AMEA Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Yaşar Rəhimovun “Naxçıvan: siyasi və sosial-iqtisadi tarixinə dair” (XIX-XX əsrin əvvəlləri) monoqrafiyasının təqdimatı keçirilib.
Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək bildirib ki, Azərbaycan tarixinin XIX-XX əsrlər dövrünün tədqiqi tarixşünaslığımızda mühüm elmi istiqamətlərdən biridir. Nəşrdə bu istiqamətdə tədqiqatlar aparılıb və həmin dövrlərdə Naxçıvanın sosial-iqtisadi, siyasi tarixinin vəziyyəti araşdırılıb. Monoqrafiyada tanınmış tarixçi alimlərin, rus müəlliflərin və qafqazşünasların əsərlərinə, o cümlədən arxiv sənədlərinə istinad edilib.
Akademik XIX əsrdə ermənilərin Naxçıvana köçürülməsi və onun nəticələri, ermənilərin ərazi iddialarının əsassızlığı, əsrin sonlarında regionun kənd təsərrüfatının vəziyyəti və sair məsələlərin də nəşrdə tədqiq edildiyini deyib.
Tədbirdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Yeni və ən yeni tarix şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev, Antik və orta əsrlər arxeologiyası şöbəsinin müdiri, dosent Toğrul Xəlilov və Naxçıvan Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Qadir Əkbərov çıxış edərək nəşr haqqında fikirlərini bölüşüb, müəllifə elmi fəaliyyətində uğurlar arzulayıblar.
AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi