22 Dekabr 2024, Bazar

Bu ilin birinci yarısında Azərbaycan Təhsil Şəbəkəsinə 360-dan çox ümumtəhsil məktəbi qoşulub. Şəbəkə hazırda respublikanın 3 min 186 ümumtəhsil məktəbini əhatə edir. Ölkə üzrə şagirdlərin 93 faizi, müəllimlərin isə 89 faizi internetlə təmin olunub.

Təhsil Nazirliyindən bildiriblər ki, Azərbaycan Təhsil Şəbəkəsi ölkənin ümumi təhsil müəssisələrini, eləcə də təhsil sahəsində dövlət siyasətini həyata keçirən qurumları vahid şəbəkədə birləşdirən ən geniş intranet şəbəkəsidir. Layihənin icrasına 2008-ci ildə “2008-2012-ci illər üzrə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılmasına dair Dövlət Proqramı” çərçivəsində başlanılıb. Azərbaycan Təhsil Şəbəkəsinin təqdim etdiyi başlıca imkanlar internetə yüksək sürətli çıxışın təmin olunması, internetin zərərli məzmunlardan süzgəclənməsi, intranet şəbəkəsinin qurulması və intranet üzərindən rabitənin (IP telefoniya, videokonfrans) təşkili, eləcə də şəbəkə və avadanlıqlara texniki dəstək xidmətinin göstərilməsidir.

Azərbaycan Təhsil Şəbəkəsi ölkədə tədris prosesini daha səmərəli qurmağa imkan yaratmaqla yanaşı, məsafədən asılı olmayaraq, təhsildə müsbət təcrübənin yayılmasını təmin edir. Artıq ucqar yaşayış məntəqələrindəki məktəblərin müəllim və şagirdləri də Azərbaycan Təhsil Şəbəkəsi vasitəsilə müvafiq elektron resurslardan istifadə edə bilirlər. Şəbəkə çərçivəsində təhsil müəssisələrinə təqdim edilən internet avtomatik rejimdə bütün növ zərərli və tədris prosesinə aid olmayan məzmunlardan təmizlənərək şagirdlərin ixtiyarına verilir. Bu isə öz növbəsində, uşaq psixikasının internetin zərərli təsirlərindən qorunması ilə yanaşı, tədris prosesində şagirdlərin diqqətinin yalnız faydalı məzmunlar üzərində cəmləşməsinə xidmət edir.

AZƏRTAC

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR