22 Dekabr 2024, Bazar

Xalqımızın çoxəsrlik tarixi boyunca gənc nəslin tərbiyəsi ilə bağlı zəngin pedaqoji fikirlər toplanmışdır. Bu mənəvi və elmi-əxlaqi sərvətləri öyrənmək, onları təfəkkür süzgəcindən keçirib gənc nəslin düzgün yetişdirilməsində istifadə etmək olduqca əhəmiyyətlidir. Buna görədir ki, ədəbi irsimizin qabaqcıl ideya, fikir və baxışlarının, görkəmli şəxsiyyətlərin maarifçiliklə bağlı fikirlərinin öyrənilməsi və təbliği istiqamətində muxtar respublikamızda sistemli işlər aparılır. Elmi araşdırmaların genişlənməsinə göstərilən dövlət qayğısının nəticəsi olaraq tanınmış şəxsiyyətlərin pedaqoji fikirlərinə həsr olunmuş qiymətli əsərlər hazırlanaraq nəşr olunur. Azərbaycan xalqının mənəviyyat pasportuna çevrilən Məmməd Səid Ordubadi də belə şəxsiyyətlərdən, maarifpərvərlərdən biridir.

Gənc tədqiqatçı, Naxçıvan Müəllimlər İnstitutunun müəllimi Ruhəngiz Əliyevanın yeni çapdan çıxmış “Məmməd Səid Ordubadinin maarifçi görüşləri” adlı monoqrafiyası görkəmli ziyalının maarifçilik hərəkatındakı rolunu, onun zəngin pedaqoji ideyalarını əhatəli, məzmunlu və səlis fikirlərlə ifadə edən ilk irihəcmli əsər kimi diqqəti cəlb edir. Akademik İsa Həbibbəylinin redaktorluğu, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayevin rəyi ilə nəşr olunmuş bu kitab pedaqojiyönlü ali məktəblərin bakalavr və magistrləri, doktorant və müəllimləri, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Ulu öndərimiz Heydər Əliyev Məmməd Səid Ordubadinin yaratdığı əsərləri Azərbaycan xalqının milli sərvəti kimi qiymətləndirərək araşdırılmasını, öyrənilməsini tövsiyə edirdi. Müəllifin mövzu ilə bağlı araşdırmalara diqqətlə, geniş və əhatəli yanaşması da elə ulu öndərin Ordubadi irsinin aktuallığı ilə bağlı kitabda yer alan qiymətli fikirlərindən qaynaqlanır: “Məmməd Səid Ordubadi əsərlərini alimlər təhlil edə bilərlər. Şübhəsiz ki, nə qədər təhlil etsələr, o qədər dərinliyə gedəcəklər. Bəlkə də, böyük dərya kimi heç onun hamısını əhatə edə bilməyəcəklər. Ancaq bununla yanaşı, bizim hamımızın borcu, xüsusən müəllimlərin, məktəblərin, gənc nəsli tərbiyə edənlərin borcu ondan ibarətdir ki, Məmməd Səid Ordubadinin əsərlərini hamıya çatdırsınlar, xüsusən bizim gənclərə”.
Müəllifin Məmməd Səid Ordubadinin maarifçi görüşlərini, məktəb və müəllim haqqında fikirlərini elmi araşdırma müstəvisinə gətirməsi həm tarixilik nöqteyi-­nəzərdən, həm də bu gün üçün olduqca faydalıdır. Sevindirici haldır ki, oxuculara təqdim olunan kitabda Ordubadinin zəngin pedaqoji irsi ilk dəfə ayrıca tədqiqat obyekti kimi əhatəli araşdırılaraq sistemləşdirilib. Məktəblərimizdə təhsil prosesində, eləcə də gənc nəslin nəcib əxlaqi keyfiyyətlər ruhunda tərbiyə edilməsində monoqrafiyada toplanan qiymətli pedaqoji ideyalardan bəhrələnmək səmərəli ola bilər.
Üç fəsildən ibarət olan kitabda Ordubadini görkəmli yazıçı, qabaqcıl maarifçi, elm və təhsil carçısı, mütərəqqi fikirli ictimai xadim kimi səciyyələndirən əsas keyfiyyətlər önə çıxarılır, Azərbaycan maarifçilik hərəkatına verdiyi töhfələr təhlil olunur, irəli sürülən fikirlər yazıçının əsərlərindən nümunələrlə zənginləşdirilir. Dünyanı dəyişdirməyin, inkişaf və tərəqqinin əsas silahını məktəb, elm, təhsil hesab edən mütəfəkkirin maarifçi­-demokrat obrazı tutarlı ifadələrlə oxucunun diqqətinə çatdırılır.
Əsər Ordubadinin gənc nəslin elmlərə yiyələnməsi, yeni üsullu, dünyəvi təhsil verən qabaqcıl məktəb şəbəkələrinin genişləndirilməsi uğrunda mübarizəsini önə çıxaran fikirlərlə zəngindir. Bir neçə dili mükəmməl bilən maarifpərvər ziyalının təlimin ana dilində aparılması, onun saflığının qorunması, tədrisinin yaxşılaşdırılması ilə bağlı görüşlərinin təhlilinə dair fikirlər kitabda xüsusi yer tutur. Ordubadinin pedaqoji fikirləri arasında ailə və məktəbin birgə işi, müəllim və ona verilən tələblər, müəllim hazırlığı kimi məsələləri ətraflı araşdıran müəllif onun təlimə vahid proses kimi yanaşdığını ön plana çəkir.
Kitabda yüksək mədəniyyətə malik, vətənpərvər, humanist, işgüzar insan, görkəmli ictimai və mədəniyyət xadimi və pedaqoq kimi səciyyələndirilən Məmməd Səid Ordubadinin həyat yolu gənc­lərə nümunə kimi aşılanır. Vurğulanır ki, görkəmli ziyalının “Dumanlı Təbriz”, “Gizli Bakı”, “Döyüşən şəhər”, “Qılınc və qələm” adlı məşhur romanlarında, habelə şeirlərində əsas ideya cəmiyyətdə mədəni geriliyə qarşı mübarizə, qəflət və cəhalətin tənqidi, eyni zamanda elmin, maarifin, qabaqcıl mədəniyyətin təbliği olub. Təsadüfi deyil ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların Siyahısı”na Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanı da daxil edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin görkəmli ədib barədə söylədiyi aşağıdakı fikirlər onun irsinə verilən dəyəri dolğun şəkildə ifadə edir: “Məmməd Səid Ordubadinin zəngin yaradıcılığı millilik və bəşəriliyi, yüksək vətəndaşlıq qayəsini, qabaqcıl ideyaları özündə birləşdirən Azərbaycançılıq məktəbidir. Bu məktəbin tariximizdə və ədəbiyyatımızda oynadığı rol yüksək qiymətə layiqdir”.
İnanırıq ki, Ruhəngiz Əliyevanın Məmməd Səid Ordubadinin maarifçi ideyalarının araşdırılmasına həsr edilmiş monoqrafiyası onun zəngin irsinin öyrənilməsi və təbliğində gənclərimiz və tədqiqatçılarımız üçün faydalı olacaq, bu səpkidə aparılan yeni araşdırmalarla birlikdə pedaqoji fikir tariximizin gələcək nəsillərə çatdırılmasına öz töhfəsini verəcəkdir.

Zəhmət ŞAHVERDİYEV
tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR