22 Dekabr 2024, Bazar

Görkəmli alim, Azərbaycan elm və təhsil sahələrinin nüfuzlu nümayəndələrindən biri, AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Fəxrəddin Səfərlinin 70 yaşı tamam olur.
Fəxrəddin Səfərli Azərbaycan tarix elmini və təhsilini yorulmaz fəaliyyəti ilə daim zənginləşdirən məhsuldar elm adamı, bacarıqlı elm təşkilatçısı, təcrübəli təhsil nümayəndəsi kimi böyük hörmət və nüfuz qazanmışdır. O, Azərbaycan tarixinin müxtəlif problemlərinə, xüsusilə epiqrafika sahəsinə aid neçə-neçə sanballı əsər yazmış, tariximizin çox çətin sahəsi olan daş kitabələrin tədqiq edilməsinə layiqli töhfəsini vermişdir.
1949-cu il sentyabrın 29-da Naxçıvan Muxtar Respublikasının Cəhri kəndində (indiki Babək rayonu) anadan olan Fəxrəddin Səfərli 1966-cı ildə kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialının Tarix ixtisasına daxil olur. 1971-ci ildə həmin ixtisası müvəffəqiyyətlə bitirən Fəxrəddin müəllim doğulduğu Cəhri kənd orta məktəbində tarix müəllimi kimi pedaqoji fəaliyyətə başlayır və 1979-cu ilə qədər burada özünü bacarıqlı müəllim, tədris etdiyi fənni mükəmməl bilən, onu şagirdlərə sevdirməyi bacaran pedaqoq kimi təsdiq edir. Lakin tarix elminə sonsuz marağı onu tədqiqatçılığa, elm dalınca getməyə həvəsləndirir. Elə bu maraq onu Azərbaycan Elmlər Akademiyasının Naxçıvan Elmi Mərkəzinə gətirir.
Elmi fəaliyyətə başlayan Fəxrəddin müəllim Azərbaycan tarixinin çox vacib və köməkçi bir sahəsini – epiqrafikanı seçir. “Kitabə” mənasını verən epiqrafikaya tariximizin böyük ehtiyacı var idi. Naxçıvan şəhərində, muxtar respublika ərazisindəki onlarla tarix və mədəniyyət abidələri üzərindəki, unudulmuş orta əsr qəbiristanlıqlarındakı kitabələr tədqiqatçılarını gözləyirdi. Azərbaycan tarixinə və tarixi abidələrimizə maraq onu Azərbaycan Elmlər Akademiyasının Abasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun Arxeologiya və etnoqrafiya bölməsinə aparıb çıxarmışdır. O, burada dissertant olmuş, Naxçıvanın epiqrafik abidələrinin tədqiqinə başlamışdır.

Fəxrəddin Səfərli “Naxçıvan MSSR-in ərəb-fars dilli kitabələri tarix-mədəniyyət abidələri kimi (XVI – XIX əsrlər)” mövzusunu namizədlik dissertasiyası seçir. Muxtar respublika ərazisindəki ərəb-fars dilli kitabələri qeydə alır, estamplarını götürür, mətnlərini oxuyaraq tərcümə edir, tədqiq etməyə başlayır. 1987-ci ildə uğurla dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alır. Naxçıvan Elmi Mərkəzində kiçik elmi işçi kimi fəaliyyətə başlayan Fəxrəddin müəllim böyük elmi işçi, Arxeologiya və etnoqrafiya şöbəsinin müdiri vəzifəsinə yüksəlir.
Təcrübəsi artan, fəaliyyət dairəsi genişlənən Fəxrəddin müəllim Naxçıvan Muxtar Respublikasının müsəlman epiqrafikası abidələrinin əksəriyyətini qeydə alır, onları Azərbaycanın orta əsrlər dövrü tarix və mədəniyyətinin mənbəyi kimi tədqiq edir, çoxlu görkəmli şəxsiyyətin adlarını, qəbirlərinin yerini, vəfat tarixini, bir sıra yaşayış məskənlərinin dövrünü müəyyənləşdirir. Ərazidəki kitabələrin çoxu məhz onun tədqiqatları ilə ilk dəfə olaraq elmi dövriyyəyə daxil edilir. O, Naxçıvan bölgəsinin epiqrafikasına aid “Ordubad şəhərinin epiqrafik abidələri”, “Culfa bölgəsinin epiqrafik abidələri”, “Naxçıvan şəhərinin epiqrafik abidələri” (Azərbaycan və rus dillərində), “Epiqrafika”, “Müsəlman kitabələri tarix-mədəniyyət abidələri kimi”, “Azərbaycan tarixi dərslərində epiqrafik materiallardan istifadə” və sair kimi monoqrafiya, kitab, dərslik, tədris və metodik vasitələri hazırlayıb nəşr etdirir. Müəllifin “Naxçıvan epiqrafik abidələrində görkəmli şəxsiyyətlər” monoqrafiyasında Naxçıvan Muxtar Respublikası ərazisindəki epiqrafik abidələrin məlumatları əsasında orta əsrlər zamanı Azərbaycan dövlətlərinə rəhbərlik etmiş 10 hökmdar və 97 görkəmli dövlət xadimi, alim, sənətkar və başqaları haqqında geniş məlumatlar vermiş, onların fəaliyyətlərindən bəhs etmişdir. Bütün bunlar Fəxrəddin müəllimi respublikamızda görkəmli epiqrafist alim kimi tanıtmışdır.
Fəxrəddin müəllimin fəaliyyətində Naxçıvan Dövlət Universitetində çalışdığı illər mühüm yer tutur. 1995-ci ildən həmin ali məktəbdə müəllim kimi fəaliyyət göstərən Fəxrəddin Səfərli sonradan Azərbaycan tarixi kafedrasının professoru, 2002-2007-ci illərdə isə Universitet Həmkarlar İttifaqı Komitəsinin sədri olmuşdur. Həmin illərdə Naxçıvan Dövlət Universiteti Azərbaycan ali təhsil müəssisələri arasında bir çox parametrlərə görə birinci yerə çıxmışdır.
Fəxrəddin müəllimin elmi-tədqiqat sahəsi çox genişdir. Onun Azərbaycan tarixinin sovet dövründə yasaq edilmiş problemlərinin araşdırılmasında mühüm xidmətləri var.
Alimin “Naxçıvanda sosial-siyasi və ideoloji mərkəzlər” mövzusundakı doktorluq dissertasiyası Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq maddi mədəniyyət nümunələri araşdırılmışdır. Həmçinin orta əsr qaynaqları, epiqrafik faktlar əsasında müsəlman ruhanilərinin, Naxçıvanda fəaliyyət göstərən sosial-siyasi və ideoloji mərkəzlərin ölkənin həyatında rolu və mövqeyi məsələsi tədqiq olunmuşdur. Bununla bağlı müəllifin üç monoqrafiyası – “Naxçıvanda sosial-siyasi və ideoloji mərkəzlər”, “Naxçıvanda sufiliklə bağlı mərkəzlər”, “Orta əsrlər zamanı Naxçıvanın sosial-siyasi həyatında dini mərkəzlərin rolu” və çoxsaylı elmi məqalələri çap edilmişdir. Bu əsərlərdə sufizmin mənşəyi, təşəkkülü, yayılması, mərkəzləri və sufi şeyxləri haqqında, o cümlədən Şeyx Əbu Səid, Şeyx Hacı Lələ Məlik, Şeyx Hacı Hilalullah, Əmir xəlifə, Nemətullah Naxçıvani, qadın sufilər və başqaları haqqında əhatəli, dolğun məlumatlar verilmişdir. İlk dəfə olaraq Naxçıvanın məscid və ziyarətgahları ümumiləşdirilərək hər biri haqqında yığcam bəhs edilmişdir. Müəllif Naxçıvanda məktəb və mədrəsələrin fəaliyyəti ilə bağlı qeyd edir ki, Naxçıvanın geostrateji mövqeyi və onun Xilafətin Bizansa qarşı çevrilmiş əsas dayaq nöqtələrindən biri olmasını nəzərə alaraq ərəblər bu ölkədə elmin, təhsilin inkişafına şərait yaratmış və kömək etmişlər. Fəxrəddin Səfərlinin bu araşdırmalarına hələ vaxtilə tanınmış alimlər çox yüksək qiymət vermişlər: “Fəxrəddin Səfərli özünü mükəmməl və ciddi tədqiqatçı kimi göstərmişdir” (Ziya Bünyadov); “Fəxrəddin Səfərlini digər epiqrafist alimlərdən fərqləndirən cəhət onun tədqiqatlarında problemlərə olan kompleks münasibətdir” (İsa Həbibbəyli); “Fəxrəddin Səfərli Naxçıvanın Azərbaycanın sosial-siyasi və ideoloji mərkəzlərindən biri olduğunu sübuta yetirmişdir” (Nailə Vəlixanlı).
Fəxrəddin Səfərlinin 2007-ci ildən sonrakı dövr elmi fəaliyyəti AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu ilə bağlı olmuşdur. O, 2007-ci ilin oktyabrından həmin instituta direktor seçilmiş, bütün fəaliyyətini institutun rol və mövqeyinin möhkəmləndirilməsi, kadr potensialının artırılması və elmi fəaliyyətinin gücləndirilməsinə sərf etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 6 dekabr tarixli Sərəncamı ilə muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələrinin qeydə alınması və pasportlaşdırılması bir vəzifə olaraq qarşıya qoyulmuşdu. Fəxrəddin Səfərlinin rəhbərliyi ilə institut əməkdaşları iki il ərzində 1200-dən çox tarix və mədəniyyət abidəsini aşkar etmiş, qeydə almış və pasportlaşdırmışdır. Bu tarix və mədəniyyət abidələrindən 600-ə yaxını dünya və ölkə əhəmiyyətli abidələrdir. Həmin abidələr əsasında “Naxçıvan Abidələri Ensiklopediyası” hazırlanıb nəşr edilmişdir.
Tarix və mədəniyyətə, tarixi abidələrə, milli-mənəvi dəyərlərə bağlılıq Fəxrəddin müəllimin elmi fəaliyyətində mühüm yer tutur. Onun “Duaların Allaha çatdığı yer – Əshabi-Kəhf”, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi”, “Naxçıvanın məscid və ziyarətgahları”, “Naxçıvan imamzadələri”, “Naxçıvan türbələri”, “Naxçıvan türk-islam mədəniyyəti abidələri” kimi əsərləri bilavasitə tarix və mədəniyyət abidələrimizi tanıtmaq istiqamətində atılmış çox böyük uğurlu addımdır.
Məlum olduğu kimi, Naxçıvan şəhəri 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilmişdi. Fəxrəddin Səfərli bununla əlaqədar monoqrafiya hazırlamış və burada Naxçıvanın türk-islam mədəniyyəti abidələrindən və bu abidələri inşa edən memarlar haqqında məlumatlar vermiş, təhlillər və ümumiləşdirmələr aparmışdır. Müəllifin “Tarixi mənbələrdə Nuh Peyğəmbər” kitabı böyük maraq doğurmuşdur. Kitabda Naxçıvanda Nuh Peyğəmbərlə əlaqədar yaranmış şifahi xalq ədəbiyyatı nümunələrindən olan miflər, əfsanə və rəvayətlər, inamlar, bayatılar, yer-yurd adları, deyimlər, qaynaqlarda Nuh Peyğəmbər və Naxçıvanla bağlılığı haqqında məlumatlar, tədqiqatlar yer almışdır. Kitab elmi dəyərinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən mükafata layiq görülmüşdür.
Fəxrəddin müəllim daha çox Azərbaycan tarixinin orta əsrlər dövrünün mükəmməl tədqiqatçısı olsa da, o, tariximizin digər dövrləri və problemləri ilə də bağlı tədqiqatlar aparmış, əsərlər ortaya qoymuşdur. Belə problemlərdən biri də məkrli düşmənlərimiz, onların haqsız və məqsədli iddialarıdır. Erməni millətçiləri Naxçıvanla bağlı ərazi iddiaları irəli sürür və bunu bölgədə erməni qəbir abidələrinin üstünlük təşkil etməsi ilə əlaqələndirirlər. Bu uydurma iddialara laqeyd qala bilməyən müəllifin “Qondarma erməni soyqırımı və tarixi həqiqətlər” kitabında ermənilərin Naxçıvana köçürülməsi, müsəlman epiqrafikası abidələrinin məlumatları əsasında ərazilərin Azərbaycan xalqına məxsusluğu, erməni iddialarının əsassızlığı sübuta yetirilir, maddi mədəniyyət nümunələrinə qarşı erməni vandalizmi ifşa olunur.
AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin elmi yaradıcılığının və ictimai fəaliyyətinin əsas mahiyyətini Azərbaycançılıq və milli dövlətçilik təlimi təşkil edir. Ulu öndər Heydər Əliyev haqqında qələmə aldığı “Heydər Əliyev irsi – əbədiyaşar təlim” monoqrafiyasında ulu öndərin nəzəri irsinin ölkəmizin gələcək uğurlarının əsasını təşkil etməsi əsaslandırılmış və bu təlimə dönə-dönə müraciət edilməsinin zəruriliyi göstərilmişdir. Əsərdə görkəmli dövlət xadiminin Azərbaycana rəhbərliyinin hər iki dövrünə, həyat və fəaliyyətinin müxtəlif məqamlarına diqqət yetirilmiş, dahi şəxsiyyətin milli-mənəvi dəyərlərimizə göstərdiyi qayğı, Naxçıvan Muxtar Respublikasının erməni işğalından xilas edilməsindəki tarixi rolu, Naxçıvan dövrü fəaliyyəti təhlil edilmiş, əhəmiyyətli ümumləşdirmələr aparılmışdır.
AMEA Naxçıvan Bölməsində bir sıra ümumiləşdirici və fundamental əsərlərin, xəritələrin, ensiklopediyaların hazırlanmasında Fəxrəddin Səfərlinin böyük əməyi olmuşdur. Onun bilavasitə iştirakı və müəllifliyi ilə ikicildlik “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan Abidələri Ensiklopediyası”, “Naxçıvan tarixi atlası”, “Dədə Qorqud yurdu – Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlası”, üçcildlik “Naxçıvan tarixi” əsərləri hazırlanmış və nəşr edilmişdir.
Fəxrəddin Səfərli Azərbaycan tarixi elmində öz sözünü deyən yaradıcı və məhsuldar tədqiqatçı alimdir. O, 600-ə yaxın elmi və elmi-kütləvi əsərin müəllifidir. Bunlardan 12-si monoqrafiya, 3-ü kitab, 5-i kitabça, 2-si dərslik, 2-si metodik vəsait, 2-si tərtibat, 300-dən çoxu isə elmi məqalələrdir. Onun apardığı tədqiqatlarla bağlı əsərlər Rusiya, Bolqarıstan, Türkiyə, İran, Ukrayna və başqa xarici ölkələrdə nəşr edilmişdir.
Alim dövlətçiliyimizin qorunmasında, möhkəmləndirilməsində vətəndaş qeyrəti göstərən və irəlidə gedən ziyalılarımızdandır. Onun fəaliyyəti xalqına, dövlətinə sədaqət nümunəsi, vətənpərvərliyi isə gənclərə örnəkdir.
Fəxrəddin Səfərli ölkəmizin, eləcə də muxtar respublikamızın ictimai-siyasi həyatında yaxından iştirak edir. O, IV və V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komitəsinin sədri seçilmişdir. 2010-cu ildə professor elmi adını alan alimin elmi fəaliyyəti və tədqiqatçılıq bacarığı, kadr hazırlığındakı rolu nəzərə alınaraq o, 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli elmi fəaliyyətinə və xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Əməkdar elm xadimi” fəxri adına, ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Xatirə Qızıl medalına, AMEA Rəyasət Heyətinin Fəxri Fərmanına layiq görülmüşdür.
Fəxrəddin Səfərli yüksək insani keyfiyyətləri ilə də onu tanıyanların, işlədiyi kollektivin, yetirmələrinin dərin hörmətini qazanmışdır.
Biz də tanınmış alimi 70 yaşının tamam olması münasibətilə təbrik edir, ona elmimizin daha da inkişafı və çiçəklənməsi naminə davamlı uğurlar arzulayırıq!

İsmayıl HACIYEV
Azərbaycan Milli Elmlər Akademiyası
Naxçıvan Bölməsinin sədri, akademik

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR