22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təhsilə göstərdiyi diqqət və qayğı, pedaqoji kadr hazırlığındakı təkmilləşmələr, təhsilin məzmununa dövrün tələbləri baxımından yanaşılması, fənn kurikulumları və təhsil standartlarının tətbiqi, yeni texnologiyalara tədris prosesində geniş yer verilməsi, distant təhsilin reallaşdırılması, beynəlxalq təcrübədən yaradıcı şəkildə istifadə olunması bu sahənin inkişafına stimul verib.

Bu gün muxtar respublikamızda təhsilin bütün sahələri özünün yeni inkişaf dövrünü yaşayır. O baxımdan ali təhsilin inkişafı istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində muxtar respublikamızın ali təhsil müəssisələri dünyanın qabaqcıl universitetləri səviyyəsində güclü infrastruktura malikdir. Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetinin nümunəvi kampus modeli və yüksək maddi-texniki imkanları regionun ali təhsil tarixinin ən parlaq nailiyyəti kimi qiymətləndirilir. Bu ali təhsil müəssisələrində yeni təlim texnologiyalarının və qlobal tədris pro­qramlarının səmərəli tətbiqi bölgəmizə gələn əcnəbi tələbələrin sayının artmasına ciddi surətdə təsir göstərib. Eyni zamanda Naxçıvan Müəllimlər İnstitutunun yeni tədris korpusunda fəaliyyətə başlaması regionda yüksəkixtisaslı pedaqoji kadrların hazır­lanmasına öz töhfəsini verməkdədir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə bu təhsil ocağının formalaşdırılması, onun müstəqil ali məktəbə çevrilməsi, elmi-pedaqoji kadr potensialının zənginləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, beynəlxalq əlaqələrinin yaradılması, respublika səviyyəli qabaqcıl ali təhsil müəssisəsi kimi tanıdılması istiqamətində bir sıra işlər görülmüşdür. Bu gün Naxçıvan Muxtar Respublikasında bakalavriat və magistratura səviyyələrində İbtidai sinif müəllimliyi, Məktəbəqədər təlim və tərbiyə, Təhsildə sosial-psixoloji xidmət, Psixologiya ixtisasları üzrə kadr hazırlığı yalnız bu ali məktəbdə aparılır. Bundan başqa, muxtar respublikadakı 3 ali məktəb arasında əlavə təhsilin bütün istiqamətləri üzrə hazır­lıq yalnız burada həyata keçirilir. İnstitutda ixtisasartırma və yenidənhazırlanma üzrə ayrıca bölmə vardır. Naxçıvan Muxtar Respublikasında təhsil sahəsində fəaliyyət göstərən orta ixtisas təhsili, ümumtəhsil, məktəbəqədər təlim-tərbiyə, məktəbdənkənar tərbiyə müəssisələrində çalışan təhsil işçilərinin davamlı peşəkar inkişafını təmin etmək üçün əlavə təhsilin göstərilən istiqamətləri üzrə sistemli iş aparmaq məhz bu ali məktəbə həvalə edilib. Çünki peşəkar müəllim olmadan pedaqoji proses uğurla tamamlana bilməz. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Bu gün qarşımızda bir vəzifə durur: mənəviyyatca təmiz, savadlı və milli dəyərlərin daşıyıcısı olan vətənpərvər gənclər yetişdirməliyik. Muxtar respublikada mövcud təhsil infrastrukturu bu vəzifənin icrası üçün bütün əsasları yaradır. Lakin müəllim əməyi olmadan, peşəkar təhsil kollektivi formalaşdırmadan yaradılan təhsil infrastrukturu faydalı iş müstəvisinə keçirilə bilməz”. Məhz bu amillər nəzərə alınaraq tələbələrin rəqabətqabiliyyətli və geniş dünyagörüşlü mütəxəssis kimi yetişdirilməsi, vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi üçün institutda kompleks tədbirlər həyata keçirilməkdədir. Özünün strateji inkişaf planında keyfiyyətli təhsil mühiti yaratmaqla rəqabətqabiliyyətli pedaqoji kadr hazırlığına nail olmağa çalışan institutda müəllim hazırlığı sahəsində bir sıra hədəflər prioritet olaraq müəyyənləşdirilib.

Məktəb tarixi sübut edir ki, müəllimlik sənəti digər peşə sahələri kimi zamana görə yeni məzmun qazansa da, bütün dövrlərdə bu sənətin tək gücü öyrətdiyi qədər olub. Bu gün isə müəllim məhdud sərhədlər və çərçivələr üçün deyil, konkret desək, bəşər üçün lazım olan şəxsiyyəti yetişdirməyi bacarmalıdır. Çünki sabahın gənc şəxsiyyətinin əmək bazarı, eyni zamanda dünyadır.
Müəllim, ilk növbədə, peşəsini sevməlidir. Müəllimlik peşəsinə yiyələnmək üçün şəxsiyyətin psixoloji, nəzəri imkanları və motivasiya vəziyyəti çox önəmlidir. Bu peşə sahəsi ilə maraqlanan gənclər hələ məktəb illərində konkret ideal təsəvvürlərə malik olmalı, davranış və həyat amalında dəqiq hədəf seçimini özü üçün aydınlaşdırmalıdır. Bu gün bizim qarşımızda duran ümdə vəzifə sabahın müəllimlərinə düzgün ixtisas seçimində yardımçı olmaqdan ibarətdir. Təəssüf ki, bir sıra hallarda müəllimlik ixtisaslarının seçimində, sadəcə, ali təhsil almaq həvəsi düzgün karyera seçimini üstələyə bilir. Bu zaman müəllimlik peşəsini sevdirməyin yollarını tapmaq bizi ciddi düşündürür.
Müəllim peşəkar psixoloq olmalıdır. Psixologiya müəllimə hər zaman lazım olur, çünki müəllim şagirdlərlə təmasda olduğu zaman psixoloji durumlarda necə hərəkət edəcəyini bilməlidir. İlk növbədə, müəllim uşaqların yaş və fərdi xüsusiyyətlərinə dərindən bələd olmalıdır. Müəllimi psixoloji biliklərsiz təsəvvür etmək mümkün deyildir.
Hər şeydən əvvəl, müəllim dərin müşahidə qabiliyyətinə malik olmalı, şagirdlərinin bütün müsbət və mənfi cəhətlərini görməli, onların irəliləyişlərini və geriliyini dərhal duymalı, suallarını cavabsız qoymamalıdır. İkincisi, müəllim dərin analitik təfəkkürə malik olmalı, baş verən bütün situasiyaları, o cümlədən şagirdlərin irəliləmə və geriləmə səbəblərini, onlara təsir edən amilləri təhlil edə bilməli və müvafiq nəticələr çıxarmağı bacarmalıdır. Üçüncüsü, müəllim tədris prosesini yüksək emosional fonda, şagirdləri maraqlandıra biləcək səviyyədə, onları rahat emosional-psixoloji şəkildə yeni biliklər kəsb etməyə ruhlandırmalıdır. Dördüncüsü, müəllim şagirdlərin düşüncəsinə, hisslərinə, fikirlərinə, ideya və istəklərinə hörmətlə yanaşmalı, onları qiymətləndirməyi özündə tərbiyə etməli, humanizmin yüksək səviyyəsinə malik olmalıdır.
Müasir müəllim qarşısındakı şagirdin gələcəyini görməyi də bacarmalıdır. Darvin, Eynşteyn və başqa tanınmışlar heç də orta məktəbdə parlaq şagirdlər olmayıblar.
Müasir müəllim bütün yeniliklərdən xəbərdar olmalı, daim təkmilləşməyə önəm verməlidir. Çalışqanlıq, davamlı dinamizm bu peşədə təkmilləşməni şərtləndirən əsas amillər sayıla bilər. Çağdaş dünya təhsilində bir sıra metodik qaydalar artıq kompüter vasitəsilə həyata keçirilir.

Müasir mərhələnin ən mühüm təhsil trendlərindən biri ucqar kənd və ya şəhər mərkəzində yerləşməsindən asılı olmayaraq, bütün məktəblərin bərabər təminata malik olmasıdır. Minnətdarlıq hissi ilə qeyd etməliyik ki, Naxçıvan Muxtar Respublikasında bu formul uğurla həyata keçirilib.
Son illərdə ölkəmizdə təhsil sistemində elektron dərslik, vasitə və resursların geniş şəkildə tətbiqi, təhsil müəssisələrinin kompüter avadanlıqları ilə təmin olunması, müəllimlərin diaqnostik qiymətləndirilməsi, yerdəyişməsi, tələbə transferi, birinci siniflərə qəbul kimi layihələr məhz İKT-nin geniş tətbiqinə əsaslanır.
Müasir müəllim yeni təlim texnologiyalarına dərindən bələd ­olmalıdır:
– Ənənəvi dərsdə təlim müəllim-dərslik-şagird paradinamikası ilə qurulurdusa, müasir dərsdə şagird-dərslik-müəllim paradinamikası üstünlük təşkil edir və şagirdlərin hərtərəfli inkişafı təmin edilir. Belə ki, dərsdə gözlənilən nəticə, əsasən, alınır, dərs şəxsiyyətyönümlü olur, inkişafetdiricilik əsas meyar kimi nəzərdə tutulur.
İctimai mənafe anlayışı və cavabdehlik hissinin formalaşdırılması şəxsiyyətyönümlü təhsil islahatının əsas hədəflərindən biridir. Hər bir cəmiyyətin inkişafı orada ictimai mənafenin qorunma dərəcəsindən asılıdır. Bu mənada, müasir müəllim həm də bütün varlığı ilə ictimai mənafe daşıyıcısı olmalıdır. Ümummilli lider Heydər Əliyev müəllimin əməyini yüksək qiymətləndirərək deyirdi: “...Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq”.
Müəllim üçün ən vacib keyfiyyətlərdən biri humanistlikdir. Humanistliyi olmayan müəllim tələbkarlıqda nəyəsə nail olsa da, şagirdlərinin qəlbinə yol tapa, onların sevgi və rəğbətini qazana bilmir. Unutmamalıyıq ki, müəllim milli şüuru inşa edən sosial mühəndisdir. O, dövlətimizin və millətimizin mənəvi təhlükəsizliyini qoruyan mənəviyyat keşikçisidir. Dövlət rəmzləri və atributlarının öyrədilməsi tədris etdiyi fənnin növündən asılı olmayaraq, hər bir müəllimin borcudur. Bir halda ki, söhbət şəxsiyyət formalaşdırmaqdan gedir, bu zaman vətənpərvərlik tərbiyəsi öndə durur. “Təhsil haqqında” Qanunda təsbit olunduğu kimi, “Müəllimin vəzifəsi Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqın milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və Azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir”.
Dərsin mövzusu yox, onun çatdırılma üsulu və mühiti önəmlidir. Bu günün müəllimi təkcə bilik ötürməklə, hazır şablonu yazıb tələbənin yaddaşında saxlaması ilə kifayətlənməməlidir. Daha çox düşünməyi öyrənmək məqsədilə bilik aşılamalıdır. Dərsi maraqlı edən təkcə mövzunun bütün təfsilatı ilə çatdırılması deyil, onun hansı üsul və metodologiya ilə ötürülmə keyfiyyətidir.
Müasir müəllimin təlim fəaliyyətinə daxil olan şərtlərdən biri də yeni dərsi sinifdə mənimsətməkdir. Bu isə müəllimdə “öyrənməyi öyrətmək” qabiliyyətinin olmasının göstəricisi hesab edilir. Hazırda bir sıra qabaqcıl dünya ölkələrinin təhsil sistemlərində ev tapşırıqları yoxdur.
Müəllim mütaliə etmədiyi gün “ölür”. Nəzərə almalıyıq ki, müasir şagirdin məlumat əldə etmək imkanları az qala müəlliminkindən çoxdur. Şagirdlərindən geri qalmamaq üçün müəllim üzərində işləməyi özünün başlıca vəzifəsi hesab etməlidir. Bu baxımdan kitabların oxunmasının zəruriliyinin dövlət səviyyəsində təbliğ və təşviq olunması tam zamanındadır, obyektiv maraqlar çərçivəsində yüksək əhəmiyyətə malikdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixdə imzaladığı “Oxunması zəruri olan kitablar” haqqında Sərəncamı ilə təqdim olunan kitablar və zaman-zaman bu siyahıya yeni əsərlərin əlavə edilməsi oxucu zövqünün sistemli formalaşdırılması ilə yanaşı, mütaliəyə olan marağı gündən-günə artırmaqdadır.
“Pedaqoji fikir tarixindən” adlı kitab Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu tərəfindən 10 min nüsxədən ibarət nəfis şəkildə tərtib olunaraq pedaqoji ictimaiyyətə təqdim edilib. Kitabda pedaqoji fikir tarixində mühüm əhəmiyyəti olan pedaqoji-­didaktik mətn nümunələrinin seçilib yerləşdirilməsi oxunaqlılıq baxımından və tərbiyəvi əhəmiyyətinə görə tədqiqatçılıq səriştəsi ilə ümumiləşdirilmiş mənbə kimi diqqətimizi çəkməkdədir. Həmin kitabın “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilməsi bu siyahını zənginləşdirməklə yanaşı, müəllimlik fəaliyyətinə, pedaqoji prosesə dövlətimizin yüksək qayğısını ifadə edir.
Müəllim şagirdlərinin mənəvi dünyasının memarı olmalıdır. Pedaqoji işdə mənəviyyatın rolu daha böyükdür, ona görə ki, burada əxlaqın özü pedaqoji funksiyaları yerinə yetirir. Xalqımıza məxsus milli­-mənəvi dəyərlərin qorunması sahəsində şagirdlərin tərbiyələndirilməsi, onlara nizam-intizam, şagird davranışı, geyim mədəniyyəti, müəllim­-şagird-valideyn münasibətlərində mövqeyi, böyüklərə hörmət, kiçiklərə qayğı prinsiplərinə riayət etməsi və digər müsbət vərdişləri aşılamaq son dərəcə vacibdir.
Müəllim-şagird münasibətləri əməkdaşlıq müstəvisində qurulmalıdır. Bunun üçün, ilk növbədə, müəllimlərdə bir sıra qabiliyyətlərin olması zəruri tələb kimi qarşıya qoyulur. Bu məsələ ilə bağlı müasir pedaqogikada da xeyli araşdırmalar aparılıb və müəyyən nəticələrə gəlinib.
Göründüyü kimi, müasir müəllimin hərtərəfli inkişafı üçün hər cür maddi-texniki və qanunvericilik imkanları yaradılıb. Hər il ali məktəblərə qəbul imtahanının yekunları və ali təhsil müəssisələrinin nüfuzunun gücləndirilməsi istiqamətində əldə edilmiş nəticələr təsdiq edir ki, Naxçıvan Muxtar Respublikasında təhsil islahatları uğurla davam etdirilir. Bütün bu nailiyyətlər müəllim məsuliyyətini daim artırmalı, göstərilən etimada uyğun daha innovativ metodlara üstünlük verməliyik.


Elbrus İSAYEV
Naxçıvan Müəllimlər
İnstitutunun rektoru, dosent

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR