Cari ilin 11-18 avqust tarixlərində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “VII Liderlik Məktəbi-Nəqşicahan” layihəsinin təlimləri yekunlaşıb.
Avqustun 17-də keçirilən bağlanış mərasimində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov layihədə iştirak etmiş tələbələrlə görüşüb. Görüş ərzində Şahin İsmayılov tələbələrə ittifaqın gələcək layihələri haqqında məlumat verib və onları bu layihələrdə aktiv iştirak etməyə çağırıb. Layihə ərzində keçirilən təlimlər əsasında imtahan verən və uğurlu nəticə göstərən tələbələrə sertifikatlar təqdim olunub. Həmin gün tələbələr Naxçıvan Dövlət Universitetinin ərazisi və onun maddi-texniki bazası ilə tanış olub, bu ali təhsil ocağında tələbələr üçün yaradılan şərait barədə məlumatlandırılıblar. “VII Liderlik Məktəbi-Nəqşicahan” layihəsinin iştirakçılarına – Azərbaycanın müxtəlif regionlarındakı ali və orta ixtisas təhsili müəssisələrinin I və II kurs tələbələrinə 1 həftə ərzində sosial media, layihənin yazılması və idarə olunması, etiket və liderlik təlimləri keçilib.
Xatırladaq ki, indiyə kimi adıçəkilən ittifaq 6 liderlik məktəbi keçirib və bu liderlik məktəblərində 600-dən çox tələbə iştirak edib. Bu layihə ərzində tələbə gənclərdən əldə olunmuş yeni ideyaların və təkliflərin ATGTİ tərəfindən həyata keçirilməsi nəzərdə tutulub.
Səbuhi HÜSEYNOV