Oktyabrın 5-də Beynəlxalq Müəllimlər Günü ilə bağlı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə tədbiri keçirilib. Tədbirdə çıxış edən təhsil naziri Rəhman Məmmədov əvvlcə tədbir iştirakçılarını Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müəllimlərə fəxri adların verilməsi ilə bağlı imzaladığı sərəncamlarla tanış edib. Nazir təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə muxtar respublika müəllimlərindən 4-nün Azərbaycan Respublikasının, 4-nün isə Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adılarına layiq görüldüyünü, 4 müəllimin “Tərəqqi” medalı ilə təltif edildiyini diqqətə çatdırıb, müəllimlərin əməyinə verilən qiymətə görə minnətdarlığını bildirib, təltif olunan müəllimləri təbrik edib.
Təhsil naziri Rəhman Məmmədov təhsilin inkişafına göstərilən dövlət qayğısından danışaraq vurğulayıb ki, muxtar respublika təhsili tarixin heç bir dövründə bu dərəcədə dövlət qayğısı ilə əhatə olunmamış və inkişaf etməmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilib, 200-dən çox təhsil müəssisəsi tikilib və ya əsaslı şəkildə yenidən qurulub, ümumtəhsil məktəbləri kompüter və elektron lövhələrlə təmin edilib, laboratoriyalar və fənn kabinələri şagird və müəllimlərin istifadəsinə verilib. Bütün bunlar isə muxtar respublika müəllimlərinin səmərəli fəaliyyətinə geniş imkanlar açıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarına əsasən, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükünün 1.5, vəzifə maaşının 2 dəfə, cari il sentyabrın 1-dən isə bu kateqoriyadan olan müəllimlərin aylıq vəzifə maaşlarının əlavə olaraq orta hesabla 20 faiz artırılması muxtar respublikada müəllim nüfuzunun artırılmasına, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılmasına və sosial müdafiəsinin gücləndirilməsinə mühüm təsir göstərib.
“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı sayəsində “Pedaqoji fikir tarixindən” kitabı nəşr olunaraq muxtar respublika müəllimlərinin hər birinə hədiyyə olunub, ötən tədris ilində ilk dəfə olaraq muxtar respublika müəllimlərinin konfransı keçirilib, ixtisasartırma və təlim kursları təşkil edilib. Bununla yanaşı bilikli, yüksək intellektual səviyyəyə malik vətənpərvər gənclər yetişdirən müəllimlərin əməyi dövlətimiz tərəfindən qiymətləndirilib, müəllimlərdən 117-si “Azərbaycan Respublikasının Əməkdar müəllimi”, 187-si isə “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adlarına layiq görülmüş, 108 müəllim “Tərəqqi” medalı ilə təltif olunub”,- deyən təhsil naziri bu tədbirlərin müəllimlərin peşəkarlıq səviyyələrinin artırılmasına xidmət etdiyini vurğulayıb.
Qeyd olunub ki, həyata keçirilən tədbirlər müəllim nüfuzunu artırıb, onlar arasında sağlam rəqabəti və motivasiyanı gücləndirib, təhsilin keyfiyyət göstəricilərinin əhəmiyyətli şəkildə yüksəlməsinə səbəb olub. Göstərilən dövlət qayğısı sayəsində Naxçıvan Muxtar Respublikasında öz sənətini sevən kifayət qədər peşəkar müəllim formalaşıb, bu peşəyə maraq artıb. Məhz bu görülən işlərin nəticəsidir ki, müəllim olmaq istəyənlərin sayında hər il artım müşahidə olunur. Ötən tədris ilində məzunlardan 740 nəfərinin pedaqoji profilli ixtisasa qəbul olunması bunun əyani ifadəsidir.
Təhsil naziri gənc müəllimlərin işlə təminatından da danışaraq bilidirib ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 14 aprel 2018-ci il tarixli qərarına uyğun olaraq pedaqoji kadrların müsabiqə ilə işə qəbulu gənc kadrların işlə təmin olunmasına, eləcə də ümumtəhsil müəssisələrinin bilikli müəllimlərlə təminatına geniş imkanlar açıb. 2018-ci ildən etibarən keçirilən müsabiqələrdə yüksək nəticə göstərən 215 müəllim işlə təmin olunub. Hazırda rayon mərkəzindən uzaq məsafədə yeləşən kənd məktəblərində fəaliyyət göstərən müəllimlərə həvəsləndirmə tədbirləri tətbiq edilir. Muxtar respublikanın təhsil müəssisələrində müəllimlərin vahid geyim formasından istifadə etməsi isə tədrisin və təlim-tərbiyənin yüksəldilməsinə öz müsbət təsirini göstərmişdir.
Bildirilib ki, muxtar respublikada aparılan uğurlu təhsil siyasəti nəticəsində ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunda uğurlu nəticələr qazanılır. Muxtar respublikada 2018-2019-cu tədris ilinin nəticələri uğurlu olub, qəbul imtahanlarında yüksək nəticələr əldə edilib, məzunlardan 1720-si ali məktəblərə, 244-ü isə orta ixtisas təhsili müəssisələrinə olmaqla 1964 nəfəri, yaxud 71 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Onlardan 281-i 500-700 arası bal toplayıb, 4 məzun isə Prezident təqaüdünə layiq görülüb. Bununla yanaşı ötən tədris ilində muxtar respublika təhsil müəssisələrinin buraxılış imtahanlarının nəticələri Azərbaycan Respublikası üzrə orta statistik göstəricidən yüksək olub.
Sonra Təhsil naziri təhsilə və müəllim əməyinə göstərdiyi dövlət qayğısına görə təhsil işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildiribmüəllimləri təbrik edib.
Sonra tədbidə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisin deputatı, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, Aşağı Yaycı kənd tam orta məktəbin direktoru Yeganə Məmmədova, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin direktoru Məlahət Rüstəmova, Şahbuz rayon Ağbulaq kənd tam orta məktəbinin gənc müəllimi, Prezident mükafatçısı Nigar Mirzəmmədova, Babək rayon Gülşənabad kənd tam orta məktəbinin yeni işə qəbul olunmuş gənc müəllimi Fatma Kərimova çıxış edərək təhsilin inkişafı üçün yardılan şəraitdən, müəllim peşəsinə marağın artmasından danışıb, göstərilən dövlət qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, muxtar respublika müəllimləri bundan sonra da təhsilin inkişafında yorulmadan çalışacaq, vətənpərvər və bilikli gənc nəsil yetişdirəcəklər.
Sonra Naxçıvan Qızlar Liseyinin direktoru Aidə Allahverdiyeva, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Murad Babayev, Naxçıvan Şəhər Təhsil Şöbəsinin metodik kabinet müdiri Sabir Məmmədov və Naxçıvan Şəhər Şahmat Mərkəzinin direktoru Emin Hacıyev səmərəli fəaliyyətlərinə görə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə, bir qrup müəllim isə diplom və hədiyyələrlə təltif olunub.
Tədbirin bədii hissəsində “Pedaqoji fikir tarixindən” kitabından seçmələr oxunub. Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri tərəfindən mahnı və rəqs nömrələri ifa edilib, müəllim haqqında şeirlər bədii qiraət olunub.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti