Azərbaycan “Tədqiq və tətəbbö” cəmiyyətinin Naxçıvan şöbəsi 1925-ci ilin mart ayında yaradılmış, 1928-ci ilə kimi fəaliyyət göstərmişdir. Üç il ərzində Naxçıvan “Tədqiq və tətəbbö” cəmiyyəti bu qədim yurd yerinin tarixinin, mədəniyyətinin, folklorunun öyrənilməsi sahəsində böyük rol oynamışdır. Həmin dövrün siyasi mənzərəsinə nəzər yetirdikdə görülən işlərin nə qədər çətin və eyni zamanda dəyərli olduğunu görürük.
Belə ki, o dövrdə imperiya daxilindəki xalqlara cüzi də olsa verilmiş hüquqlar tamamilə boğulur, Vətən, millət naminə çalışan vətənsevər insanlara divan tutulurdu. Cəmiyyətin 2 may 1925-ci ildə keçirilən ilk iclasında cəmiyyətin qurulmasındakı məqsəd və bunun mahiyyəti haqqında Vəhab Həsənzadə və Məmmədhəsən Baharlı məlumat vermişlər. Sonra seçki yolu ilə cəmiyyətin idarə heyəti müəyyənləşdirilmişdir. Vəhab Həsənzadə sədr, Mirbağır Mirheydərzadə elmi katib seçilmişdir. Bu iclasda naxçıvanlı müəllim Həsən Səfərlinin 19 may tarixində Bakıda keçiriləcək “Tədqiq və tətəbbö” cəmiyyəti qurultayında yenicə yaranmış Naxçıvan şöbəsini təmsil etməsi qərara alınmışdır. Yaranan texniki çətinliklərə görə, cəmiyyətin ikinci iclası bir qədər yubadılır, təxminən üç ay yarımdan sonra, 17 avqustda keçirilir. Bu iclasda cəmiyyətin görüləcək işlərə dair iş planının tərtib edilməsi və büdcə məsələsi müzakirə edilir. İclasda cəmiyyətin fəaliyyətini maliyyələşdirmək üçün Azərbaycan Xalq Komissarlar Şurası Naxçıvan şöbəsindən və Azərbaycan “Tədqiq və tətəbbö” cəmiyyətindən yardım tələb edilməsi də təklif olunur. Həmçinin adıçəkilən iş planının tərtib edilməsi üçün Həmid Sultanlının rəhbərliyi ilə beş nəfərdən ibarət komissiya yaradılması qərara alınır. Qısa bir zamanda iş planı hazır olur və 6 sentyabrda keçirilən iclasda elmi katib Mirbağır Mirheydərzadə iclas iştirakçılarını planın mətni ilə tanış edir. Bu iclasda həmçinin cəmiyyət üzvlərinin siyahıya alınması və üzvlük haqlarının toplanması qərarına gəlinir ki, bununla da, büdcə məsələsi qismən də olsa həllini tapmış olur. Qurumun fəaliyyətini təkmilləşdirmək, daha da məhsuldar etmək üçün cəmiyyət nəzdində İctimai, iqtisadi və təbii; Arxiv işi; Mətnoqrafiya, tarix və ədəbiyyat komitələri yaradılır.
Cəmiyyətin uğurlarını keçirilən toplantılarda edilən bəzi çıxış və məruzələrlə tanış olduqda görür, imperiya daxilindəki türk xalqlarının vəziyyəti ilə qismən də olsa, tanış ola bilirik. 20 noyabr 1925-ci ildə Naxçıvan “Tədqiq və tətəbbö” cəmiyyətinin mühazirə iclasında cəmiyyətin fəallarından olan Həsən Səfərlinin “Türk dilinin mənşəyi və inkişafı” adlı məruzəsi yuxarıda deyilənlərə misal ola bilər. Həmçinin 5 dekabr 1925-ci ildə Naxçıvan “Tədqiq və tətəbbö” cəmiyyətində keçirilən mühazirə iclasında cəmiyyətin əməkdaşı Osmanovun “Türk millətinin ibtidai tarixi və dini təsəvvürləri” adlı məruzəsi də bu qəbildəndir. 1925-ci ilin dekabr ayında Azərbaycanda çağırılmış Türk Dünyası Qurultayının fəal iştirakçısı olması və bu çərçivədə aparmış olduğu elmi araşdırmalar da cəmiyyətin uğurlarındandır.
Cəmiyyətin mühüm fəaliyyət sahələrindən biri də Naxçıvanın qədim tarixinin tədqiqi olmuşdur. Bu məqsədlə elmi katib Mirbağır Mirheydərzadənin başçılığı ilə xüsusi komissiya təşkil edilmişdir. Bu komissiyanın qarşısında Naxçıvanın müxtəlif yerlərində arxeoloji qazıntılar aparmaq, dairələrə, mahal və kəndlərə getmək, orada yaşayan sakinlərlə görüşərək həmin yerlərin tarixini, mədəniyyətini, adət-ənənələrini, həyat tərzini və digər sahələri öyrənmək kimi bir çox tələblər qoyulmuşdur. Maddi çətinliklər və bu kimi başqa səbəblərdən bölgələrə nəzərdə tutulmuş səfərlərin bir qismini gerçəkləşdirmək mümkün olmasa da, ümumilikdə, cəmiyyətin bu sahədəki fəaliyyətini uğurlu hesab etmək olar.
Həmin komissiyanın ilk araşdırması tədqiqat baxımından aktuallığını bu gün də qoruyub saxlayan Xaraba Gilanda aparılmış araşdırmalardır. Bu iş üçün edilən ilk cəhd maddi çətinliklər və tədqiqat üçün tələb olunan elmi kadrların çatışmaması səbəbindən gerçəkləşdirilməmişdir. İkinci dəfə 1926-cı ildə aparılmış arxeoloji qazıntılarda çox əhəmiyyətli nəticələr əldə olunmuşdur.
Cəmiyyətin Şərur dairəsi də ətraf ərazilərdə geniş tədqiqatlar aparmış və tarixşünaslıq baxımından bu gün də çox əhəmiyyətli olan nəticələr əldə etmişdir. Belə ki, cəmiyyətin 18 may 1928-ci ildə keçirilən toplantısında Mirbağır Mirheydərzadənin bütün bu tədqiqatların nəticələrinə dair məruzəsində maraqlı faktlar öz əksini tapmışdır. Həmin məruzədə deyilənlərə görə, cəmiyyət Qıvraq, Qızılvəng, Qarabağlar və sair yerlərdə arxeoloji qazıntılar aparmışdır. Qızılvəngdən, Qıvraq və Qarabağlardan tapılan qədim saxsı qablar bu yerlərin ən qədim insan məskənlərindən olduğunu göstərir.
Cəmiyyətin çoxşaxəli fəaliyyət istiqamətlərindən biri də dairə, mahal və kəndlərə səfərlər edərək buradakı tarixi abidələrlə yerində tanış olmaq, bu yerlərin toponimikasını, yerli sakinlərin məişətini, adət-ənənələrini öyrənmək olmuşdur. Buna misal olaraq, o zamankı Əbrəqunus dairəsinin Xanağa, Camaldın kəndlərinə, Şərur dairəsinin Qarabağlar, Qıvraq və sair kəndlərinə edilən səfərləri göstərmək olar. Bundan əlavə, Şərur dairəsinin Qıvraq və Qarabağlar kəndlərində aparılan tədqiqatların nəticələrinə əsasən, hər iki kəndin əhalisinin Kəngərli tayfasına mənsub olduğu da M.Mirheydərzadənin adıçəkilən məruzəsində öz əksini tapmışdır. Həmin məruzədə yer alan bir başqa məqamsa bu bölgə insanlarının inanc yerləri haqqındadır. Qıvraq kəndinin yüzdən çox yaşı olan bir sakini heyət üzvlərinə deyir ki, bu kəndin şimal-şərqində olan xaraba bir yerdə üzəri yazılı daşlar olan qəbirlər var. Kənd əhli buranı çox əziz tutur və ziyarət edirlər. Məruzədə qeyd olunur ki, buna bənzər başqa bir məkan isə Qarabağlar kəndi yaxınlığındakı “Asnı” adlanan pirdir. Burada da bir neçə köhnə qəbir var. Kənd sakinlərinə istinad edən M.Mirheydərzadə bu pirin təkcə bu kənddə deyil, ümumiyyətlə, bölgə əhalisi arasında məşhur olduğunu və inanc yeri kimi daim ziyarət edildiyini söyləyir.
Bu dövrdə Naxçıvanda araşdırmalar aparmaq üçün Leninqraddan (Sankt-Peterburq) və Bakıdan gələn bir neçə elmi-tədqiqat qrupu Naxçıvan “Tədqiq və tətəbbö” cəmiyyəti üzvlərinin müşayiəti və yardımları ilə Naxçıvanda müxtəlif elmi araşdırmalar aparmışdır.
Bütün problemlər və çatışmazlıqlara baxmayaraq, cəmiyyətin qısa bir müddətdəki fəaliyyətini kifayət qədər uğurlu hesab etmək olar.
Turan HƏŞİMOV
Naxçıvan Muxtar Respublikası
Dövlət Arxivinin əməkdaşı