dərslərimi əla qiymətlərlə oxuyurdum. Məktəbimizdə hər cür şərait var idi. Bu il fevralın 12-də məzunu olduğum məktəb üçün yeni binanın istifadəyə verilməsi böyük sevincimizə səbəb oldu. Açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bizə verdiyi tövsiyələr məni daha da ruhlandırdı. İmtahanlara az müddət qalmasına baxmayaraq, gücümü topladım. Demək olar ki, hər saatım oxumaqla keçirdi. Hədəfimə doğru ilk addımı atdım. Çox sevincliyəm. Üst-üstə iki sevincli xəbər aldım. İmtahanda 690 bal topladım. İkinci isə məktəbimiz 2012/2013-cü tədris ilində keçirilmiş müsabiqədə qalib oldu.
Bu günlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-2013-cü tədris ilində ümumtəhsil məktəblərini bitirmiş və ali məktəblərə qəbul imtahanlarında 500-700 arası bal toplamış tələbələrlə görüşünü həyatının ən unudulmaz günlərindən biri olduğunu bildirən Surə onu da qeyd etdi ki, hələ məktəbdə oxuduğum illərdə məktəbimizin məzunlarının belə görüşlərdə iştirak etdiklərini eşidirdim və bu görüşün mənə də qismət olmasını arzulayırdım. Yaradılan şəraitdən istifadə edərək bu arzuma çatdım. Görüşdə Ali Məclis Sədrinin dediyi bu sözlər yaddaşımdan silinməyəcək: “...Seçdiyiniz ixtisas üzrə yaxşı bilik almaq, peşə öyrənmək, ölkə və xalq üçün faydalı olmaq qarşınızda əsas fəaliyyət istiqaməti kimi dayanmalıdır. Ali təhsil almaqla və peşə öyrənməklə yanaşı, xalqımızın adət-ənənələrinə, milli dəyərlərinə, eləcə də ümumbəşəri dəyərlərə dərindən yiyələnməlisiniz. Bizim təhsilimizin məqsədi həm də yüksək mənəviyyatlı, vətənpərvər və ixtisaslı gənclər yetişdirməkdir. Unutmayın ki, Azərbaycanın gələcəyi sizə etibar olunacaqdır. Ölkəmizin rifahı üçün çalışmalı, müstəqil dövlətimizə, Vətənimizə və xalqımıza layiq mütəxəssislər kimi yetişməli, daim azərbaycanlı olmağınızla fəxr etməlisiniz”.
Azərbaycanın gələcəyi yüksək savada, intellektə və dünyagörüşünə malik vətənpərvər gənclərin əlindədir. İnanırıq ki, Surə özünün də dediyi kimi, gələcəkdə bacarıqlı mütəxəssis olmaqla dövlətinə layiqli xidmət edəcək. Bu yolda ona uğurlar arzulayırıq!
Sara ƏZİMOVA