22 Dekabr 2024, Bazar

Hər il oktyabrın 5-i “Beynəlxalq Müəllimlər Günü” kimi qeyd olunur.
Bir xalqın, millətin formalaşmasının əsas mənbəyi elm və təhsildirsə, elmin inkişaf etdirilməsinin, müxtəlif istiqamətlərdə və peşələrdə xalqa layiqli vətəndaşlar yetişdirilməsində əldə olunan nailiyyətlərin mənbəyi isə məhz müəllimdir. Müəllimin verdiyi bilik sayəsində cəmiyyətdə təhsil, təhsildən isə inkişaf doğulub.

Müəllimlər cəmiyyətin nüfuzlu şəxslərindən hesab olunurlar. “Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”, – deyən ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbər­lik etdiyi bütün dövrlərdə müəllimlərə böyük hörmətlə yanaşmış, onların əməyini yüksək qiymətləndirmişdir. Ulu öndərin təhsilə, müəllim əməyinə qayğıkeş münasibəti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, qanunvericilik bazası təkmilləşdirilir, dövlət proqramları qəbul olunaraq icra edilir. Bu sahədə görülən işlərin nəticəsidir ki, artıq Azərbaycan dünyada sabitliyin təmin olunduğu və iqtisadiyyatı inkişaf edən ölkə olmaqla yanaşı, həm də elm və təhsil ölkəsi kimi tanınır.
Naxçıvan Muxtar Respublikasında da təhsil sahəsində ardıcıl tədbirlər görülür. Müstəqillik illərində muxtar respublikanın şəhər, rayon və kəndlərində 200-dən çox təhsil müəssisəsi üçün yeni tədris korpusları tikilib istifadəyə verilmişdir. Təkcə 2019-cu ilin ötən dövründə 4 tam orta məktəb binası istifadəyə verilmiş, hazırda 8 ümumtəhsil müəssisəsi üçün binaların tikintisi davam etdirilir.
Muxtar respublikanın ümumtəhsil məktəblərində sürətli internetə çıxışı olan 5500-dən artıq kompüter və 600-dən çox elektron lövhə quraşdırılmış, laboratoriyalar və fənn kabinələri şagirdlərin istifadəsinə verilmiş, kitabxanalar 3 milyona yaxın dərslik, 600 mindən çox latın qrafikası ilə nəşr olunmuş bədii ədəbiyyatla təmin edilmişdir. Məktəblərimizdə tədrisin müasirləşdirilməsi diqqətdə saxlanmış, qabaqcıl tədris metodlarının, o cümlədən distant təhsilin tətbiqinə başlanılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası bütün təhsil müəssisələrində təhsilin keyfiyyətinin yaxşılaşmasına əhəmiyyətli dərəcədə təsir göstərmiş, yeni təlim üsullarının tətbiqinə əlverişli şərait yaratmışdır. Bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı fənlərin tədrisi prosesində muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələr təşkil edilir, gənclər elmi biliklərlə yanaşı, milli-mənəvi dəyərlərimizi, tariximizi, mədəniyyətimizi ən mütərəqqi üsullarla mənimsəyirlər.
Bu gün mütərəqqi təhsil metodlarının tətbiqi, müəllim əməyinə verilən yüksək qiymət, təhsil müəssisələrində yaradılan müasir tədris şəraiti müəllim əməyinin bəhrələrini daha da artırır, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunda uğurlu nəticələr qazanılır. Muxtar respublikada 2018-2019-cu tədris ilinin nəticələri uğurlu olmuş, qəbul imtahanlarında yüksək nəticələr əldə edilmiş, məzunlardan 1540-ı ali məktəblərə, 244-ü isə orta ixtisas təhsili müəssisələrinə qəbul olmuşdur. Onlardan 281-i 500-700 arası bal toplamış, 4 məzun isə Prezident təqaüdünə layiq görülmüşdür.
Naxçıvan Muxtar Respublikası Nazir­lər Kabinetinin 14 aprel 2018-ci il tarixli Qərarına uyğun olaraq pedaqoji kadrların müsabiqə ilə işə qəbulu həyata keçirilir. Bu isə gənc kadrların işlə təmin olunmasına, eləcə də ümumtəhsil müəssisələrinin bilikli müəllimlərlə təminatına geniş imkanlar açmışdır. 2018-ci ildən etibarən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilən müsabiqələrdə yüksək nəticə göstərən 215 müəllim işlə təmin olunmuşdur. Hazırda rayon mərkəzindən uzaq məsafədə yerləşən kənd məktəblərində fəaliyyət göstərən müəllimlərə həvəsləndirmə tədbirləri tətbiq edilir.
Bilikli, yüksək intellektual səviyyəyə malik vətənpərvər gənclər yetişdirən müəllimlərin əməyi dövlətimiz tərəfindən qiymətləndirilmişdir. Muxtar respublikanın təhsil müəssisələrində çalışan müəllimlərdən 117-si “Azərbaycan Respublikasının Əməkdar müəllimi”, 187-si isə “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adlarına layiq görülmüş, 108 müəllim “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Muxtar respublikada müəllim nüfuzunun artırılması, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter almış, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarına əsasən bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü 1,5, vəzifə maaşı 2 dəfə, cari il sentyabrın 1-dən isə bu kateqoriyadan olan müəllimlərin aylıq vəzifə maaşları əlavə olaraq orta hesabla 20 faiz artırılmışdır. Həyata keçirilən tədbirlər müəllim nüfuzunu artırmış, onlar arasında sağlam rəqabəti və motivasiyanı gücləndirmiş, təhsilin keyfiyyət göstəricilərinin əhəmiyyətli şəkildə yüksəlməsinə səbəb olmuşdur. Muxtar respublikada müəllim əməyinə verilən qiymət, müəllimlərin fəaliyyəti üçün yaradılan tədris şəraiti müəllim nüfuzunu yüksəltmiş, bu peşəyə marağı artırmışdır. Görülən işlərin nəticəsidir ki, müəllim olmaq istəyənlərin sayında hər il artım müşahidə olunur. Ötən tədris ilində 740 məzunun pedaqoji profilli ixtisasa qəbul olunması bunun əyani ifadəsidir.
Son illər muxtar respublikada təhsil sistemində aparılan islahatlar müəllim hazırlığı sahəsini də əhatə edir. Bu gün ali təhsil müəssisələrində müəllim hazırlığı sahəsində mühüm işlər görülür. Eyni zamanda onların peşəkarlıq səviyyəsinin artırılması məqsədilə müəllim hazırlığına yeni yanaşmaları əks etdirən kurslar təşkil edilir, təlimin təşkilində nəzərdə tutulmuş məqsədlərə nail olunması, nəticələrin əldə edilməsi və müəllimlər arasında təcrübə mübadilələrinin aparılması üçün elmi-praktik konfranslar keçirilir. Naxçıvan Dövlət Universitetində kimya, biologiya və fizika fənləri üzrə ixtisasartırma kursları, Naxçıvan Müəllimlər İnstitutunda isə “Ümumtəhsil məktəblərində psixoloji xidmətin təşkili və səmərəliliyinin artırılması”, “Ümumtəhsil məktəblərinin ibtidai siniflərində tədrisin təşkili və səmərəliliyinin artırılması yolları” və digər mövzularda elmi-praktik konfranslar keçirilmişdir.
Bu gün təhsildə “İnteraktiv dərs”, “Nümunəvi dərs”, “Elektron universitet”, “Distant təhsil”, “Dərsdən sonra” və “Sabahın müəllimi” layihələri tətbiq olunur. İxtisaslı müəllim hazırlığını yaxşılaşdırmağa xidmət edən “Sabahın müəllimi” layihəsi çərçivəsində pedaqoji profilli ixtisaslarda oxuyan tələbələrə mütəmadi olaraq təhsildəki yeniliklər haqqında məlumatlar verilir, təcrübəqabağı konfranslar təşkil olunur, onların ümumtəhsil məktəblərində pedaqoji təcrübə keçmələrinə şərait yaradılır, kadr hazır­lığını yaxşılaşdırmaq məqsədilə ali təhsil müəssisələrinə dərslik və metodik vəsait­lərin verilməsi təmin olunur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Müəllimlər gələcəyimiz olan gənclərin təhsil almasında, tərbiyə olunmasında xüsusi rol oynayır. Gələcəyimizin təməli müəllimlər tərəfindən qoyulur. Bu təməl nə qədər möhkəm qoyulsa, gələcəyimiz bir o qədər möhkəm qurulacaq, uğurlu olacaqdır”.
Peşə bayramlarını qeyd edən muxtar respublika müəllimləri bundan sonra da Ali Məclis Sədrinin tövsiyələrini əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdirəcək, təhsilin inkişafında yorulmadan çalışacaq, vətənpərvər və bilikli gənc nəsil yetişdirəcəklər.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

  

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR