25 Dekabr 2024, Çərşənbə

Bu bir həqiqətdir ki, yüksək savada və zəngin pedaqoji təcrübəyə malik olan müəllimlərə sahib cəmiyyətlər daim inkişaf edir. Bu cəhətdən Azərbaycan xalqını xoşbəxt xalq hesab etmək olar. Çünki bizim ölkəmizdə belə müəllimlər kifayət qədərdir. Dövlətimiz isə həmin müəllimlərin əməyini yüksək qiymətləndirir, onları dövlətin ali təltiflərinə layiq görür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 6 avqust tarixli sərəncamları ilə 2012-2013-cü tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrində müvəffəqiyyət qazanan ümumtəhsil məktəbləri və müəllimlərin mükafatlandırılması sözügedən təltifə bariz nümunədir. Həmin müsabiqənin qalibləri sırasında muxtar respublikada fəaliyyət göstərən məktəblərin və bir qrup müəllimin də adlarının olması bizə ikiqat sevinc bəxş etdi. Müsabiqədə fərqlənən müəllimlərlə görüşüb onları təbrik etdik, həmin təhsil işçiləri ilə həmsöhbət olduq.
Yunis QULİYEV – Şahbuz rayon Kükü kənd tam orta məktəbinin müəllimi: – 38 ildir, müəllim işləyirəm. Bu illərdə müxtəlif mükafatlara layiq görülmüşəm. Bu təkcə mənim deyil, məktəb kollektivinin uğuru, ümumiyyətlə, Şahbuz rayonunda təhsilə verilən yüksək qiymətin nümunəsi kimi dəyərləndirilir. “Ən yaxşı müəllim” adına layiq görüldüyümə görə məni yüzlərlə ziyalı, müəllim, ağsaqqal, məktəb kollektivləri təbrik edir. Təbii ki, bu, bir müəllim üçün böyük xoşbəxtlikdir. Bunun üçün dövlətimə minnətdaram. Bundan sonrakı fəaliyyətimdə də gənclərimizin təhsilli, vətənpərvər, Azərbaycana layiq gənclər kimi tərbiyə olunması üçün var gücümü sərf edəcək, göstərilən qayğıya əməli işimlə cavab verməyə çalışacağam.


Dilrubə MƏMMƏDZADƏ – Culfa rayon Kırna kənd tam orta məktəbinin müəllimi: – 1995-ci ildən ixtisasım üzrə Kırna kənd tam orta məktəbində ibtidai sinif müəllimi işləyirəm. Bu illər ərzində günü-gündən yeniləşən və dəyişən həyatımızda hər bir dərsimə yeni düşüncə tərzi ilə yanaşaraq təcrübəli sinif müəllimi kimi yetişmişəm. Çalışacağam ki, bundan sonra da bilik və bacarığımı gənc nəslin yaxşı təhsil almasına sərf edim. Mən fəxr edirəm ki, bir vaxtlar əllərindən tutub “Ana”, “Vətən” kəlməsini yazdırdığım şagirdlərin çoxu ali təhsil almış və bu gün müxtəlif idarə və müəssisələrdə fəaliyyətlərini davam etdirirlər. Mən tədris prosesində yeni təlim metodlarından istifadə etməklə dərsimi müasir dövrün tələbləri əsasında qurmağa çalışıram. Bu gün müstəqil Azərbaycan sürətlə inkişaf edir. Bu inkişaf Azərbaycanın təhsil sistemində də özünü göstərməkdədir. Haliyədə kəndimizdə yeni 3 mərtəbəli məktəb binası tikilir. Bu da dövlətimizin təhsilə göstərdiyi qayğının bariz nümunəsidir. Biz müəllimlərin də əməyinin qiymətləndirilməsi, bu ada layiq görüldüyüm üçün dövlətimizə minnətdaram. Onu da deyim ki, bu il mən ikiqat sevinc yaşayıram. Kiçik oğlum bu il 615 bal toplayaraq bizi sevindirdi.
Rza SEYİDOV  – Sədərək rayon Heydərabad qəsəbə tam orta məktəbinin müəllimi: – 1985-ci ildən pedaqoji fəaliyyətlə məşğul oluram. İbtidai siniflərə dərs deyirəm. Bu il sinfim üçüncü sinfə qədəm qoyub. Mən hər zaman işimin məsuliyyətini dərindən dərk etmişəm. Çünki şagirdlərin biliklərə yiyələnməsinin təməli ibtidai siniflərdə qoyulur. Sevinirəm ki, indiyə kimi dərs dediyim şagirdlər təhsildə uğur qazanıblar. Əməyimin dövlətimiz tərəfindən yüksək qiymətləndirilməsi isə məni dünyanın ən xoşbəxt insanlarından biri edib. Bundan sonra üzərimizə daha da böyük məsuliyyət düşür. İnsan bir də özünü o vaxt xoşbəxt sanır ki, başqaları üçün xeyirxah işlər görür, Vətəni, xalqı üçün yararlı bir vətəndaş olduğunu hiss edir, onun əməyini dövləti qiymətləndirir. Mən də bu xoşbəxt insanlardanam ki, müsabiqənin qalibi olmuşam.
Mənə göstərilən bu diqqət və qayğıya görə dərin minnətdarlığımı bildirirəm. Söz verirəm ki, fəaliyyət göstərdiyim təhsil ocağında əsl vətənpərvər, dövlətini, xalqını, torpağını sevən savadlı, intellektli nəslin yetişməsində savadımı, bacarığımı və var qüvvəmi əsirgəməyəcəyəm.
Rəsmiyyə SEYİDOVA  – Kəngərli rayon Qarabağlar kənd tam orta məktəbinin müəllimi: – Müqəddəs məbədgah sayılan məktəbdə insanlar həyatda düzgün yol tutmağı, mənsub olduğu xalqın inkişafında fəal iştirak etməyi öyrənir, bilik, savad qazanır. Məhz buna görədir ki, muxtar respublikamızda da təhsilə qayğı yüksək səviyyədədir. Son illərdə muxtar respublikamızın müxtəlif ünvanlarında yeni məktəb binalarının tikilərək və ya yenidən qurularaq istifadəyə verilməsi təhsilə ayrılan xüsusi diqqətin ifadəsidir. Bu da məktəbdə aparıcı sima olan müəllimləri öz vəzifə borclarına məsuliyyətlə yanaşmalarına, elmin sirlərini öyrətdikləri şagirdləri həm də dövlətçiliyimizə, müstəqilliyimizə məhəbbət ruhunda tərbiyələndirməyə səfərbər edir. Müəllimlərimiz yaradılmış şəraitdən dolğun və səmərəli istifadə etməyə səy göstərir, ildən-ilə uğurlarını artırırlar. Onların çəkdikləri zəhmət də əvəzsiz qalmır. Bu günlərdə fərqlənərək mükafata layiq görülən müəllimlər sırasında mən də varam. Bu diqqət və qayğıya görə dövlətimizə öz minnətdarlığımı bildirirəm.

Hazırladı: Sara ƏZİMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR