AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Musiqi və teatr şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli Qəhrəmanovun “Təbriz teatrı və Böyükxan Naxçıvanski” adlı monoqrafiyası işıq üzü görüb.
Monoqrafiyada Təbriz teatrı haqqında aşkara çıxarılan yeni tarixi faktlar tədqiqata cəlb edilib, bu mədəniyyət ocağının görkəmli aktyor və rejissorları barədə məlumat verilib, Təbrizdə teatr dəstələrinin yaranması və fəaliyyətindən bəhs olunub.
Kitabda qeyd olunur ki, xalqın mədəni intibahı, milli oyanışı və maarifçilik düşüncəsinə böyük təsir göstərən Naxçıvan teatrının inkişafında tanınmış mədəniyyət xadimi, teatr fədaisi Böyükxan Naxçıvanskinin də mühüm xidmətləri olub.
Yeni nəşrdə Böyükxan Naxçıvanskinin keçməkeşli ömür və sənət yoluna nəzər salınıb, onun Təbriz teatrının inkişafındakı səmərəli fəaliyyəti işıqlandırılıb. Sənətkarın quruluş verdiyi tamaşaların və oynadığı obrazların əsas məqsəd və qayəsinin maarifçilik ideyalarının xalq arasında təbliğ olunduğu göstərilib.
Qədim Naxçıvanın teatr sənətkarlarının əsrimizin əvvəllərindəki dövrünü tədqiq edən müəllif monoqrafiyada o dövr teatrına aid Təbriz arxivləri, Tiflis teatrı sənədləri və Naxçıvan diyarının qədim teatr tarixini əks etdirən mənbə və arxiv materiallarını üzə çıxarıb.
Qeyd edək ki, yeni nəşrdə o dövrə aid ilk dəfə aşkar olunmuş nadir fotoşəkillər də əksini tapıb.
AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi