Dünən Naxçıvan şəhərindəki “Təbriz” mehmanxanasında “VII Liderlik məktəbi – Nəqşicahan” layihəsinin açılış mərasimi keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli liderimizin Naxçıvan şəhərindəki əzəmətli abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı və Naxçıvan Dövlət Universitetinin dəstəyi ilə “VII Liderlik məktəbi – Nəqşicahan” layihəsinin açılış mərasimini giriş sözü ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov açaraq bildirib ki, indiyə kimi təşkilat 6 liderlik məktəbi layihəsini həyata keçirib. Bu məktəblərdə 600-dən çox tələbə iştirak edib. “VI Liderlik məktəbi – Qış parlamenti” layihəsi digər liderlik məktəblərindən fərqli olaraq, parlament formatında həyata keçirilib. “VII Liderlik məktəbi – Nəqşicahan” layihəsi çərçivəsində müxtəlif təlimçilər tərəfindən tələbələrə liderlik, PR-sosial media, layihənin yazılması və idarə olunması, protokol qaydaları və digər təlimlər keçiləcək. Bu layihə ərzində tələbə gənclərin yeni ideyalarının və təkliflərinin təşkilat tərəfindən dəstəklənməsi və reallaşdırılması nəzərdə tutulub.
Açılış mərasimində Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İntiqam Babayevin, muxtar respublika gənclər və idman nazirinin müavini Mirməcid Seyidovun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin prorektoru Məmməd Rzayevin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayevin, muxtar respublika Təhsil Nazirliyinin aparat rəhbəri Rəşad Xudiyevin çıxışları olub.
Çıxışlarda Azərbaycanda, eləcə də muxtar respublikada həyata keçirilən gənclər siyasətindən, tələbə gənclərin ölkənin ictimai-siyasi həyatındakı rolundan, bu qəbildən layihələrin gənclərin inkişafında və ictimai fəallığının artırılmasındakı əhəmiyyətindən söz açılıb. Müasir dövrdə Azərbaycan gənclərinin ölkəmizin həyatının bütün sahələrində fəal iştirakının vacibliyindən də bəhs edildiyi tədbirdə liderlik xüsusiyyətlərinə malik, mükəmməl vətəndaş mövqeyi olan gənclərin formalaşmasında bu cür tədbirlərin rolu xüsusi qeyd olunub. Bildirilib ki, bu gün gənclərə liderlik keyfiyyətlərinin aşılanması olduqca vacibdir. Azərbaycan gənclər ölkəsidir. Hazırda respublikamızda mövcud elitanı gələcəkdə əvəz edəcək liderlərin formalaşdırılması çox əhəmiyyətli məsələdir.
Sonra komanda liderlərinə bayraqlar təqdim edilib.
Məlumat üçün bildirək ki, 2010-cu ildən etibarən ATGTİ tərəfindən ildə 2 dəfə reallaşdırılan bu layihənin məzunlarının sayı 600-ü ötüb. Layihənin məzunlarının bir hissəsi hazırda tələbə gənclər təşkilatları sədrləri, beynəlxalq qurumların əməkdaşları, özəl şirkətlərin işçiləridir. Onların bir çoxu ölkəmizi beynəlxalq müstəvidə uğurla təmsil edir. Ölkəmizin müxtəlif ali təhsil müəssisələrində 110 fəal tələbə gəncin iştirakçısı olduğu layihənin iştirakçılarının siyahısı 1000-dən çox tələbə arasında II mərhələdə aparılan seçimlərdən sonra təsdiqlənib. Muxtar respublikanı bu layihədə ali və orta ixtisas məktəblərinin 30 tələbəsi təmsil edir. “VII Liderlik məktəbi – Nəqşicahan” layihəsinin təlimləri avqustun 18-dək davam edəcək.
Səbuhi HÜSEYNOV