Naxçıvan Dövlət Universitetində keçirilən tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək bildirib ki, dövlətimiz tərəfindən universitet əməkdaşlarının iş şəraitinin və rifahının yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində olub. Rektor bunun bariz nümunəsi olaraq 2019-cu il sentyabr ayının 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələri işçilərinin aylıq vəzifə maaşlarının minimum əməkhaqları nəzərə alınmaqla 20 faiz artırılması barədə Sərəncamını universitet əməkdaşlarının diqqətinə çatdırıb.
Kitabxanaçılıq və informasiya ixtisası üzrə II kurs tələbəsi Fidan Əzimli dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan istedadlı gənclərin təhsil xərclərinin qarşılanması üzrə ötən il keçirilən müsabiqədə qardaşının və öz adının olmasına görə çox sevindiklərini bildirib. O, ali təhsil ocağında tələbə-gənclərə göstərilən qayğıya görə muxtar respublika rəhbərinə minnətdarlığını ifadə edib.
Universitetin Dünya iqtisadiyyatı və menecment kafedrasının müdiri, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Ceyhun Məmmədov Ali Məclisin Sədri cənab Vasif Talıbovun 2019-cu il sentyabrın 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncamını diqqətə çatdırıb. Şuranın üzvləri siyahısında Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmovun da adının olmasını elmi mühitə göstərilən dövlət qayğısı kimi dəyərləndirib.
Ali təhsil ocağının Kadr və ümumi işlər şöbəsinin müdiri Günay Məmmədova kollektiv adından muxtar respublika rəhbərinə minnətdarlığını ifadə edib. Bundan sonrakı fəaliyyətlərində daha məsuliyyətlə, əzmlə çalışacaqlarına əmin olduğunu bildirib.
Səadət ƏLİYEVA