AMEA Naxçıvan Bölməsində “Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” mövzusunda elmi konfrans keçirilib.
Tədbir AMEA Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Konfransı bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında” 2019-cu il 18 aprel tarixli Sərəncamını xatırladıb, bu istiqamətdə həyata keçirilən tədbirləri diqqətə çatdırıb.
İsmayıl Hacıyev Hüseyn Cavid nəslinin layiqli davamçısı Ərtoğrol Cavidin həyat yolundan, onun zəngin və parlaq yaradıcılıq fəaliyyətindən də ətraflı bəhs edib. Ərtoğrol Cavidin rəssam, bəstəkar, musiqişünas, tədqiqatçı, dramaturq, tərcüməçi, şairlik fəaliyyətindən söz açan alim bildirib ki, Azərbaycan Dövlət Pedaqoji İnstitutunu fərqlənmə diplomu ilə bitirən Ərtoğrol Azərbaycan Dövlət Konservatoriyasında da oxuyub, görkəmli bəstəkar Üzeyir Hacıbəyovun tələbəsi olub. O, unudulmaqda olan 200-dən çox el nəğmələrini, folkloru, xalq musiqisi və rəqslərini toplayaraq nota köçürüb.
Ümummilli lider Heydər Əliyevin Cavidlər irsinə və ailəsinə göstərdiyi qayğıdan da danışan akademik bunun, bütövlükdə, Azərbaycan ədəbiyyatına verilən dəyər olduğunu bildirib. Vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı müvafiq sərəncam da Cavidlər ailəsinə göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Konfransda bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, Naxçıvan Dövlət Universitetinin professoru, filologiya üzrə elmlər doktoru Hüseyn Həşimli, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri Yaşar Xəlilov, “Naxçıvan” Universitetinin Pedaqoji fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Nurlana Əliyeva, Naxçıvan Müəllimlər İnstitutunun dosenti, filologiya üzrə fəlsəfə doktoru Həsənalı Eyvazlı müxtəlif mövzularda elmi məruzələrlə çıxış ediblər.
AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi