Elm tarixi həm humanitar, həm təbiət, həm də ictimai və dəqiq elmlər daxil olmaqla, elmi məlumat və elmi inkişafın araşdırılmasıdır. Elm gerçək dünyadakı hadisələrin müşahidə edilərək uzaqgörənliklə təhlil və proqnozunun verilməsi, elm adamları tərəfindən öyrənilən təcrübi, nəzəri və praktik məlumatların toplusudur. Bu ali peşə ilə məşğul olan elm cəngavərləri bütün ömürlərini kitaba, biliyə, texnologiyaya, insanı, təbiəti, ən müxtəlif elm sahələrini öyrənməyə həsr edirlər.
Naxçıvan Muxtar Respublikasında da bu ali yolda irəliləyən, elmin ziyası altında toplaşan insanlar çoxdur. Özümün də əməkdaşı olduğum və bundan qürur duyduğum Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi haqqında danışmaq istəyirəm.
Qeyd edim ki, bölmə ümummilli liderimiz Heydər Əliyevin 2002-ci il 7 avqust tarixli “Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin təsis edilməsi haqqında” Sərəncamına müvafiq olaraq yaradılıb.
Bölmənin yaradılması zəruriliyindən bəhs edən ümummilli lider Heydər Əliyev deyib: “Mən bununla Naxçıvan Muxtar Respublikasının indiyə qədər çox az öyrənilmiş qədim tarixinin, mədəniyyətinin, elminin, ədəbiyyatının yenidən dərindən araşdırılması və onlar haqqında elmi əsərlərin... hazırlanması məqsədi daşıyıram. Eyni zamanda Naxçıvanın özünəməxsus təbiəti, təbii sərvətləri, torpağı, tarixi abidələri də, təəssüf olsun ki, indiyə qədər lazımi dərəcədə öyrənilməyib, bəlkə də, düz olaraq deyim ki, heç öyrənilməyibdir. Bunlara, mənim irəli sürdüyüm məsələlərin öyrənilməsinə böyük ehtiyac var”.
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin “Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin təşkil edilməsi haqqında” 2002-ci il 26 avqust tarixli Qərarına əsasən bölmə tərkibindəki institutlar Naxçıvan Regional Elm Mərkəzi, Naxçıvan Elmi-Tədqiqat Bazası və Şamaxı Astrofizika Rəsədxanasının Batabat və Ağdərə stansiyalarından təşkil olunub.
Sərəncama müvafiq olaraq bölmədə 6 elmi-tədqiqat institutu – Tarix, Etnoqrafiya və Arxeologiya, eləcə də İncəsənət, Dil və Ədəbiyyat, Təbii Ehtiyatlar, Bioresurslar institutları, Batabat Astrofizika Rəsədxanası və Əlyazmalar Fondu yaradılıb.
Gərgin elmi fəaliyyətin həyata keçirildiyi bu institutlarda yaşlı nəsillə çiyin-çiyinə gənc alimlər, mütəxəssislər də çalışırlar. Bu elm ocağında müxtəlif ixtisas sahibi olan alim və tədqiqatçılar ömürlərini aid olduqları elmi istiqamətin inkişafına dair nəzəriyyələrə, yeniliklərə həsr edirlər. Xatırlayıram ki, mən orada işə başladığım zaman çox gənc olsam da, bir çox tədqiqatlar aparmaq arzusunda idim. Bölmədə bu hədəfimə gedən yolda mənə stimul olacaq çox şeyin mövcudluğunu gördüm. Rahat, sakit iş şəraiti, son model texnologiya ilə təchiz olunmuş otaqlar, zəngin kitabxana…
Doğrudan da, illər keçdikcə dərk edirəm ki, çalışdığım qurumda elmə, biliyə, gənclərə göstərilən böyük dövlət qayğısının mühüm rolu var. Gənclərə göstərilən bu qayğıdan bəhrələnərək Azərbaycan elmini dünyaya inteqrasiya edəcək bir çox tədqiqatçının yetişdiyini görürəm.
Ölkəmizdə ictimai-siyasi həyatın, iqtisadiyyatın, mədəniyyətin, texnologiyanın bütün istiqamətlərində nəhəng quruculuq işləri gedir. Milli özünüdərk və özünütəsdiq istiqamətində gedən bu böyük proses elm və təhsil sahələrindən də yan keçməyib. Bu inkişafın trayektoriyasında daim qabaqcıl müvəffəqiyyətlərin məkanı olan Naxçıvan elm sahəsində də bir çox yeniliklərə imza atıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Naxçıvan”, bölmənin “Xəbərlər” və “Axtarışlar” jurnalları, Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan” Universitetinin “Elmi əsərlər”i, Naxçıvan Müəllimlər İnstitutunun “Xəbərlər” jurnalı həm beynəlxalq kod alıb, həm də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qəbul etdiyi dövri nəşrlər siyahısına daxil edilib.
2019-cu ildə alimlərimizin uğurlu tədqiqatları fundamental elmi nəşrlərlə davam etdirilir. “Ölkədə elmin regional inkişafının bu mühüm istiqamətinin, ilk növbədə, blokada şəraitində olan Naxçıvanda həyata keçirilməsinin həm də dövlətçiliyimizin, ərazi bütövlüyümüzün möhkəmləndirilməsi baxımından da müstəsna əhəmiyyəti vardır”, – deyən bölmənin sədri, akademik İsmayıl Hacıyev bizimlə söhbətində vurğulayır ki, Naxçıvanda elmin inkişafı ilə bağlı əhəmiyyətli tədbirlər, layihələr və təkliflərin həyata keçirilməsi, xüsusilə də gənc alimlərin yetişməsi, inkişafı ilə əlaqədar əhəmiyyətli işlər görməkdədir.
Muxtar respublikada son illərdə təhsilin davamlı inkişafını təmin edən sərəncamların imzalanması, güclü təhsil infrastrukturunun, maddi-texniki bazanın yaradılması yüksəkixtisaslı kadr hazırlığı işinin yeni müstəvidə aparılması, elmin istehsalata tətbiqi, yeni startaplara start verilməsi kimi əhəmiyyətli innovativ tədbirlər silsiləsi Naxçıvanımızda elmin inkişafına münbit və güclü şərait yaradır.
2003-cü ilin yanvarında 139, o cümlədən 51 elmi işçi ilə fəaliyyətə başlayan AMEA Naxçıvan Bölməsi bu gün 259 əməkdaşla (bunlardan 98-i elmi işçidir) fəaliyyətini davam etdirir. Bölmə əməkdaşlarının 2 nəfəri AMEA-nın həqiqi, 4 nəfəri isə müxbir üzvü, 6 elmlər doktoru, 55 fəlsəfə doktoru olaraq fəaliyyət göstərir ki, bu da elmi işçilərin 68,4 faizini təşkil edir. Əməkdaşlardan 6 nəfər professor, 40 nəfər dosent elmi adını alıb. Bölmə nəzdində müvafiq ixtisaslar üzrə Müdafiə Şurası yaradılıb. Şuranın fəaliyyəti dövründə həm muxtar respublikada yaşayan, həm də Azərbaycanın müxtəlif regionlarından çox sayda dissertant tarix, arxeologiya və iqtisadiyyat elmləri üzrə dissertasiyalar müdafiə edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi... yaranmış şəraitdən məqsədyönlü istifadə etməli, elmi araşdırmalar nəticəli olmalı, onların praktikada tətbiqi işinə diqqət artırılmalı, muxtar respublikanın tarixi, arxeologiyası, təbii sərvətləri və onlardan istifadə imkanları barədə tədqiqatlar davam etdirilməli, fundamental nəşrlər hazırlanmalıdır”.
AMEA Naxçıvan Bölməsi ABŞ, Fransa, Polşa, Türkiyə, Rusiya, İran, Gürcüstan və Qazaxıstan elm və təhsil müəssisələri ilə sıx elmi əlaqələr çərçivəsində bir çox naliyyətlərə imza atıb. Bölmənin əməkdaşları Oksford, Dallas, Kyoto, İslamabad, Berlin, Hamburq, Turin, Zaqreb, Qahirə, Budapeşt, Vyana və digər şəhərlərdə keçirilən 439 beynəlxalq elmi simpozium və konfranslarda çıxış ediblər.
Bölmənin sədri, akademik İsmayıl Hacıyev onu da bildirir ki, 2 cilddə “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan Abidələri Ensiklopediyası”, “Naxçıvan tarixi atlası”, 3 cilddə “Naxçıvan tarixi”, “Naxçıvan teatrının salnaməsi”, 3 cilddə “Naxçıvan folkloru antologiyası”, “Dədə Qorqud yurdu – Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas”ı, “Naxçıvan Muxtar Respublikasının təbii sərvətləri: hazırkı vəziyyət və perspektivlər”, 2 cilddə Naxçıvan Muxtar Respublikasının “Qırmızı kitabı”, “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası”, “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri”, 2 cilddə “Naxçıvan coğrafiyası” kimi fundamental nəşrlər işıq üzü görüb. Bölmənin əməkdaşlarının tərcümə etdikləri Nemətullah Naxçıvaninin təfsirinin I və II cildləri nəşr olunub. Ümumiyyətlə, bölmənin fəaliyyəti dövründə əməkdaşların 208 monoqrafiyası, 200 kitabı, 26 metodik vəsaiti, 8034 elmi məqaləsi və konfrans materialı, 209 tezisi, 21 xəritəsi çap edilib. Əsərlərdən 18 monoqrafiya, 18 kitab, 1709 məqalə və konfrans materialı, 67 tezis xaricdə nəşr olunub. Elmi məqalələrdən 202-si yüksək nüfuzlu impakt faktorlu jurnallarda dərc edilib.
Təbii sərvətlərlə zəngin olan muxtar diyarımızda bu sərvətlərin tədqiqi və tətbiqi də diqqətdə saxlanılır. Bunun nəticəsidir ki,“Şorsu” palçığının kimyəvi tərkibi analiz edilərək onun qatılaşdırılma, qurudulma metodikası, texniki şərtləri hazırlanıb, iki növdə müalicəvi dərman məhsulları qablaşdırılaraq (yaş şəkildə və quru toz halında) istifadəyə verilib. Həmçinin Darıdağ termal suyunun quru qalığını almaq üçün şərait yaradılıb və məhsul istehsalına başlanıb. Qabıllı gili əsasında yuyucu toz hazırlanıb.
İnstitutda aparılan son tətbiqyönümlü tədqiqatlar nəticəsində Biləv zəy süxurundan 3 birləşmə alınıb.
Naxçıvan Muxtar Respublikasının florasında müasir səhiyyədə və xalq təbabətində istifadə olunan farmakopeyaya daxil edilən 132 rəsmi (ofisial) dərman bitkisinin olduğu müəyyən edilib. Steril şəraitdə qurudulmuş dərman bitkilərindən ibarət qarışıqların hazırlanması üçün sertifikatlar alınıb.
Beynəlxalq Seleksiya Mərkəzi İCRADA-dan alınmış arpa nümunələrindən yerli şəraitə uyğun, quraqlığa, şaxtaya, yatmaya və xəstəliklərə davamlılığı, yüksək məhsuldarlığına və dənin keyfiyyətinə görə kütləvi seçmə aparmaqla arpanın “Qılçıqlı-85” və noxudun “Qaraca-85” sortları yaradılaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim edilib. Sortlar respublikanın 8 rayonunda sınaqdan keçirilərək müsbət və yüksək göstəricilərinə görə özünü doğruldub. Həmin sortların rayonlaşdırılması qərarlaşdırılaraq patent və sertifikat verilib.
“Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” müvafiq Sərəncama əsasən bölmə əməkdaşları tərəfindən Naxçıvan Muxtar Respublikası ərazisində 1200-dən çox tarix və mədəniyyət abidəsi aşkar olunaraq pasportlaşdırılıb. Bu abidələrdən 57-si dünya, 485-i isə ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsidir.
İsmayıl Hacıyevin dediyinə görə, bölmənin fəaliyyəti dövründə əməkdaşlardan 3 nəfər “Əməkdar elm xadimi”, 1 nəfər “Əməkdar müəllim”, 1 nəfər “Əməkdar jurnalist” fəxri adına, 7 nəfər “Tərəqqi” medalına, 3 nəfər Prezident mükafatına, 1 nəfər isə Prezident təqaüdünə layiq görülüb. Əməkdaşlardan 3-ü Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Qızıl medal”ı, biri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri fərmanı ilə, ikisi isə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edilib.
Onu da qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən “Naxçıvan tarixi” çoxcildliyi, akademik İsmayıl Hacıyevin “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” monoqrafiyası elm sahəsi üzrə Naxçıvan Muxtar Respublika mükafatına, həmçinin AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Tarixi mənbələrdə Nuh Peyğəmbər”, AMEA-nın müxbir üzvü, mərhum Qadir Qədirzadənin “Dünya və insan: başlanğıcın sonu, sonun başlanğıcı” kitabları Ali Məclis Sədrinin mükafatına layiq görülüb.
“Bu gün Azərbaycanda elmin inkişafı ilə bağlı qarşımızda duran ən mühüm vəzifələr optimal təşkilati formaların tapılması, prioritet elmi-texniki istiqamətlərin müəyyənləşdirilməsi və məqsədyönlü islahat işlərinin aparılmasıdır”, – deyən bölmə sədri bildirdi ki, yerli elmi tədqiqatların dünya elminə inteqrasiyası elmin rentabelliyi, effektivliyi, habelə elmin maliyyələşdirilməsinin daha səmərəli formalarından istifadə olunması baxımından böyük əhəmiyyət daşıyır. Elmin effektivliyinin artırılması, beynəlxalq arenaya inteqrasiya kimi məsələlər, xüsusilə gənc tədqiqatçıları düşündürməlidir.
Bölmədə fəaliyyət göstərən Gənc Alim və Mütəxəssislər Şurası bir çox uğurlara imza atıb, elmin inkişafında əhəmiyyətli istiqamətlərdə layihələr həyata keçirilib. Şuranın layihəsi çərçivəsində ilk dəfə xaricdə “Naxçıvandan Konyaya bir körpü – Nemətullah Naxçıvani” adlı beynəlxalq konfrans təşkil olunub.
Bölmədə ölkəşünaslıq və diyarşünaslıq baxımından mühüm əhəmiyyətə malik çoxsaylı beynəlxalq konfrans və simpoziumların keçirilməsi də davamlı xarakter alıb.
Naxçıvan Muxtar Respublikasında elmə göstərilən qayğı bu sahəni inkişaf etdirməklə bərabər, beynəlxalq əhəmiyyətə və xüsusi geostrateji imicə malik olan diyarımızın hərtərəfli öyrənilməsinə də geniş imkanlar açıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov elmin inkişafının əhəmiyyətindən danışaraq deyib: “Elmi tədqiqatlar o vaxt ideyadan əməli işə keçir ki, onun reallaşmasına şərait yaradılsın. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında elm infrastrukturu tamamilə yenidən qurulub. Azərbaycan elmi qabaqcıl dünya təcrübəsi əsas götürülərək inkişaf etdirilir. Naxçıvan Muxtar Respublikasında da elmin iqtisadiyyata tətbiqi dayanıqlı inkişafın əsas şərtidir. Artıq muxtar respublikada həyata keçirilən iqtisadi islahatlar ciddi elmi-nəzəri əsaslara söykənir”.
Qazanılan elmi nailiyyətlər belə deməyə əsas verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində gələcəkdə də bütün bu tələblərə cavab verəcək elmi fəaliyyət uğurla davam etdiriləcək, muxtar diyarımızın tarixi, ədəbiyyatı, mədəniyyəti, milli-mənəvi dəyərləri, yeraltı və yerüstü sərvətləri daha əhatəli tədqiq ediləcək.
Nərgiz İSMAYILOVA
filologiya üzrə fəlsəfə doktoru