Müasir qloballaşma əsrində Azərbaycanda milli tərəqqinin yeganə yolu elm və təhsilin, yeni biliklərin, intellektual əməyin inkişafından, habelə kompüter və informasiya texnologiyalarının geniş tətbiqindən keçir. Bu gün Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Bu sahədə həyata keçirilən islahatlar, ilk növbədə, Azərbaycanın xoşbəxt gələcəyinə hesablanıb.
Ölkəmizdə təhsilə diqqət və qayğı hələ ötən əsrin 60-cı illərindən başlayıb. Ulu öndər Heydər Əliyev 1969-cu ildən etibarən Azərbaycanda təhsil müəssisələrinin yeniləşdirilməsinə, onların maddi-texniki bazasının möhkəmləndirilməsinə, təhsilin keyfiyyətinin yüksəldilməsinə birbaşa rəhbərlik edib. İstedadlı və xüsusi qabiliyyətli gənclərin üzə çıxarılması, yeni texnologiyaların tətbiqi görkəmli dövlət xadiminin daim diqqət mərkəzində olub. Xalqımızın ümummilli lideri Heydər Əliyev deyirdi: “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”.
Müstəqillik illərində də Azərbaycanda təhsilin inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Görkəmli dövlət xadimi 1993-cü ildən başlayaraq təhsil sahəsində uğurlu islahatlar aparıb, ali təhsil müəssisələrinin şəbəkəsi genişləndirilib. Bu gün təhsil siyasəti dahi rəhbərin təməlini qoyduğu etibarlı zəmin üzərində davam və inkişaf etdirilir. Ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük səyləri sayəsində təhsil siyasəti Azərbaycanın davamlı inkişaf strategiyasının mühüm istiqamətlərindən birinə çevrilib. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən milli təhsil islahatlarının bir hissəsini də ixtisaslı müəllim kadrlarının hazırlanması, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması təşkil edir.
Qürur hissi ilə deyə bilərik ki, bu gün muxtar respublikamızda bütün sahələrdə olduğu kimi, təhsilə də xüsusi diqqət və qayğı ilə yanaşılır. Təkcə bir faktı qeyd edək ki, son 23 ildə muxtar respublikada 200-dən çox təhsil müəssisəsi öz fəaliyyətini müasir tədris şəraiti yaradılmış binalarda davam etdirir. Təbii ki, bu şərait gələcəyimiz olan savadlı, mükəmməl biliyə malik gənclərin yetişdirilməsindən xəbər verir. Bir təhsil işçisi olaraq deyə bilərəm ki, gənclərin informasiya cəmiyyətinə hazırlanmasını təmin etmək üçün bu gün təhsil müəssisələrində informasiya və kommunikasiya texnologiyalarının ən son nailiyyətləri tətbiq edilir. Bəli, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası bütün təhsil müəssisələrində təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına əhəmiyyətli dərəcədə təsir göstərib, yeni təlim üsullarının tətbiqinə əlverişli imkan yaradıb. Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsində Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı fənlərin tədrisi prosesində muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələr təşkil edilir, gənclər elmi biliklərlə yanaşı, milli-mənəvi dəyərlərimizi, tariximizi, mədəniyyətimizi ən mütərəqqi üsullarla mənimsəyirlər. Muxtar respublikamızın ümumtəhsil məktəblərinin kitabxana şəbəkələrinin genişləndirilməsi, onların maddi-texniki bazalarının gücləndirilməsi və şagirdlərin dərsliklərlə təminatı da diqqət mərkəzində saxlanılır. Bu gün təhsil müəssisələrində oxunması zəruri olan kitablardan ibarət guşələrin yaradılması, bu kitabların mütaliə və müzakirələrinin keçirilməsi mühüm əhəmiyyət daşıyır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə bilik və bacarıqları qiymətləndirilmiş müəllimlərin əməkhaqlarının artırılması təhsilə, təhsil işçilərinə göstərilən qayğının bariz nümunəsidir. Bu sərəncam müəllimlərin işə məsuliyyətlərini birə-beş artırıb. Məlum olduğu kimi, ötən ildən etibarən pedaqoji kadrların işə qəbulu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən həyata keçirilir. Bu, ümumtəhsil məktəblərinin pedaqoji kadrlarla təminatında əvvəlki illərdə yol verilmiş nöqsanların aradan qaldırılması və bu prosesin şəffaf həyata keçirilməsində mühüm rol oynamaqdadır. Göstərilən dövlət qayğısı və yaradılmış şərait nəticəsində şagirdlərin təhsilə marağı artır, ali və orta ixtisas məktəblərinə həm sənədvermə, həm də qəbulun nəticələri ilbəil yaxşılaşır.
Təhsil sahəsində uğurlarımızdan biri də abituriyentlərin ixtisas seçimi zamanı muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinə daha çox üstünlük vermələridir. Təhsilimizin himayədarı olan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin hər il yüksək bal toplayan tələbələrlə görüşü bir ənənə şəklini alıb. Bu yaxınlarda keçirilən tələbələrlə görüşdə Ali Məclisin Sədri demişdir: “Təhsil hər bir vətəndaşın həyatını düzgün qurmasında, fəal vətəndaş mövqeyini formalaşdırmasında, cəmiyyətin inkişafı və dövlət quruculuğunda yaxından iştirakında mühüm rol oynayan prosesdir. Bu prosesin fəal üzvü olmaq və uğurlu nəticə əldə etmək üçün hər bir gənc geniş dünyagörüşünə və müasir tələblərə uyğun təhsilə malik olmalıdır”.
Muxtar diyarımızda təhsil quruculuğu, təhsil siyasəti, gələcəyimiz olan gənclərin savadlı kadr kimi yetişməsi əsas vəzifələr sırasındadır. Ümumtəhsil məktəblərində yaradılan şərait hərtərəfli inkişaf edən formalaşmış gəncliyin yetişməsinə hesablanıb. Yeni texnologiyaların və distant təhsilin tətbiqi, müasir tədris metodlarından istifadə dünya təhsil sisteminə inteqrasiyasını sürətləndirib. Ümumtəhsil məktəblərində sürətli internetə çıxışı olan kompüterlər və elektron lövhələr quraşdırılıb, şagirdlərin istifadəsinə zəngin fonda malik kitabxanalar, laboratoriyalar və fənn kabinələri verilib. Həyata keçirilən təhsil islahatı və tətbiq olunan müasir tədris metodları nəticəsində təhsilin keyfiyyət əmsalı yüksəlib. Çalışdığım təhsil ocağı – Naxçıvan Qızlar Liseyi də təhsilə göstərilən qayğıdan öz bəhrəsini alıb. Geridə qoyduğumuz tədris ilində liseyi bitirən 48 məzundan 45-i ali, 3-ü isə orta ixtisas məktəblərinə qəbul olub. Məzunlardan 13-ü qəbul imtahanlarında 500-700 intervalında bal toplayıb. Onlardan 4-ü fərqlənmə attestatına, 1-i “Qızıl”, 1-i isə “Gümüş” medala layiq görülüb.
Bu gün müəllim əməyi də dövlətimiz tərəfindən layiqincə qiymətləndirilir. Hər il müəllimlərə fəxri adların verilməsi dediklərimizi bir daha təsdiq edir.
Bir sözlə, bu gün muxtar respublikamızda təhsilin müasir tələblər səviyyəsində qurulması, gənclərimizin yaxşı təhsil almaları, gələcəyimizin layiqli vətəndaşları kimi yetişmələri, eləcə də müəllim əməyinin qiymətləndirilməsi yüksək səviyyədədir. Biz təhsil işçiləri yaradılan şəraitə və göstərilən qayğıya görə muxtar respublika rəhbərinə borcluyuq. Bütün bunların müqabilində isə daha səylə çalışmalı, gələcəyin savadlı kadrlarının yetişdirilməsində əlimizdən gələni əsirgəməməliyik.
Elmira HÜSEYNOVA
Naxçıvan Qızlar Liseyinin müəllimi