İntellektual idman növü kimi şahmatın inkişafına muxtar respublikamızda ciddi diqqət yetirilir. Bu məqsədlə şəhər və rayonlarda şahmat məktəbləri tikilərək istifadəyə verilib, həmin məktəblərin maddi-texniki bazası gücləndirilib. Eyni zamanda müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunmuş şahmat məktəblərində interaktiv dərslərin təşkili üçün hər cür şərait yaradılıb.
Ümumtəhsil məktəblərində şahmat dərslərinin tədrisi səviyyəsinin artırılması, uşaq-gənclər şahmat məktəblərinin fəaliyyətinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi də diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Şahmat Federasiyası ilə birlikdə hər ay interaktiv şahmat məşğələlərinin təşkil edilməsi də bunun ifadəsidir.
Həmin tədbirlərin davamı olaraq dünən Naxçıvan Şahmat Mərkəzində “Açıq debütlərin izahlı təhlili” mövzusunda növbəti interaktiv dərs keçilib. Dərs beynəlxalq dərəcəli hakim, Naxçıvan Şahmat Mərkəzinin direktoru Emin Hacıyev tərəfindən aparılıb.
İnteraktiv şahmat məşğələsi saat 1100-da ümumtəhsil məktəblərinin şagirdləri üçün keçilib. Bununla yanaşı, 1200-da ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər üçün “Elektron vəsaitlərdən istifadə” mövzusunda seminar, saat 1500-da isə “Siciliya müdafiəsi, oyunların təhlili” mövzusunda rayon şahmat məktəbləri ilə keçilən interaktiv dərsdə muxtar respublika şahmatçılarının oyunları təhlil edilib.
İnteraktiv dərs 200-dən artıq təhsil müəssisəsində şagird və müəllimlər, şahmat məktəblərində isə 200-dən çox şahmatçı tərəfindən elektron lövhə vasitəsilə izlənilib. İnteraktiv dərs zamanı şahmatçıları maraqlandıran suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti