22 Dekabr 2024, Bazar

Oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin birgə təsis etdikləri Qarabağ Araşdırmalar Mərkəzində “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin könüllüləri üçün “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri” proqramı üzrə növbəti qısamüddətli kurslara start verilib.

Kursun ilk dinləyiciləri Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər ixtisasının tələbələri olublar.

Tədbiri giriş sözü ilə açan “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini, professor Elçin Əhmədov kurslar haqqında ətraflı məlumat verib. O bildirib ki, kursların keçirilməsində məqsəd son iki əsrdə ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılmasına və bir daha belə halların təkrar olunmamasına çalışmaqdır. Bununla yanaşı, bu kursların keçirilməsinin ideyası gənclərin maarifləndirilməsi və vətənpərvərlik ruhunun artmasına kömək olmaqla yanaşı, eləcə də Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin daha çox məlumatlandırılması istiqamətində Azərbaycan dövlətinin apardığı mühüm işlərə töhfə verməkdir.

Proqram üzrə Azərbaycanda bu sahədə tanınmış alimlər və ekspertlər “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin tarixi kökləri”, “Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi və onun nəticələri”, “XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı təcavüzü (1905-1906)”, “Azərbaycanlıların soyqırımı (1918-1920-ci illər)”, “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları DQMV-nin yaradılması və onun nəticələri (1918-1923)”, “Sovet dövründə Ermənistanın Azərbaycana ərazi iddiaları və azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin nəticələri (1945-1985)”, “XX əsrin 80-ci illərinin sonunda Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzünün nəticələri (1988-1993)”, “Millətlərin öz müqəddəratını təyin etmə və ərazi bütövlüyü prinsipləri: Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və beynəlxalq hüquq kontekstində”, “Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti. Xocalı soyqırımı” və “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində Azərbaycanın dövlət siyasəti” mövzularında elmi mühazirələr oxuyacaqlar.

 Sonra Proqram üzrə “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin tarixi kökləri” mövzusunda ilk mühazirəni Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov oxuyub.

Yaqub Mahmudov bildirib ki, strateji baxımdan böyük əhəmiyyətə malik olan Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən çoxlu sayda erməni əhalisinin köçürülməsinə XIX əsrin əvvəllərində başlanıb. Erməni millətçilərinin təcavüzkar siyasəti nəticəsində təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə soyqırımı və etnik təmizləmələrə məruz qalıblar.

O qeyd edib ki, 1918-1920-ci illərdə ermənilər tərəfindən Azərbaycanın Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran bölgələrində və başqa ərazilərində azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla həyata keçirilib. Ermənilərin azərbaycanlılara qarşı törətdiyi qanlı faciələrin daha dəhşətlisi 1918-ci il 31 mart və 1-2 aprel tarixlərində törədilmiş soyqırımı hadisələridir. Belə ki, həmin günlərdə təkcə Bakıda 12 min azərbaycanlı qətlə yetirilib. Aprel və may aylarında ermənilər Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlını xüsusi qəddarlıqla öldürüb. Eyni zamanda, Zəngəzur qəzasında 10 min, Şamaxı qəzasında 8 min, Quba qəzasında 16 min, İrəvan quberniyasında isə 132 min azərbaycanlı amansızlıqla qətlə yetirilib. Tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən bu vəhşiliklər törədilərkən məktəblər, məscidlər yandırılıb, maddi-mədəniyyət nümunələri məhv edilib.

Akademik Yaqub Mahmudov vurğulayıb ki, XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər xaricdəki himayədarlarının köməyilə “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər. Monoetnik dövlət yaratmağa nail olan Ermənistan silahlı qüvvələri ona himayədarlıq edən dövlətlərin köməyindən istifadə edərək, Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənarda yerləşən və onun ərazisindən 4 dəfə böyük olan ətraf 7 rayonu - Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal etdilər. Bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti də kütləvi qırğınlarla müşayiət olunub.

Erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin əsl mahiyyəti ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanıb, bu hadisələrə siyasi-hüquqi qiymət verilib. Bununla yanaşı, azərbaycanlılara qarşı zaman-zaman törədilmiş soyqırımı ilə əlaqədar ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil, olmayıbdır və olmayacaqdır” fikrini dəfələrlə irəli sürməsi ölkəmizin milli mənafelərinin qorunması şərti ilə Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll ediləcəyinə ümidləri daha da artırıb. Hər zaman olduğu kimi, dövlətimizin başçısının apardığı bu siyasət dəstəklənərək, Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində keçirilən tədbirlərin coğrafiyası genişləndirilir. Ermənistanın beynəlxalq aləmdə ifşa olunmasına nail olmaq üçün bütün qüvvələrimizi birləşdirərək bundan sonra da daha çox çalışmalı, dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycanın üçrəngli bayrağının Şuşada, Xankəndidə və işğal edilmiş digər torpaqlarda dalğalanmasına nail olmalıyıq.

Kurslar 2 həftə müddətində davam edəcək, sonda dinləyicilərə sertifikatlar təqdim olunacaq.

Xəbərlər şöbəsi

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR