Naxçıvan Dövlət Universitetində “VII Liderlik məktəbi – Nəqşicahan” layihəsində iştirak edəcək tələbələrlə görüş keçirilib. Görüşdə universitetin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov çıxış edərək bildirib ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının silsilə şəkildə həyata keçirdiyi “Liderlik məktəbi” layihəsi gənclərin təşəbbüskarlığının dəstəklənməsi, onların dövlət gənclər siyasətinin həyata keçirilməsində səmərəli iştirakının təmin edilməsi baxımından olduqca əhəmiyyətlidir. Builki “Yay liderlik məktəbi” layihəsinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi Naxçıvan və Azərbaycanın digər regionlarının gəncləri arasında sağlam əlaqələrin inkişafına, onların bilik və dünyagörüşlərinin formalaşmasına xidmət edəcək. Rektor layihədə iştirak etmək üçün qeydiyyatdan keçən 70 nəfər naxçıvanlı tələbə gəncdən 30 nəfərin seçildiyini, onlardan 19 nəfərin isə məhz Naxçıvan Dövlət Universitetinin tələbəsi olduğunu diqqətə çatdırıb, bunu muxtar respublikada gənclərə göstərilən hərtərəfli qayğının təzahürü kimi qiymətləndirib.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının müavini, Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri Arzu Abdullayev çıxış edərək bildirib ki, 7 gün davam edəcək təlimlərdə 110 nəfər tələbə iştirak edəcək. İştirakçılar 25 nəfərdən ibarət 4 komandaya bölünəcək. Layihə çərçivəsində iştirakçılara “Liderlik bacarıqlarının inkişafı”, “Layihələrin yazılması və idarə olunması”, “Ünsiyyət bacarıqları” və “Komanda işi” mövzularında təlimlər keçiləcək. Məqsəd komanda şəklində işləməklə istedadlı gənclərin liderlik bacarıqlarını inkişaf etdirmək, onları gələcək ictimai-sosial mühitə hazırlamaqdır.
Liderlik məktəbinin sonunda fərqlənən tələbələr mükafatlandırılacaqlar.
Mehriban SULTAN