AMEA Naxçıvan Bölməsində Şərur rayonunda aşkar edilmiş yeni yaşayış yerində aparılan kəşfiyyat xarakterli arxeoloji qazıntıların yekunlarına həsr olunmuş konfrans keçirilib. Konfransı giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb. Bildirib ki, son illər muxtar respublika ərazisində aparılan belə tədqiqatlar özünün həcmi etibarilə bu qədim yurd yerinin tarixi ilə bağlı çoxlu həqiqətləri üzə çıxarıb. Gəmiqayada, I və II Kültəpədə, Qazma mağarasında, Oğlanqalada, Ovçular təpəsində, Xaraba Gilanda arxeoloqların tədqiqatları nəticəsində meydana çıxan maddi sübutlar ona görə qiymətlidir ki, bu dəlillər Naxçıvana qarşı əsassız iddialara tutarlı cavabdır. İkinci bir tərəfdən, muxtar respublika ərazisində aparılan arxeoloji tədqiqatlarda bir sıra xarici ölkələrin – Amerika Birləşmiş Ştatlarının, Fransanın, Suriyanın, Türkiyə Respublikasının arxeoloqlarının da iştirakı və onların bu qədim yurd yerinin tarixi ilə bağlı gəldikləri elmi nəticələrin xarici mətbuat səhifələrində dərc olunması indiyə qədər təhrif olunmuş həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Konfransda arxeoloji ekspedisiyanın rəhbərləri – AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin və Amerika Birləşmiş Ştatları Pensilvaniya Universitetinin dosenti Lauren Ristvetin apardıqları tədqiqatlar barədə məlumatları dinlənilmişdir.
Bildirilmişdir ki, kəşfiyyat xarakterli tədqiqatlar nəticəsində Şərur rayonunun Oğlanqala və Qızqala abidələri arasında yerləşən bu şəhər-dövlətin 487 hektar əraziyə malik olduğu müəyyən edilmişdir. İlkin nəticələrə görə, buradakı yaşayış sahəsi 13 hektardır. Şəhər-dövlətin mövcudluğu Eneolit dövründən başlayaraq orta əsrlərə qədərki bir dövrü əhatə edir. Ərazidəki mədəni təbəqənin qalınlığı 13-15 metrə çatır.
Konfransda Amerika Birləşmiş Ştatlarının Emori Universitetinin professoru Hillari Qopnik, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, dosent Səfər Aşurov, AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, professor Hacıfəxrəddin Səfərli çıxış etmişlər.
Qeyd olunmuşdur ki, muxtar respublikada belə ərazilərdə tədqiqatlar aparılması təkcə muxtar respublika və Azərbaycan üçün deyil, ümumilikdə, dünya arxeologiyası üçün xüsusi əhəmiyyət daşıyır.
Muxtar MƏMMƏDOV