Ötən il Naxçıvan Özəl Universitetinin bir qrup əməkdaşı Şimali Kipr Türk Cümhuriyyətinin Doğu Ağdəniz Universitetində olmuşdur. Əldə olunmuş razılaşmalara əsasən, Doğu Ağdəniz və Naxçıvan Özəl universitetləri arasında tələbə mübadiləsinin həyata keçirilməsi, Naxçıvan Özəl Universitetinin professor-müəllim heyətinin Doğu Ağdəniz Universitetində müntəzəm şəkildə keçirilən ixtisasartırma kurslarında iştirak edərək beynəlxalq dərəcəli sertifikat almaları nəzərdə tutulmuşdur.
Bununla əlaqədar olaraq, bu yaxınlarda universitetin tədris və elmi işlər üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəylinin rəhbərliyi ilə universitetin bir qrup əməkdaşı bir neçə istiqamət üzrə Doğu Ağdəniz Universitetində ixtisasartırma kurslarında iştirak etmişdir. İxtisasartırma kurslarında “Kurikulum və akkreditasiya”, “İKT-dən istifadənin yeni istiqamətləri”, “İngilis dilinin tədrisi metodikası” mövzularında seminarlar keçirilmişdir.
Səfər zamanı Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Dərviş Əroğlu Naxçıvan Özəl Universitetinin və Bakı Dövlət Universitetinin nümayəndələrini qəbul etmişdir.
Görüş zamanı Naxçıvan Özəl Universitetinin prorektoru, dosent İbrahim Kazımbəyli Naxçıvanın tarixini əks etdirən hədiyyəni Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinə təqdim etmişdir.
Qeyd edək ki, ixtisasartırma kurslarında iştirak edən 9 nəfərə beynəlxalq dərəcəli sertifikatlar təqdim olunmuşdur.
Nuray ƏSGƏROVA