22 Dekabr 2024, Bazar

Oktyabrın 2-də AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun yaradılmasının 90 illik yubileyinə həsr olunmuş yığıncaq keçirilir.

Əvvəlcə tədbir iştirakçıları I Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və akademik Yusif Məmmədəliyevin məzarlarını ziyarət edib, məzarlar önünə əklil və gül dəstələri qoyublar.

 AMEA-da keçirilən tədbirdə qonaqlar institutun fəaliyyətinə həsr olunmuş sərgi ilə tanış olublar.

Yığıncağı giriş sözü ilə açan akademik Akif Əlizadə tədbirin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 11 mart tarixli "AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyinin qeyd edilməsi haqqında" Sərəncamına əsasən keçirildiyini bildirib, bunun dövlətin elmimizə və alimlərimizə qayğısının növbəti göstəricisi olduğunu vurğulayıb.

Akademik qurumun 1929-cu ildə "Azneft" İstehsalat Birliyinin Mərkəzi Kimya Laboratoriyası bazasında ilk Azərbaycan Neft Tədqiqat İnstitutu kimi fəaliyyətə başladığını, 1959-cu ildən isə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutu adlandırıldığını deyib. Natiq elmi müəssisənin 90 ildə şərəfli yol keçdiyini, ölkəmizdə neft kimyası və kimya elminin inkişafında mühüm rola malik olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu illər ərzində institutun alimlərinin elmi işləri Azərbaycan neftinin tədqiqinə, yüksək keyfiyyətli yanacaq və yağların alınması məqsədi ilə effektiv emalın elmi əsaslarının işlənilməsinə, neft kimyası və neft emalı prosesləri üçün yeni texnologiyalar və katalizatorların yaradılmasına və s. həsr olunub. Qeyd edib ki, qurumun 90 illik fəaliyyəti dövründə kataliz, üzvi-kimya, yüksəkmolekullu birləşmələr kimyası, fiziki-kimya, neft-kimya sintezi sahəsində fundamental tədqiqatlar aparılıb, Azərbaycanın neft kimyası və neft emalı sənayesinin kompleks inkişaf sxemlərinin hazırlanması istiqamətində mühüm işlər görülüb.

Akademik Akif Əlizadə institut əməkdaşlarının bundan sonra da neft-kimya sahəsində yeni elmi nəticələr və nailiyyətlər əldə edəcəklərinə əminliyini bildirib, yubiley münasibətilə onları təbrik edib, işlərində uğurlar arzulayıb.

Sonra Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov "Elmin zirvələrinə aparan 90 illik yol" adlı məruzə ilə çıxış edib. Natiq bildirib ki, rəhbərlik etdiyi qurum 1929-cu ildə Neft Tədqiqat İnstitutu kimi fəaliyyətə başlayıb, 30 il sonra isə üç institut birləşdirilərək Neft-Kimya Prosesləri İnstitutu yaradılıb. Üç institutdan birinin Azərbaycan Elmlər Akademiyasının Neft İnstitutu olduğunu deyən alim onun direktorunun dahi Yusif Məmmədəliyev olduğunu əlavə edib: "Dünyada tanınmış alim Y.Məmmədəliyevin institutumuzun şərəfli tarixində xüsusi yeri var. Təsadüfi deyil ki, o, iki dəfə Azərbaycan Elmlər Akademiyasının prezidenti seçilib, Bakı Dövlət Universitetinin rektoru olub. İkinci Dünya müharibəsində SSRİ-nin qələbəsində onun elmi nəticələrinin xüsusi rolu olub. Onun 1946-cı ildə aldığı SSRİ dövlət mükafatı da bunun təsdiqidir".

Akademik vurğulayıb ki, yarandığı gündən İvan Qutt, Matvey Kapelyuşnikov, Tahirə Tahirova, Nikolay Lutsenko, Hacı Həşimov, Yusif Məmmədəliyev, Vahab Əliyev, Murtuza Nağıyev, Musa Rüstəmov institutun direktorları olublar. Həmin alimlər dünya şöhrətli elmi məktəblər yaratmaqla yanaşı, elmin sənayeyə tətbiqi sahəsində də böyük uğurlar qazanıblar. Natiq institutun şərəfli tarixini yaradanlar sırasında akademiklər İzzət Orucova, Rüstəm İsmayılov, Əli Quliyev, Soltan Mehdiyev, Bahadur Zeynalov, Məhərrəm Məmmədyarov, Toğrul Şaxtaxtinski, Nadir Seyidov, Sahib Əliyev, Ayaz Əfəndiyev, Akif Əzizov, Vaqif Fərzəliyev, Dilqəm Tağıyev, Ramiz Rizayev, Əjdər Məcidov, müxbir üzvlər Məcid Mərdanov, Bilal Dadaşov, Nazil Canıbəyov, Fəzilə Səmədova, Nazim Hüseynov, Hafiz Əlimərdanov, Ziyafəddin Əsədov və başqalarının xüsusi yer tutduğunu əlavə edib.

V.Abbasov institutun fəaliyyət göstərdiyi bu müddət ərzində bir çox uğura imza atıldığını, mühüm elmi nəticələr əldə olunduğunu söyləyib. Qeyd edib ki, SSRİ-də ilk yüksək oktanlı aviasiya benzini, Bakı neftindən bir neçə növ reaktiv yanacağın alınma texnologiyası, SSRİ miqyasında tətbiq olunmuş rəqabət qabiliyyətli parafinsizləşdirmə prosesi, eləcə də bu gün də uğurla istifadə olunan katalitik krekinq prosesi institutun nəticələridir. İlk raket yanacağının bu institut tərəfindən təklif olunduğunu deyən alim 1983-cü ildən Rusiya, Qazaxıstan, Ukrayna, Türkmənistan, Azərbaycanda tətbiq olunan çoxfunksiyalı korroziya inhibitoru, 1988-ci ildə lisenziya ilə Rusiya Federasiyasına satılmış Azəri inhibitorunun texnologiyası, analoqlarından üstün olan superplastifikatorun alınma texnologiyası, maye kauçukun ən müasir istehsal texnologiyası, yüngül gəmi dizel mühərrikləri üçün yanacaq alınma texnologiyası, dünyada bənzəri olmayan müalicəvi "ağ Naftalan yağı"nın alınma texnologiyası və digər elmi nəticələri sadalayıb. Qeyd edib ki, institutun alimləri SSRİ-nin 6 dövlət mükafatına və Azərbaycanın 4 dövlət mükafatını layiq görülüblər.

Müxtəlif istiqamətli tədqiqatların bu gün davam etdirildiyini deyən V.Abbasov institutun istehsalatla əlaqəli işlədiyini bildirib. Vurğulayıb ki, respublikanın elmi-tədqiqat institutları və ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edilir.

Akademik institutun şərəfli tarixinə və bu gününə böyük dəyər verdiyi üçün Prezident İlham Əliyevə, yubiley tədbirinin təntənəli şəkildə təşkilinə görə isə AMEA rəhbərliyinə kollektiv adından təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev Neft-Kimya Prosesləri İnstitutunun tarixinin Azərbaycanın qədim neft-qaz sənayesinin inkişaf yolu ilə sıx bağlı olduğunu bildirib. Vurğulayıb ki, bu gün də neft-qaz sənayesinin inkişafına mühüm töhfələr verən institut yüksək elmi potensialı, müasir biliklərə və zəngin təcrübəyə malik mütəxəssisləri ilə Xəzər regionunda tanınır. Alimlərimizin kataliz, üzvi kimya, yüksəkmolekullu birləşmələr kimyası, neft-kimya sintezi kimi perspektivli istiqamətlər üzrə əldə etdikləri elmi nəticələr böyük istehsalat əhəmiyyəti daşıyır, ölkəmizin iqtisadi qüdrətinin daha da güclənməsinə xidmət edir. SOCAR Y.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutu ilə əməkdaşlığı yüksək qiymətləndirir, institutun maddi-texniki bazasının müasirləşməsini, texniki potensialının zənginləşməsini daim diqqət mərkəzində saxlayır. Neft-Kimya Prosesləri İnstitutu ilə SOCAR-ın Bakı Ali Neft Məktəbinin əməkdaşlığı da uğurludur. Tələbələr institutun laboratoriyalarında tədqiqatlar aparır, nüfuzlu alimlərin kimyadan mühazirələrinə qulaq asır və laboratoriya məşğələləri keçirlər. Bir sözlə, əməkdaşlıq ildən-ilə daha da genişlənir və dərinləşir.

Yubiley tədbirində Təhsil naziri Ceyhun Bayramov, AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev, akademik N.D.Zelinski adına Noosfera Mühafizə Mərkəzinin və Muzeyinin direktoru, professor Andrey Nikolayeviç Zelinski, İğdır Universitetinin rektoru professor Mehmet Hakkı Alma, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı çıxış edərək institutun yaranma tarixindən, fəaliyyət istiqamətlərindən, həyata keçirilən layihə və tədqiqatlardan, uğurlu nəticələrdən danışıblar, qurumun neft emalı və neft kimyası sahəsinə böyük töhfə verdiyini bildiriblər. Çıxış edənlər elmi müəssisənin kollektivini 90 illik yubiley münasibətilə təbrik ediblər, gələcək tədqiqatlarda onlara uğurlar arzulayıblar.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR