Daha bir uzun və mənalı yay istirahəti arxada qalır. Qarşıdan isə məktəblilərin sevinc və həyəcanla gözlədiyi yeni dərs ili gəlir. Muxtar respublikamızda keçirilən ənənəvi məktəbli yarmarkalarına artıq bir neçə gündür, start verildiyindən bu günlərdə məktəbli uşağı olan hər bir valideyni övladı ilə birlikdə dərs ləvazimatları alarkən görmək olar.
Naxçıvan şəhərindəki Mərkəzi bazarda keçirilən ənənəvi məktəbli yarmarkasında yaradılan şəraitlə tanış olmaq üçün adıçəkilən ünvana yollanıram. Yarmarkada hər il olduğu kimi, bu il də çeşid zənginliyi elə ilk baxışdan diqqətimi çəkir. Öyrənirəm ki, 3-ü istehsal müəssisəsi olmaqla, 24 sahibkarlıq subyektinin iştirak etdiyi yarmarkada dərs ləvazimatları, məktəbli və idman formaları, məktəbli çantası və ayaqqabıları alıcılara münasib qiymətlərlə təklif olunur. Yarmarkada ayrı-ayrı fənlər üzrə əyani vəsaitlərin satışı da həyata keçirilir. Burada lüğət və digər nəşrlərin, dünya uşaq ədəbiyyatı nümunələrinin, bədii və elmi ədəbiyyatların satışına da yer verilib.
Xüsusi zövqlə bəzənən vitrinlərin önündə dərs ləvazimatları seçən valideyn və məktəblilərin çöhrəsindəki təbəssümü gördükcə qeyri-ixtiyari fikirləşirəm ki, vaxtilə tədris ilinin başlanmasına iki ay qalmış övladı məktəbə gedən hər valideyni bir məsələ dərin düşündürürdü: Uşağına lazım olan məktəbli ləvazimatlarını hardan əldə etsin ki, qiyməti sərfəli, özü də keyfiyyətli olsun. Bunun üçün həftələr öncəsindən alış-veriş köşklərinə üz tutan ata və ana çeşid kasadlığından bəzən, necə deyərlər, evə əliboş qayıdardılar. Digər tərəfdən qiymətin münasib və tarazlı olmaması valideynləri maddi cəhətdən sıxıntıya salırdı. Lakin vətəndaşına, onun layiqli yaşamasına, yüksək təhsilli yetişməsinə böyük önəm verən dövlətimiz bütün sahələrdə olduğu kimi, bu istiqamətdə də lazımi addımları atdı və artıq ənənə halını alan məktəbli yarmarkaları hər il bütün ailələrə sevinc payı bəxş edir.
Məktəbli yarmarkasında alış-verişlə məşğul olan insanları müşahidə etdikdən sonra vitrinlərdən birinə yaxınlaşıb satıcılarla söhbət edirəm. 50 illik ömrünün çox hissəsini ticarət işlərinə həsr edən Kərəm Qocayev deyir ki, illər öncə muxtar respublikaya gətirilən məktəbli ləvazimatları satıcının istəyinə uyğun olaraq istənilən qiymətə alıcıya təklif olunurdu. Alıcı da çox zaman ucuz olsun deyə, keyfiyyətsiz məhsullara üstünlük verirdi. Təbii ki, həmin ləvazimatlar keyfiyyətsiz olduğu üçün qısa müddət sonra sıradan çıxır, əlavə xərclərə yol açırdı. Bu hal təkcə alıcılara deyil, həm də keyfiyyətli məhsul satışa çıxaran sahibkarlara da sərf etmirdi. Lakin bir neçə ildir, təşkil olunan məktəbli yarmarkalarında həm keyfiyyətə, həm də qiymətə nəzarət olunduğundan belə xoşagəlməz hallara yol verilmir.
Yaşı 55-i ötmüş Ruqiyyə Allahverdiyeva deyir ki, artıq bir neçə ildir, nəvələrim üçün dərs ləvazimatlarını burada təşkil olunan məktəbli yarmarkasından əldə edirəm: – Səkkiz nəvəm var. Onlardan ikisi 3-cü sinifdə oxuyur, biri isə bu il məktəbə gedəcək. Burada hər yaşdan olan uşaqlar üçün kitab çeşidləri çoxdur. Balaca nəvələrimə kiçik nağıllar kitabı aldım. Belə kitabları əvvəllər satış mərkəzlərindən əldə etdiyim üçün deyə bilərəm ki, yarmarkada qiymətlər sərfəlidir. Yaradılan bu şəraitə görə dövlətimizə minnətdaram.
Alıcı Fikrət Hacıyev bildirir ki, övladı bu il məktəbin birinci sinfinə qədəm qoyacaq. Uşağına lazım olan məktəbli ləvazimatlarını haradan alacağı barədə çox düşünməli olub, ta ki bu yarmarkaya gələnədək. Yarmarkada onun seçim etməyi üçün hər cür şəraitin olduğunu vurğulayan müsahibim deyir ki, yaradılan bu imkanlar bir valideyn kimi onun ürəyincədir.
Digər müsahibim isə yarmarkanın imkanlarından yararlanan Qorxmaz Baxşəliyevdir. O, bizimlə söhbətində deyir: – Məktəbli yarmarkasının keçiriləcəyi günü bütün valideynlər kimi mən də səbirsizliklə gözləyirdim. Əvvəllər satış mərkəzlərindən istifadə etsəm də, iki il olar yarmarkaya üz tuturam. Burada qiymətlərin münasib olması ailə büdcəmin stabil qalmasına imkan verir. Yarmarkanı təşkil edənlərə ailəmiz adından minnətdaram.
Övladına məktəbli çantası almaq istəyən Yasin Qurbanovun sözlərinə görə, yarmarkadakı qiymətlər bazar qiymətlərindən aşağı, çeşid isə çoxdur: – Burada satılan ləvazimatlar müxtəlif çeşidli olduğuna görə seçim imkanı da genişdir. Məhsulların qiyməti ilə yanaşı, keyfiyyəti də önəmlidir. Hər bir alıcıya satılan məhsullar haqda nəzakətlə, dolğun məlumat verilir və bu da rahat şəkildə seçim etmək imkanı yaradır.
Qeyd edək ki, məktəbli yarmarkası Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublikamızın rayonlarında da təşkil olunur və sentyabr ayının 15-dək davam edəcək.
Nail ƏSGƏROV