22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası ilə əlaqədar oktyabr ayının 30-31-də Naxçıvan Dövlət Universitetinin Sosial idarə­etmə və hüquq fakültəsinin hüquqşünaslıq, dövlət və bələdiyyə idarə­etməsi ixtisaslarının II kurs tələbələri Ədliyyə Nazirliyində təcrübə keçiblər. İki gün ərzində tələbələr təcrübə müddətində bu qurumların iş fəaliyyəti ilə tanış olub, gündəlik iş prosesində iştirak edib, maraqlandıqları sahələr barədə ətraflı məlumat alıblar.

Universitetin Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə II kurs tələbələri nazirliyin Bələdiyyələrlə iş mərkəzində və Əliabad bələdiyyəsində onlara mərkəzin fəaliyyət istiqamətləri barədə geniş məlumat ­verilib.
Tələbələr Əliabad bələdiyyəsinin gündəlik iş prosesi ilə tanış olublar.
Hüquqşünaslıq ixtisası üzrə tələbələr isə nazirliyin Penitensiar Xidmətində, Məhkəmə Ekspertizası Mərkəzində, İcra və probasiya şöbələrində təcrübə keçiblər. Onlara burada xidmətin əsas fəaliyyət istiqamətləri, cəzaçəkmə müəssisəsinin rejim növləri barədə ­ətraflı məlumat verilib.
Məhkəmə Ekspertizası Mərkəzində tələbələrə praktik olaraq ballistik ekspertizaların keçirilməsi ilə bağlı xət­şünaslıq üzrə aparılan ekspertiza və saxta sənədlərin, pul nişanlarının aşkar edilməsi, daktiloskopiya sahəsində müxtəlif təcrübəvi işlər aparılması haqqında məlumat verilib. Fiziki-kimyəvi laboratoriyada isə onlar narkotik vasitələrin tədqiqatlarının aparılması üçün nəzərdə tutulan avadanlıqla tanış olublar.
Daha sonra tələbələr nazirliyin İcra və probasiya şöbəsində probasiya sahəsi üzrə müasir elektron izlənmə nəzarət sisteminin iş prinsipini öyrəniblər. Bununla yanaşı, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsində iş prosesində də iştirak ediblər.
Hər iki ixtisas üzrə tələbələr nazirliyin kitabxanasında da olublar.
İkigünlük təcrübənin sonunda nazirlikdə tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Ədliyyə nazirinin müavini, ədliyyə müşaviri Emin Səfərov çıxış edərək bildirib ki, belə tədbirlər tələbələrin ədliyyə sahəsi üzrə nəzəri biliklərini praktik şəkildə mənimsəmələrinə müsbət ­təsirini göstərir.
Ədliyyə müşaviri, ekspert qrupunun rəhbəri Səttar Zamanov “İdeyadan başlanğıca” layihəsinin icrası istiqamətində nazirlikdə görülən işlər, eləcə də startup.nakhchivan.az internet portalı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sonra tələbələrin sualları cavablandırılıb.

Pərviz HACILI

*  *  *

Dünən Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində Naxçıvan Dövlət Universitetinin komitənin hamiliyinə verilmiş müvafiq ixtisaslarında təhsil alan tələbələrlə görüş keçirilib. Tədbiri giriş sözü ilə komitənin sədri Müslüm Cabbarzadə açaraq tələbələrə Naxçıvan Muxtar Respublikasında dövlət torpaq idarəçiliyi sahəsində keçilmiş yol və qarşıda duran vəzifələrlə bağlı geniş məlumat verib.
Komitə sədri hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələrin bacarıqlı mütəxəssis kimi formalaşması, yeni ideyaların üzə çıxarılması, yaradıcı düşüncənin inkişaf etdirilməsi istiqamətində qarşıda duran vəzifələri tədbir iştirakçılarının diqqətinə ­çatdırıb.
Tədbirdə komitə əməkdaşlarından Nurlan Fətəliyevin “İnnovativ ideyalar əsasında yeni layihələrin işlənməsi”, Cəfər Əliyevin “Müasir torpaq idarəçiliyində geodeziyanın rolu” mövzularında çıxışları dinlənilib.
Görüş zamanı hamiliyə verilmiş ixtisaslara yeni qəbul olunmuş tələbələrin innovativ ideyaları dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. Sonda tələbələr komitədə iş prosesi, müasir geodeziya-ölçü avadanlıqları ilə tanış olublar.

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və
Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR