22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısının nəticəsində bu gün doğma diyarımızda alim və tədqiqatçılar, eləcə də yaradıcı insanlar üçün hərtərəfli şərait yaradılıb, müasir avadanlıqlarla təchiz olunan nəşriyyat və mətbəələr istifadəyə verilib. Həmçinin diyarımızın qədim tarixi, zəngin mədəni irsi, görkəmli şəxsiyyətləri və müasir sosial-iqtisadi inkişafı barədə yeni kitabların nəşri diqqətdə saxlanılır, hər il üçün nəşr planı tərtib olunur.

Bildiyiniz kimi, Yaxın Şərqin mühüm mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan şəhəri İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Mədəniyyət nazirlərinin VI konfransında 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunmuşdu. Ötən il bununla bağlı bir çox tədbirlər həyata keçirilib, türk-islam mədəniyyəti abidələri bərpa edilib, “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018” loqotipi və suvenirlər hazırlanıb, üzərində loqotip əks olunmuş döş nişanları, zərflər, poçt markaları buraxılıb. Eyni zamanda albom-kataloqlar, jurnallar, İslam dini və onun dəyərləri ilə bağlı kitablar nəşr olunub.
Belə nəşrlərdən biri də “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı (7-8 sentyabr 2018-ci ildə keçirilmiş beynəlxalq konfransın materialları)” kitabıdır. AMEA-nın həqiqi və müxbir üzvləri tərəfindən hazırlanmış kitabın ilk səhifələrində “Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə bağlı Tədbirlər Planı öz əksini tapıb.

Yeni nəşrdə diqqətçəkən nüans­lardan biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclasındakı çıxışı zamanı söylədiyi dəyərli ­fikirlərdir: “... İSESKO-nun qərarı ilə 2007-ci ilin no­yabrında keçirilmiş beşinci konfransda Azərbaycanın paytaxtı Bakı şəhəri 2009-cu il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunmuşdur. 2009-cu ilin oktyabrında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakı şəhərində keçirilən altıncı konfransında isə Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunmasına dair qərar qəbul edilmişdir. Bu qərar əsaslıdır. Ona görə ki, Azərbaycanın 5 minillik tarixə malik qədim şəhəri olan Naxçıvan İslam mədəniyyəti nümunələri ilə zəngindir və bəşər sivilizasiyasına dəyərli töhfələr vermişdir. Qeyd olunanlar, eləcə də 2009-cu ildə Bakı şəhərinin İslam Mədəniyyəti Paytaxtı elan olunması ilə bağlı qazanılan təcrübə 2018-ci ildə Naxçıvan şəhərində tədbirlərin yüksək səviyyədə keçiriləcəyinə əminlik yaradır”.
Konfrans materiallarında öz əksini tapan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Naxçıvan: İslamın ən güclü dayaqlarından biri” adlı məqaləsi maraqlı faktları ilə diqqəti cəlb edir. O yazır ki, Naxçıvan şəhəri qədim və zəngin tarixə malikdir. Həmin zənginliyi yaradan buranın qədim sakinləri və Naxçıvanın Böyük İpək Yolu üzərində yerləşməsidir. Şəhərin Yaxın və Orta Şərqin şəhərləri, eləcə də digər ölkələrlə çoxsahəli mədəni-iqtisadi əlaqələrinin artması onun inkişafına əsaslı təsir göstərmişdir. Böyük İpək Yolu ilə hərəkət edən ticarət karvanları, bölgəyə gələn tacirlər, səyyahlar, alimlər Naxçıvanın bu inkişafını görmüş, öz yol qeydlərində bu haqda bəhs etmişlər. Ona görə də orta əsr mənbələrində Naxçıvan ərazisi, xüsusilə Naxçıvan şəhəri haqqında çox dəyərli və maraqlı məlumatlar vermişlər.
Kitabda Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının “Bölgədə İslam dininin və mədəniyyətinin təşəkkülündə Naxçıvanın yeri və rolu”, İstanbul Universitetinin professoru Oqtay Bəllinin “Naxçıvan ərazisində yerləşən türk-islam abidələrinin Türk dünyası üçün əhəmiyyəti”, həmçinin “Naxçıvan torpaqlarında bərpa edilən türk-islam abidələri”, Ərzurum Atatürk Universitetinin professoru Hüseyn Yurttaşın “İslam motivli qoşa minarəli baştağların quruluşunda Naxçıvanın əhəmiyyəti” və digər dəyərli elmi məqalələr diqqəti cəlb edir.
İnanırıq ki, yeni nəşr qədim diyarımız, burada minillərboyu mövcud olmuş və indi də qorunaraq təbliğ edilən islami dəyərlərin, Naxçıvanın çoxəsrlik qədim və zəngin tarixi ilə İslam mədəniyyətinin formalaşmasında və inkişafındakı özünəməxsus rolunun əsaslandırılmış elmi şəkildə təqdimatı baxımından geniş oxucu kütləsi üçün qiymətli mənbə olacaq. Yeni nəşr “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı” beynəlxalq konfransının bu silsilədən olan çoxsaylı əhəmiyyətli tədbirlərdən biri kimi mühüm elmi dəyəri kəsb etdiyini də ortaya qoyur.

Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR