AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədova nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunan məqalələrinin səviyyəsinə, aktuallığına görə Sinqapurun “Materialşünaslığın tədqiqi və tətbiqi” beynəlxalq jurnalının redaksiya heyətinə üzv seçilib.
Gənc alim Naxçıvan Muxtar Respublikasının təbii mineralı – seolitlə bağlı müasir analiz metodlarından istifadə etməklə yüksək nailiyyətlər əldə edib. Apardığı mühüm elmi-tədqiqat işlərinin nəticələri dünyanın bir neçə xarici ölkələrinin nüfuzlu beynəlxalq jurnallarında rus və ingilis dillərində işıq üzü görüb. Onun seolitlərin tətbiq sahələrindən, onların alınma şəraitindən və müxtəlif quruluş tipli seolitlərin sintezindən bəhs edən kitab və monoqrafiyaları ölkə və xarici nəşriyyatlarda çap olunub.
Qeyd edək ki, Günel Məmmədova İngiltərənin Kembric Skolars Pablişinq Nəşriyyatının “Qeyri-üzvi kimya” jurnalının məsləhətçi redaksiya heyətinin, “Yeni Universitet” (Rusiya), həmçinin “Müasir fizikanın Amerika jurnalı” və “Qeyri- üzvi kimya” beynəlxalq jurnalının redaksiya heyətinin üzvüdür.
AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi