Naxçıvan Dövlət Texniki Kollecində keçirilən tədbiri giriş sözü ilə kollecin direktoru Məmməd Qəribov açaraq məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, 2012-2013-ci tədris ilində kollecdə yol hərəkətinin təşkili, nəqliyyat vasitələrinin texniki istismarı, mühasibat uçotu, baytarlıq, bank işi olmaqla, 5 ixtisas üzrə kadr hazırlığı aparılmış, 32 nəfər müəllim tələbələrin təlim-tərbiyəsi ilə məşğul olmuşdur. Kollecdə əyani şöbədə 5 ixtisas üzrə 13 qrupda 164 tələbə, qiyabi şöbədə isə 1 ixtisas üzrə 2 qrupda 33, ümumilikdə isə 197 tələbə təhsil almışdır. Kolleci bu il 99 tələbə bitirmişdir.
Qeyd olunmuşdur ki, kollecin kompüter sinfində açıq dərslər təşkil edilmiş, tələbələrin internetdən düzgün istifadəsinə nail olunmuş, bütün informatika dərslərinin kompüter sinfində keçilməsinə nəzarət gücləndirilmişdir. Bu ilin birinci yarısında Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş məktəb dərslikləri ilə kollecin kitabxana fondu zənginləşdirilmişdir. Ümumi olaraq kitabxanada bədii ədəbiyyatlar, məktəb dərslikləri və ensiklopediyalar üçün ayrı-ayrılıqda bölmələr yaradılmışdır.
Vurğulanmışdır ki, 2013-cü ilin ilk 6 ayı ərzində uğurlarla yanaşı, bəzi nöqsanlar da müşahidə edilmişdir. Bu, əsasən, müəllimlərin açıq dərslərdə iştirakının və elektron lövhələrdə kompüterdən istifadənin aşağı səviyyədə olması, müəllimlərin elektron dərs vəsaitlərindən istifadə etməmələri ilə bağlı olmuşdur. Bu halların aradan qaldırılması üçün ciddi tədbirlər görülmüşdür.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış etmişdir.
Xəbərlər şöbəsi