Ötən ay onu Naxçıvan şəhərindəki 7 nömrəli tam orta məktəbin qarşısında əlində şəxsiyyət vəsiqəsi ilə həyəcanlı gördüm. İmtahan vermək üçün valideynlərindən xeyir-dua alırdı. Ona yaxınlaşıb imtahandan öncəki təəssüratlarına şərik oldum. Özünə güvəni sonsuz idi. Bunu dəfələrlə vurğuladı ki, mən Heydər Əliyev adına tam orta məktəbin məzunuyam. Bu təhsil ocağını bitirənlər böyük məsuliyyət daşıyırlar. Odur ki, mütləq yüksək nəticə qazanmalıyam.
Budur, Fatma İsmayılovanın tərcümeyi-halı, təhsildə qazandığı uğurlar, imtahanda əldə etdiyi nəticələr qarşımdadır. Ancaq bununla belə, özünü redaksiyamıza dəvət etdim. Onunla daha yaxından tanış olmaq istədim. Fatma İsmayılova 1996-cı ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbi qızıl medalla bitirib. Təhsil aldığı müddətdə Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri arasında keçirilən Azərbaycan dili və ədəbiyyat fənni üzrə olimpiadada birinci yerə layiq görülüb. Ən böyük arzusu ingilis dili ixtisası üzrə təhsil almaq olub. Bu arzusuna çatmaq üçün gecəsini gündüzünə qatan Fatma bu il III ixtisas qrupu üzrə imtahan verərək 687 bal toplayıb. Ali təhsil almaq üçün Azərbaycan Dillər Universitetinin ingilis dili ixtisasını seçib.
– Qəbul imtahanından belə yüksək nəticə gözlədiyini bilirdim. İmtahanın gedişi də göstərdi ki, arxayınçılığında özünə inamın əbəs deyilmiş…
– Sınaq imtahanlarında, adətən, 600-dən yuxarı bal toplayırdım. Amma qarşıma məqsəd qoymuşdum ki, qəbul imtahanında bundan yüksək bal toplayacağam. Valideynlərim, müəllimlərim – hamı mənə inanırdı. Sevinirəm ki, o inamı doğrulda bildim. Tələbə adına layiq görüldüyümü biləndə, ilk növbədə, müəllimlərimin, valideynlərimin nigaran baxışları gözlərimin önünə gəldi. Axı məndən yüksək nəticəni ilk olaraq onlar gözləyirdi. Onu da deməyi özümə borc bilirəm ki, məzunu olduğum Heydər Əliyev adına tam orta məktəbdə yaradılan şərait uğur qazanmağımın başlıca səbəblərindən biridir. Ümumilikdə isə muxtar respublikamızda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, məktəblərimizin müasir informasiya texnologiyaları, dərslik və bədii ədəbiyyatlarla təmin edilməsi biz şagirdləri daha yaxşı oxumağa həvəsləndirirdi.
Fatma İsmayılova onu da əlavə edir ki, avqustun 20-də 2012-2013-cü tədris ilində ümumtəhsil məktəblərini bitirmiş və ali məktəblərə qəbul imtahanlarında 500-700 arası bal toplamış tələbələrlə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin görüşü qurucu şəxsiyyətlə, liderlə keçirilən görüş idi. Orada çıxış etdim. Ali Məclis Sədrinin tələbə-gənclərin hərtərəfli inkişafına göstərilən qayğıkeş münasibətini həmin tədbirdə bir daha gördük. Bundan sonra da yaxşı oxumaqla göstərilən etimadı doğruldacağımıza söz verdik.
Fatma bu günlərdə ali təhsil almaq üçün Bakı şəhərinə yola düşəcək. İnanırıq ki, özünün də dediyi kimi, Naxçıvanda ona və onun kimi digər gənclərə göstərilən etimadı doğruldacaq. Sübut edəcək ki, bu qədim diyarda təhsilin müasir standartlar səviyyəsində olması üçün məqsədyönlü addımlar atılır. Bu sahənin inkişafına böyük qayğı göstərilir. Fatma bu qayğıya tələbəlik illərində yaxşı oxumaqla cavab verəcək, yüksəkixtisaslı gənc kadr kimi doğma yurdumuza qayıdacaq.
Sara ƏZİMOVA