“Gənclik” Mərkəzində keçirilən Naxçıvan Muxtar Respublikası təhsil işçilərinin sentyabr konfransını giriş sözü ilə Təhsil naziri Rəhman Məmmədov açaraq təhsilə göstərilən dövlət qayğısından və qarşıda duran vəzifələrdən danışıb.
Qeyd olunub ki, muxtar respublikamızda təhsilin inkişafı sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilir. Ötən dövr ərzində muxtar respublikamızda 200-dən çox təhsil müəssisəsi tikilib və ya əsaslı şəkildə yenidən qurulub. Əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də tikinti-quruculuq işlərində əsas yeri təhsil sahəsi tutub. Təkcə 2019-cu ilin birinci yarım ili ərzində 1170 şagird yerlik 2 ümumtəhsil məktəbi üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Hazırda bu sahədə işlər davam etdirilir.
Vurğulanıb ki, muxtar respublikada müəllim nüfuzunun artırılması, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter alıb, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarına əsasən bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü 1,5, vəzifə maaşı 2 dəfə, cari il sentyabrın 1-dən isə bu kateqoriyadan olan müəllimlərin aylıq vəzifə maaşları əlavə olaraq orta hesabla 20 faiz artırılıb. Bununla yanaşı, 2018-2019-cu tədris ilində 6 müəllim Azərbaycan Respublikasının, 17 müəllim isə Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adlarına layiq görülüb, 4 müəllim “Tərəqqi” medalı ilə mükafatlandırılıb. Bununla yanaşı, Ali Məclis Sədrinin 2019-cu il 24 iyun tarixli Sərəncamı ilə istedadı ilə seçilən şagirdlərdən 3-nün adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılıb, onlar Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüblər.
Təhsil naziri qeyd edib ki, ötən tədris ilində yaradılan şəraitdən səmərəli istifadə olunması diqqətdə saxlanılıb, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması üçün təlimlər, konfranslar təşkil edilib, onların işə qəbulu prosesində şəffaflıq və obyektivlik təmin olunub.
İstedadlı şagirdlərin üzə çıxarılması istiqamətində də fəaliyyət gücləndirilib, fənn olimpiadalarının keçirilməsi diqqətdə saxlanılıb. “Mütaliə aylığı”, “Tariximizi qoruyaq və yaşadaq” aksiyası, “Dram” müsabiqəsi, kitab təqdimatları, intellektual oyunlar, idman yarışları keçirilib.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili, elmi dərəcəli müəllimlər tərəfindən ümumtəhsil məktəblərində nümunəvi dərslərin keçilməsi şagirdlərin biliklərinin artırılmasında, vətənpərvərlik və milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə olunmasında, qabaqcıl təcrübənin öyrənilməsi və informasiya texnologiyalarından istifadə bacarıqlarının artırılmasında, buraxılış və qəbul imtahanlarında yüksək nəticələrin əldə edilməsində mühüm rol oynayıb.
“Muxtar respublikada təhsilin inkişafı üçün yaradılan şəraitin nəticəsidir ki, bu il ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verən 2569 məzundan 1922-si, yaxud 70 faizi tələbə adını qazanıb. Onlardan 281-i 500-700 arası bal toplayıb”, – deyən Rəhman Məmmədov diqqətə çatdırıb ki, 2018-2019-cu tədris ilində məzunlardan 13-ü “Qızıl”, 16-sı “Gümüş” medallara, 45-i isə fərqlənmə attestatına layiq görülüb. 25 şagird respublika fənn olimpiadasının qalibi olub.
Təhsil naziri ümumtəhsil müəssisələrinin fəaliyyətindəki nöqsanlardan da danışaraq bildirib ki, tədris prosesindən səmərəli istifadə edən, şagirdlərin bilik səviyyəsinin daim yüksəldilməsinə çalışan pedaqoji kollektivlərlə yanaşı, tədrisin keyfiyyətinə lazımi şəkildə nəzarət etməyən bəzi məktəblər də vardır.
Qeyd olunub ki, 2019-2020-ci tədris ilində mövcud nöqsanlar qısa müddətdə aradan qaldırılmalı, dərs bölgüsünün aparılması zamanı varislik prinsipi gözlənilməli, tədris ili ərzində məktəb direktorları tərəfindən tələb olunan sayda dərs dinləmələri aparılmalı, açıq və nümunəvi dərslər, fənlər üzrə müzakirələr təşkil edilməli, müəllimlərə metodik köməklik göstərilməli, sinif komplektləri mövcud qanunvericiliyə uyğun olaraq formalaşdırılmalıdır. Dərslərdə əyani vəsaitlərdən, elektron lövhə, kompüter və laboratoriyaların imkanlarından səmərəli istifadə olunmalıdır. Gənc müəllimlərlə aparılan işin keyfiyyəti artırılmalı, metodik kabinetlərin fəaliyyəti gücləndirilməli, şagirdlərin məktəbəhazırlıq qruplarına və I siniflərə qəbulu zamanı mövcud qaydalara əməl edilməlidir.
Məruzə ətrafında müzakirələrdə Naxçıvan Şəhər və Culfa Rayon Təhsil şöbələrinin müdirləri Elşən Qəbulov və Mehdixan Əliyevin, Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanovun, Naxçıvan Qızlar Liseyinin direktoru Aidə Allahverdiyevanın, Naxçıvan Peşə Liseyinin direktoru Vüsal Abdullayevin və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Murad Babayevin çıxışları dinlənilib. Konfransın qərarı qəbul edilib.
Sonda Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi tərəfindən hazırlanan “Naxçıvan təhsili: inkişaf və perspektivlər” filminə baxış olub.
Konfrans sentyabrın 5-də şəhər və rayonlarda bölmə iclasları ilə davam edəcəkdir.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti