Terrorizm beynəlxalq təhlükəsizliyi, bəşəriyyətin dinc həyat tərzini hədələyən qlobal problemlərdən biridir. Gənc tədqiqatçı-alim, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Şamxal Məmmədovun bu yaxınlarda işıq üzü görmüş “Erməni terrorizmi və ikili standartlar siyasəti” adlı monoqrafiyası beynəlxalq terror şəbəkəsinin ən təhlükəli tərkib hissələrindən biri olan erməni terrorizminin iç üzünün açılmasına həsr olunmuşdur.
Monoqrafiyada, bütövlükdə, terrorizmin, günümüzdə onun ən fəal dəstələrindən olan erməni terrorizminin fəaliyyəti, erməni terrorizminə münasibətdə beynəlxalq aləmdə yürüdülən ikili standartlar siyasəti, bu siyasətin səbəb və nəticələri araşdırılmışdır.
XX əsrdə dörd dəfə müxtəlif səviyyələrdə beynəlxalq güclər, ayrı-ayrı dövlətlər tərəfindən gizli və ya aşkar dəstəklənən ermənilər tərəfindən soyqırımı və deportasiyaya məruz qalan Azərbaycan xalqı yaşadığımız əsrin ötən dövründə də mənfur erməni terrorizminin acı nəticələrini yaşamaqdadır. Torpaqlarımızın 20 faizi terrorizmi dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistan tərəfindən işğal olunmuş, bu təcavüz nəticəsində bir milyondan artıq soydaşımız öz yurd-yuvasından didərgin salınmışdır. Məhz bu baxımdan monoqrafiyada, bütövlükdə, beynəlxalq terrorizmin tarixi, onun şəbəkəyə çevrilməsi prosesi, erməni terrorizminin tarixi keçmişi və bu günü haqqında verilən məlumatlar çox aktualdır.
Müxtəlif illərdə yaradılmış Daşnaksütyun, Qnçaq, Ramkavar, ASALA, JSAG, ASOA, “Erməni soyqırımı qisasçıları”, “Erməni ittifaqı”, “Kamikadze eskadronu”, “Dro”, “Qeqaron”, “Apostol” və digər bu qəbildən olan erməni terrorçu təşkilatları məhz beynəlxalq ikili standartlar siyasətindən ruhlanaraq günümüzdə də öz fəaliyyətlərini açıq-aşkar davam etdirməkdə və genişləndirməkdədirlər. Kitabda erməni ruhanilərinin, erməni siyasi elitasının, diasporunun, habelə terrora havadarlıq edən digər qüvvələrin bu fəaliyyətdə oynadıqları rol geniş şəkildə təhlil edilmişdir.
Müəllif əsərdə erməni terrorunun ümumi səciyyəsini verərək onun əsas siyasi hədəflərini, maliyyə qaynaqlarını və dünyanın müxtəlif regionlarında qanlı cinayətlər törətmiş digər terrorçu təşkilatlarla qarşılıqlı əlaqələrini müəyyənləşdirməyə müvəffəq olmuşdur. Bu, artıq faktdır ki, dünyanın aparıcı ölkələrində güclü maliyyə mənbəyi olan erməni diasporu və lobbisi formalaşmışdır. Məhz bu diasporun apardığı təbliğat nəticəsində Argentina, Uruqvay, İtaliya, İsveç, Slovakiya, Kanada və sair kimi bir neçə ölkədə, ABŞ-ın bir çox ştatlarında guya 1915-ci ildə Türkiyədə törədilən “erməni soyqırımı”nın tanınmasına da nail olmuşlar. Hətta 2004-cü ilin dekabrında Avropa Birliyinin Brüssel müşavirəsi Türkiyənin bu təşkilata daxil olması üçün iki şərt irəli sürmüşdü: Türkiyə “erməni soyqırımı”nı tanımalı və Ermənistanla sərhədləri açmalıdır. Bu fakt, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində beynəlxalq təşkilatların, münaqişənin həlli yolları ilə məşğul olan ATƏT-in Minsk qrupunun üzvü olan aparıcı dövlətlərin tutduqları ədalətsiz mövqe Ermənistanın yürütdüyü işğalçı və terrorizmi dəstəkləyən siyasətə münasibətdə ikili standartlar siyasətinin mürtəce və ikrah doğuran mahiyyətini ortaya qoyur.
Monoqrafiyada erməni terroruna münasibətdə böyük dövlətlərin ikili standartlar siyasətinə ayrıca fəsil həsr edilmişdir.
Müəllif araşdırmalar nəticəsində miqyası gündən-günə genişlənən erməni terrorizminin, ona münasibətdə ikili standartlar siyasətinin ağır nəticələrindən bəhs edərək qeyd edir ki, məhz belə qeyri-obyektiv beynəlxalq yanaşma, bütövlükdə, dünyada terror kimi qlobal təhlükəyə qarşı müvəffəqiyyətlə mübarizə aparılmasının səmərəliliyini azaldır. Erməni terroru elə bir mərhələyə gəlib çatmışdır ki, qonşu xalqlarla münasibətlərdə terror, soyqırımı, deportasiya siyasətinə üstünlük verən Ermənistanın bir dövlət kimi özünün də gələcəyi sual altındadır.
Elmi ictimaiyyətin, geniş oxucu kütləsinin istifadəsi üçün əhəmiyyətli olan, habelə terrorçu erməni siyasətinin ifşası baxımından ölkə daxilində və xaricdə təbliğat vasitəsi kimi yararlanmaq istəyənlər üçün Şamxal Məmmədovun “Erməni terrorizmi və ikili standartlar siyasəti” adlı monoqrafiyası özünün tarixi-faktoloji, elmi-siyasi və nəzəri əhəmiyyəti ilə diqqəti cəlb edir.
Elman CƏFƏRLİ
tarix üzrə fəlsəfə doktoru