22 Dekabr 2024, Bazar

  İnsan təxəyyülünün inkişafında ən mühüm amillərdən biri də müasir biliklərə yiyələnməkdir. Müasir bilik dedikdə ağıla ilk gələn kompüterlər, eləcə də informasiya-kommunikasiya texnologiyalarıdır ki, bunlar da həyatımızın bütün sahələrinə dərindən nüfuz edir. Hazırda cəmiyyətin və onun bütün sahələrinin inkişafı yeni texnologiyaların intellektual imkanlarından və informasiya resurslarından geniş istifadə olunması ilə əlaqədardır. Qloballaşan cəmiyyətdə müasir insan həyatını bu texnologiyalarsız təsəvvür etmək qeyri-mümkündür. Bu gün muxtar respublikamızda da müasir texnologiyalardan geniş istifadə insanların informasiya tələbatlarının ödənilməsində, iqtisadiyyat, elm, təhsil, səhiyyə və digər sahələrin inkişafında mühüm əhəmiyyət kəsb edir. Mövzu ilə əlaqədar müraciət etdiyimiz Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin direktoru Vüqar Rəsulovla söhbət zamanı bunun bir daha şahidi olduq. 

Vüqar müəllim bildirdi ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 9 iyul tarixli Sərəncamına əsasən yaradılan Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində inzibati və təsərrüfat obyektləri, hüquqi və fiziki şəxslər, muxtar respublika əhalisi internetlə təmin edilir. Bununla yanaşı, yüksəkkeyfiyyətli internet xidmətləri, veb səhifələrin tərtibatı və hazırlanması, domen adların qeydiyyatı, elektron poçt və ünvanların ayrılması, server sahələrinin icarəyə verilməsi, şəbəkələrin layihələndirilməsi, qurulması kimi bir çox əhəmiyyətli işlər görülür. Həmçinin kompüter tədris pro­qramlarının və vəsaitlərinin hazırlanması, əhalinin, dövlət orqanlarının, ictimai birliklərin və digər hüquqi şəxslərin kompüter texnologiyasının tətbiqi ilə əlaqədar tələbatının kadr hazırlığı vasitəsilə ödənilməsi, hüquqi və fiziki şəxslərə fərdi kompüterlərin, proqram-texniki vasitələrin, elektron texnikası məhsullarının və onların tərkib hissələrinin, digər elektron məmulatların satışı və təmirinin təşkili, informatika təliminin texniki və proqram vasitələrinin işlənməsi, hazırlanması və tətbiqi mərkəzin əsas fəaliyyət sahələrindəndir. Mərkəzə müraciət edənlərə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi qarşıya qoyulan başlıca vəzifələrdən biridir.

Mərkəzin direktoru qeyd etdi ki, müəssisə əhaliyə göstərilən internet xidmətini əvvəllər “Delta Telekom” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış müqaviləyə əsasən xidmətin qlobal şəbəkəyə qoşulmasını təmin etmək üçün peyk vasitəsilə, 2005-ci ilin iyun ayından etibarən isə Trans Asiya-Avropa fiber-optik magistral xəttinə qoşulma yolu ilə həyata keçirir. Yüksəkkeyfiyyətli rabitə, internetə ­qoşulma tezliyi, əlverişli qiymətlər – bütün bunlar hamısı abunəçilərin rahatlığı üçün yaradılan dövlət qayğısıdır.
Müsahibimiz bildirdi ki, mərkəzdə, həmçinin İnformatika fənni də tədris olunur. Bunun da əsas məqsədi insanları kompüterlərin müasir vəziyyəti ilə, eləcə də ən son informasiya-kommunikasiya texnologiyalarının imkanları, tətbiqi dairə­ləri ilə tanış etmək, onlarda həmin texnologiyalardan səmərəli istifadə sahəsində vərdişlər aşılamaqdır. Hazırda tədris mərkəzinin Şərur və Culfa şəhərlərində filial­ları fəaliyyət göstərir. Ötən dövrdə istər mərkəzin, istərsə də filialların maddi-texniki bazası möhkəmləndirilib, müasir avadanlıqlarla təchiz olunub. Görülən işlər burada tədrisə cəlb olunan dinləyicilərin bu sahədə dərin biliklərə yiyələnmələrində mühüm rol oynayır.
Mərkəzin direktor müavini Nəriman Sadıxov ilə də həmsöhbət olduq. O bildirdi ki, burada kompüter kursları ilə yanaşı, xarici dil kursları, həmçinin dövlət qulluğuna kadr hazırlığı üçün seminarlar da keçirilir. Mərkəzdə elektron lövhə vasitəsilə dövlət qulluğunda çalışan gənc­lər üçün peşəkar kadrlar tərəfindən açıq dərslər təşkil olunur. Bu da həmin gənc­lərin öz peşələri üzrə ixtisaslaşaraq daha böyük nailiyyətlər əldə etmələrinə imkan yaradır.
Müsahibimiz onu da qeyd etdi ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarına əsasən muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrində müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr mərkəzdə praktik işlərlə təmin olunur, istehsalat təcrübələri keçirlər. 2018-ci ilin iyul ayından başlayaraq mərkəz tərəfindən müxtəlif dövlət qurumlarının, ümumilikdə, 158 nəfərdən ibarət əməkdaşına kompüter kurslarının tədrisi təşkil edilib.
Öyrəndik ki, mərkəzin ən böyük potensialı onun kadrlarıdır. Böyük iş təcrübəsinə malik olan ixtisaslı müəllimlər mərkəzə müraciət edən dinləyicilərin yüksək səviyyədə təhsil almaları üçün səylə çalışırlar. Peşəkar müəllimlər tərəfindən tədris olunan dərslər kurs iştirakçılarının informasiya texnologiyaları haqqında biliklərə yiyələnmələrinə imkan yaradır. Hazırda burada ən çox tələb olunan praktik kompüter proqramları ixtisaslı müəllimlər tərəfindən öyrədilir. Tədris planı müəyyən olunmuş kateqoriyalar üzrə aparılır və sonra imtahan komissiyası tərəfindən iki mərhələdən ibarət olan imtahan keçirilir. İmtahandan müvəffəqiyyətlə keçən dinləyicilərə təyin olunmuş kateqoriya üzrə şəhadətnamə verilir. Hazırda mərkəzdə 28 ümumi və 42 fərdi qrupda 265 dinləyici təhsil alır.
Bəli, bu gün informasiya-kommunikasiya texnologiyalarının inkişafı muxtar respublikamızda prioritet sahələrdən biridir. Son illərdə bu sahənin inkişafı ilə bağlı mühüm addımlar atılıb, müxtəlif layihələr həyata keçirilib. İnformasiya texnologiyalarının tədrisi ilə bağlı görülmüş işlər isə gənc nəslin bilik və bacarıqlarının təkmilləşməsinə, onların qlobal dünyanın yeniliklərindən lazımınca yararlanmalarına imkan verir.

 Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR