Naxçıvan Müəllimlər İnstitutu elm və təhsilin bütün sahələrində yüksək nailiyyətlər əldə etməkdədir. Beynəlxalq əlaqələrin inkişafı və əcnəbi tələbələrin qəbulu institutun qarşıya qoyduğu mühüm məsələlərdən biri kimi daim diqqət mərkəzində saxlanılır. Ölkəmizdə və xaricdə təşkil olunan müxtəlif elm və təhsil tədbirlərində iştirak etmək də bu fəaliyyətin bir istiqamətini təşkil edir.
Bu günlərdə institutun iştirak etdiyi belə tədbirlərdən biri dünyanın ən böyük təhsil sərgilərindən olan Akare Beynəlxalq Təhsil Sərgisi olmuşdur. 11-13 oktyabr 2019-cu il tarixlərdə Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində keçirilmiş bu növbəti təhsil sərgisində Naxçıvan Müəllimlər İnstitutunu Nicat Yaqubov təmsil edib.
Qeyd edək ki, ABŞ, İngiltərə, Avstraliya, Kanada və başqa ölkələrin nüfuzlu universitetlərinin təmsil olunduğu sərgi, ümumilikdə, 30 fərqli ölkədən 200 universitet və təhsil qurumunun iştirakı ilə keçirilib.
Sərgi zamanı instituta müraciət şərtləri, təhsil haqqı, ölkənin təhsil sistemi və sair haqqında iştirakçılara ətraflı məlumat verilib, çoxsaylı müraciətlər cavablandırılıb.
Sərgidə, eyni zamanda institutun bakalavriatura, magistratura və doktorantura proqramları haqqında ətraflı məlumat verilib. Bununla yanaşı, sərgi müddətində institutun gələcək beynəlxalq əlaqələrinin inkişafı baxımından məsləhətləşmələr aparılıb.
Naxçıvan Müəllimlər İnstitutunun
mətbuat xidməti