Muxtar respublikamızda təhsilin inkişaf etdirilməsi, müasirləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi, yüksəkixtisaslı mütəxəssislərin hazırlanması üçün zəruri tədbirlər həyata keçirilir. Hər il muxtar respublikamızın müxtəlif ünvanlarında məktəb binaları tikilərək və ya yenidən qurularaq istifadəyə verilir. Yeni təhsil müəssisələrində müəllim və şagirdlər üçün nümunəvi şərait yaradılır, fənn kabinələri, laboratoriyalar, açıq və örtülü idman qurğuları istifadəyə verilir, müasir informasiya və kommunikasiya texnologiyaları tətbiq olunur. Doğma diyarımızda təhsilə göstərilən qayğı, yaradılan hərtərəfli şərait isə bəhrəsiz qalmır. Hər il ali məktəblərə sənəd verən abituriyentlərin qəbul imtahanlarında yüksək bal toplamaları göstərilən qayğının müsbət nəticəsindən xəbər verir.
2007-2008-ci tədris ilində ölkə təhsili tarixində ilk dəfə olaraq “Ən yaxşı müəllim” və “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin keçirilməsinə start verilməsi də təhsilə böyük önəm verilməsinin daha bir göstəricisidir. Böyük bir ziyalılar nəslinin yaranmasına vəsilə olan müəllimlərə bu ehtiram, əslində, həm də dövlətin nüfuzu, cəmiyyətin daha da inkişafı üçün atılan addım idi.
Ötən günlərdə ölkəmizin pedaqoji ictimaiyyətini dövlət başçısının növbəti sərəncamları sevindirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 6 avqust tarixli sərəncamları ilə 2012-2013-cü tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrində müvəffəqiyyət qazanan ümumtəhsil məktəbləri və müəllimlər mükafatlandırılmışlar. Təbii ki, onlar arasında muxtar respublikamızın da məktəbləri vardır. Bunlar Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbi, Ordubad şəhər 3 nömrəli tam orta məktəbi, Şərur şəhər 1 nömrəli tam orta məktəbidir. Müsabiqənin qalibi olmuş bu məktəblər 10000 manat məbləğində birdəfəlik pul mükafatları ilə mükafatlandırılmışlar.
Naxçıvan şəhər 10 nömrəli tam orta məktəb Naxçıvan şəhərində köklü məktəblərdən biridir. Qeyd edim ki, bu il fevralın 12-də məktəb üçün yeni bina istifadəyə verilmişdir. 972 şagird yerlik məktəb binası müasir tələblər səviyyəsindədir. Binada 4-ü elektron lövhəli olmaqla, 54 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 3 kompüter otağı, 2 müəllimlər otağı, kitabxana, bufet və idman zalı vardır. Yaradılan tədris şəraiti, istifadəyə verilən fənn laboratoriyaları və kabinələri şagirdlərin dərsləri daha yaxşı mənimsəmələrinə və bundan sonra da yüksək təhsil uğurları qazanmalarına imkan verir.
Məktəbin pedaqoji kollektivi 80 nəfərdən ibarətdir. Təhsil ocağının müəllimlərindən Solmaz Əliyeva Azərbaycan Respublikasının, Tahirə İsmayılova Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimləridir. Müəllimlərdən İradə Quliyeva “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Yaradılan hərtərəfli şəraitdən istifadə edən pedaqoji kollektiv uğurlarını daha da artırır. Məktəbin yaddaqalan göstəricilərindən biri də Azərbaycanda keçirilən fənn olimpiadasında qazandığı uğurlu nəticədir. 2011-2012-ci tədris ilində məktəbin bir şagirdi fənn olimpiadasında “Azərbaycan tarixi” fənni üzrə IV yerin sahibi olmuşdur. 2012-2013-cü tədris ilində isə Aysu Pənahova “Biologiya” fənni üzrə IV yerə layiq görülmüşdür. Qazanılan uğurlar, hər şeydən əvvəl, özünü ali məktəblərə qəbulun dinamikasında, yüksək bal toplayan tələbələrin sayının artmasında da göstərir. Belə ki, 2011-2012-ci tədris ilində ali məktəblərə sənəd verən 41 məzundan 24 nəfəri müxtəlif ali təhsil müəssisələrinə, 4 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunmuşdur. 2012-2013-cü tədris ilində məktəbdə 385 şagird təhsil almışdır. Onlardan 37 nəfəri XI sinfin məzunudur. 34 nəfər ali məktəblərə sənəd vermiş, 28 nəfəri keçid balını keçmişdir. Abituriyentlərdən Surə Qurbanova III ixtisas qrupu üzrə 690 bal toplayaraq təhsil aldığı məktəbin adını daha da ucaltmışdır.
Yuxarıda da qeyd etdiyimiz kimi, mükafata layiq görülən qabaqcıl təhsil ocaqlarından biri də Ordubad şəhərindəki 3 nömrəli tam orta məktəbdir. Bu məktəb 1964-cü ildən fəaliyyət göstərir. Məktəbin müəllimlərindən Səkinə Tağıyeva Azərbaycan Respublikasının əməkdar müəllimidir. Nəzakət Babayeva və Surə Əliyeva “Tərəqqi” medalı ilə təltif edilmişlər. Müəllimlərdən Nəzakət Əliyeva isə 2009-2010-cu tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsində müvəffəqiyyət qazanmışdır. Göstərilən bu qayğı hesabına müəllimlər işlərini günün tələbləri səviyyəsində qurmağa çalışır, məktəbin uğurlarını artırırlar. Buna görədir ki, hər il qəbul imtahanlarında məktəbin qəbuldakı həm kəmiyyət, həm də keyfiyyət faizi yüksəlir. Builki qəbul imatahanlarında məzunlardan 17 nəfəri keçid balını keçmişdir. Onlardan Lamiyə Qənbərli 650, Aidə Əsgərova 645, Elnar Haşımov 603 və Əhəd Nəcəfov 592 bal toplamışlar.
“Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində fərqlənən məktəblərdən biri də Şərur şəhərindəki 1 nömrəli tam orta məktəbdir. Adıçəkilən məktəb də hər il qəbul imtahanlarında yüksək nəticələr göstərir. 2011-2012-ci tədris ilində məktəbin məzunlarından 14 nəfəri tələbə adını qazanmışdır. İki məzun 600-dən yuxarı bal toplamış, onlardan bir nəfəri Prezident təqaüdünə layiq görülmüşdür. Builki qəbulun nəticələri də ürəkaçandır. Belə ki, məktəbin məzunlarından 28 nəfəri ali məktəblərə sənəd vermiş, 14-ü keçid balını keçmişdir. 5 nəfər 500-700 intervalında bal toplamışdır. Onlardan Nəzifə Rəhimli IV ixtisas qrupu üzrə 630 bal toplayaraq həmyaşıdlarından fərqlənmişdir.
Hər üç məktəbin pedaqoji kollektivləri ilə sözügedən sərəncamdan sonrakı görüşlərimiz zamanı söhbətlərimizdə onlar dövlətimiz tərəfindən məktəblərə və müəllimlərin əməyinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını bildirdilər. Onu da xüsusi vurğuladılar ki, ölkə başçısının bütün çıxışlarında, elm-sənət adamları ilə görüşlərində səmimiyyətlə söylədiyi, artıq aforizmə çevrilən bir kəlamı var: “Biz iqtisadi potensialımızı intellekt kapitalına çevirməliyik”. Bunu artıq hər bir təhsil işçisi bir vəzifə kimi qəbul edir. Təhsil işçiləri ölkəmizdə kifayət qədər intellekt kapitalının formalaşması üçün bundan sonra da səy və əzmkarlıq göstərəcəklər.
Sara ƏZİMOVA