“İnteraktiv açıq dərs” layihəsi çərçivəsində AMEA Naxçıvan Bölməsi ilə muxtar respublikanın ümumtəhsil məktəbləri arasında yeni tədris ilinin ilk dərsi təşkil edilib.
“Naxçıvan Muxtar Respublikasının biomüxtəlifliyi: flora və faunanın nadir növləri” mövzusunda keçilən dərsdə bölmənin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov bu diyarın biomüxtəlifliyinə daxil olan flora və faunanın nadir növləri, onların müasir vəziyyəti ilə bağlı şagirdlərə ətraflı məlumat verib.
Akademik Azərbaycanın və onun tərkib hissəsi olan Naxçıvanın zəngin bitki örtüyü, heyvanlar aləmi və təbii sərvətlərə malik olduğunu deyərək ekologiyamızın qorunması istiqamətində mühüm işlərin görüldüyünü bildirib. Vurğulanıb ki, biomüxtəlifliyin mühafizəsi və bərpa edilməsində təbii mühit unikallığının, nadir və nəsli kəsilmək təhlükəsi olan növlərin saxlanılmasında xüsusi mühafizə olunan təbiət ərazilərinin rolu olduqca böyükdür.
Tariyel Talıbov muxtar respublikanın coğrafi mövqeyi, təbiəti, flora və faunası, xüsusi mühafizə olunan təbiət əraziləri barədə məlumat verib. Bildirib ki, müxtəlif illərdə ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi istiqamətində mühüm qanun və qərarlar qəbul edilib.
Dərsdə Bioresurslar İnstitutunun əməkdaşları tərəfindən aparılan tədqiqatların nəticələri, eyni zamanda videoslayd vasitəsilə naturadan çəkilmiş fauna və flora növlərinin fotoşəkilləri və videoları şagirdlərin diqqətinə çatdırılıb.
Dərs muxtar respublikanın 200-dən çox ümumtəhsil məktəbində izlənilib.
AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi