22 Dekabr 2024, Bazar

Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu təhsil strategiyası illərdir ki, yeni cəmiyyət quruculuğunun əsasını qoyub. Ulu öndər savadlı və milli dəyərlərə sədaqətli kadrların hazırlanmasını inkişafın ən vacib amili kimi müəyyənləşdirib və bu sahədə sistemli tədbirlər həyata keçirib.

Görkəmli dövlət xadiminin yolunu uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyev də təhsilin inkişafına böyük qayğı göstərir. Yeni məktəb binalarının tikilməsi, ali təhsil ocaqları, peşə və orta ixtisas məktəbləri üçün yeni tədris korpuslarının istifadəyə verilməsi gənclərin hərtərəfli təhsil almaları üçün etibarlı zəmin yaradıb.
Dahi rəhbərin 1992-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən Naxçıvan Qarnizonunun nəzdində orta məktəbin yaradılması haqqında verdiyi qərar burada qulluq edən hərbçilər tərəfindən sevinc və rəğbət hissi ilə qarşılanıb. Çünki ulu öndər ölkəmizin digər bölgələrindən Naxçıvana gələn, bu qədim yurd yerində sərhədlərimizi qoruyan hərbçilərin övladlarının təhsil almasına, onların savadlı vətəndaş kimi tərbiyə olunmasına böyük əhəmiyyət verirdi.
Azərbaycanın bir çox bölgələrində yaşamış bir hərbçi ailəsi olaraq onu deyə bilərəm ki, belə təhsil ocağına rast gəlməmişəm. Naxçıvana köçürülənə kimi ayrı-ayrı rayonlarda təhsil alan məktəbli övladım bir çox çətinliklə qarşılaşırdı. Soyuq qış günlərində, yağışlı havalarda məktəbə getmək üçün uzaq yol qət etməli olurduq. Burada isə vəziyyət tamam başqadır, məktəb binasının yaşadığımız mənzillərin beş-on metrliyində yerləşməsi həm övladlarımızın, həm də biz valideynlərin işini xeyli asanlaşdırıb. Məktəbdə yaradılan şərait isə nümunə gücündədir. Burada təhsil alan hər bir hərbçi övladı bundan maksimum bəhrələnir. Sərhəddə Vətənini qoruyan valideyn isə öz xidməti borcunu yerinə yetirir. Bu gün o, əmindir ki, övladı rahat, işıqlı, hər cür şəraitlə təmin olunan təhsil ocağının şagirdidir...

Məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Natiq Əhmədov deyir ki, bu məktəbdə təhsil alan şagirdlərə vətənpərvərlik tərbiyəsi pedaqoji kollektivlə yanaşı, həm də onların hərbçi valideynləri tərəfindən aşılanır. Hər bir gəncin bu ruhda tərbiyəsi günümüzdə daha böyük aktuallıq kəsb edir. Şagirdlər üçün Vətən, yurd sevgisi kitablardan, əlifbanın ilk hərflərindən, əllərində tutduqları üçrəngli Vətən bayrağından, oxuduqları Dövlət Himnindən, ürəkləri atlana-atlana ifa etdikləri şeirlərdən, nəğmələrdən başlanır. Müəllimlərimiz şagirdlərə təkcə hərf, rəqəm öyrətmək və ya bir mövzunu əzbərlətməklə işlərini bitmiş hesab etmirlər. Ulu öndərimizin müdrik tövsiyəsi belədir ki, gənc nəsli vətənpərvərlik ruhunda yetişdirmək üçün hər bir müəllimin, tərbiyəçinin şəxsi nümunəsi vacib şərtdir: “Məktəbdə, universitetdə formalaşan gənc, Azərbaycanın gələcək vətəndaşı gərək, birincisi, mənəviyyatca saf olsun... Ona görə də gərək onun müəllimləri, tərbiyəçiləri özləri vətənpərvər olsunlar, vətənpərvərliyi gənclərə aşılaya bilsinlər”.
608 şagirdin təlim-tərbiyəsi ilə 64 müəllimin məşğul olduğu Naxçıvan Qarnizonu tam orta məktəbində yeni dərs ilinə ciddi hazırlıq işləri gedir. Məktəbin 4 birinci sinfinə 80 şagird qəbul edilib. Natiq Əhmədov onu da bildirir ki, bu gün məktəbimizdə şagirdlərin hərtərəfli təhsil alması üçün hər cür şərait yaradılıb. Tədris müəssisəsində laboratoriya və fənn kabinələri, emalatxana və hərbi kabinə, idman zalı müasir tələblərə cavab verir. Müəllim və şagirdlərin ixtiyarına 38 kompüter və 10 elektron lövhəli sinif verilib. Məktəbin kitabxanasında oxunması zəruri olan kitablar, Azərbaycan və dünya ədəbiyyatı klassiklərinin əsərləri, həmçinin müasir Azərbaycan ədəbiyyatı nümunələri yer alıb.
Göstərilən dövlət qayğısının nəticəsidir ki, adıçəkilən təhsil müəssisəsi 2018-2019-cu tədris ilini uğurla başa vurub. Bu tədris ilində təhsil ocağını 21 məzun bitirib. Onlardan 1-i “Qızıl”, 2-si “Gümüş” medala layiq görülüb. Builki məzunların hamısı qəbul imtahanında iştirak edib. Onlardan 19-u ali, 1-i orta ixtisas məktəblərinə qəbul olunub. Ali məktəb tələbəsi adını qazanan abituriyentlərin 5-i 500-700 intervalında bal toplayıb. Doqquzuncu sinif bazasından 3 məzun orta ixtisas təhsili müəssisəsinin tələbəsi adını qazanıb. Yeni dərs ilində 2 şagird Heydər Əliyev adına Hərbi Liseydə, 1 şagird Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü, 1 şagird isə Naxçıvan şəhər Qızlar Liseyində təhsillərini davam etdirəcəklər.
Yüksək nəticə göstərərək ali məktəblərə qəbul olanların valideynləri ilə birlikdə müəllimləri də sevinc içərisindədir. Məktəbdə onlardan bir neçəsi ilə həmsöhbət olduq.
Ruhiyyə Cəfərova: – Bu gün şagirdlərin yaxşı təhsil alması, vətənpərvər böyüməsi üçün məktəbdə hər cür şərait yaradılıb, şagirdlərin öhdəsinə düşən isə yalnız oxumaqdır. Qazanılan bütün uğurlar məktəbdə yaradılan ciddi nizam-intizamın və öz vəzifə borcunu, məsuliyyətini dərindən dərk edən müəllimlərin əməyi sayəsində mümkün olub. Bu isə o deməkdir ki, gənc nəslin gələcəyinə cavabdeh olan müəllimlər öz fəaliyyətlərini təhsil islahatlarında nəzərdə tutulan prinsiplər əsasında qurublar. Belə olan şəraitdə isə uğur qazanmaq heç də çətin deyil. Şagirdlərimizin müvəffəqiyyətləri bizi çox sevindirir. Çalışırıq ki, onlar gələcəkdə Vətəninə, xalqına layiq övlad olsunlar.
Maral Əsgərova: – Ölkəmizin sürətli inkişafı, təhsilə göstərilən dövlət qayğısı gənclərin elm, təhsil yollarında uğurla addımlaması, gələcək cəmiyyət quruculuğunda Azərbaycana öz intellekt və qabiliyyətləri ilə xidmət etmələri üçün hər cür imkan yaradıb. Blokada şəraitində yaşayan və buna baxmayaraq sürətlə inkişaf edən muxtar respublikamızın ümumtəhsil məktəblərinin göstəriciləri ölkə miqyasında seçilməkdə, ali məktəblərə qəbulun səviyyəsi ilbəil yüksəlməkdədir. Nailiyyətlərin təməlində isə, heç şübhəsiz ki, təhsilə göstərilən dövlət qayğısı, təhsil ocaqları üçün yeni-yeni binaların inşa olunması, məktəblərimizin maddi-texniki bazasının gücləndirilməsi, bu işdə böyük fədakarlıq göstərən müəllimlərimizin əməyinin layiqincə qiymətləndirilməsi dayanır.
Bəli, bu gün muxtar respublikamızda hər sahədə inkişaf var. Təhsildə isə bu, daha çox gözə çarpır. İllərdir, Naxçıvan torpağında xidməti borcunu yerinə yetirən hərbçi ailələri övladlarının yaxşı təhsil alması üçün yaradılan bu şəraitdən maksimum bəhrələnir, dövlətimizə ­minnətdarlıqlarını bildirirlər.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR