25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Dövlət Universitetində cari ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir. Yığıncaqda universitetin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov məruzə ilə çıxış etmişdir.
Bildirilmişdir ki, muxtar respublikada həyata keçirilən tədbirlər nəticəsində dinamik sosial-iqtisadi inkişafa nail olunmuşdur. Bu sosial-iqtisadi inkişafdan universitetə də pay düşmüş, ali təhsil müəssisəsinin maddi-texniki bazasının gücləndirilməsi, müasir tədris avadanlıqları, informasiya-kommunikasiya texnologiyaları vasitələri ilə təchiz olunması, təhsilin və tədrisin dünya standartları səviyyəsində qurulması, universitetin beynəlxalq əlaqələrinin inkişafı istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında elm və təhsilin inkişafı, savadlı, hərtərəfli dünyagörüşə malik mütəxəssislərin yetişdirilməsi məqsədilə təhsil ocaqlarında İKT-nin imkanlarından və inter­aktiv metodlardan istifadəyə üstünlük verilməsi, kompyuter biliklərinin və xarici dillərin tədrisinin diqqət mərkəzində saxlanılması kimi ali təhsil müəssisələri qarşısına qoyulan mühüm vəzifələrə toxunan rektor təhsilin və tədrisin məzmun və keyfiyyətcə daha yüksək səviyyədə qurulmasına nail olmaq məqsədilə görüləcək işlərdən də danışmışdır.

Universitetin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid universitetdə 2013-cü ilin birinci yarısında tədris sahəsində əldə olunan nailiyyətlərlə bağlı məruzə etmişdir. Bildirilmişdir ki, 2012-2013-cü tədris ilində universitetdə təhsil alanların sayı 211 nəfər xarici vətəndaş da daxil olmaqla, 4851 nəfər olmuşdur. Universitetdə 10 fakültə, magistratura üzrə dekanlıq, xarici tələbələrlə iş üzrə dekanlıq və 49 kafedra fəaliyyət göstərir. 2012-2013-cü tədris ilində universitetin bakalavr təhsil pilləsi səviyyəsində 56, magistratura təhsil pilləsi səviyyəsində isə 41 ixtisas üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlanmışdır. 2013-cü ildə universitet məzunlarının sayı 1099 nəfər olmuşdur ki, onlardan 977 nəfəri bakalavriant, 122 nəfəri isə magistrantdır. 2013-cü tədris ilində Naxçıvan Dövlət Universitetinin bakalavr təhsil pilləsi səviyyəsində tədrisin kredit sistemi ilə təşkili qaydalarındakı islahatlar davam etdirilmişdir. “Tədrisin kredit sisteminə uyğun qurulması qaydaları” na əsasən, 2012-2013-cü tədris ilindən Boloniya prosesinin bütün tələbləri həyata keçirilmişdir. Tələbə və müəllimlərin mobilliyinin təmin olunması istiqamətində tədbirlər həyata keçirilmiş, Koreyanın Kim-Çonq, Türkiyənin Ərzurum Atatürk, Ərdahan, Gürcüstanın Batumi Dövlət, Litvanın Klaypeda universitetləri, Sosial Elmlər Kolleci, İspaniyanın Santyaqo De Kompostella Universiteti ilə razılaşdırılmış müqavilələr əsasında tələbə mobilliyinə start verilmişdir. Naxçıvan Dövlət Universiteti tələbə və müəllim mobilliyini gerçəkləşdirən Mövlana Mübadilə Proqramına qatılan Azərbaycanın ilk ali təhsil ocağı olmuşdur. Semestr imtahanlarının elektron vasitələrlə test üsulu ilə keçirilməsi, elektron test banklarının hazırlanması, pro­qramlaşdırma və qiymətləndirmə meyarlarını əhatə edən “Elektron təhsil” layihəsinin həyata keçirilməsi ilə bağlı tədbirlər görülmüş, 2012-2013-cü tədris ilinin ikinci semestrində 269 semestr imtahanı, 46 dövlət imtahanı elektron qaydada aparılmışdır. Boloniya prosesinin tələblərinə uyğun olaraq, yay məktəbi təşkil edilmiş, tədrisdə İKT-nin tətbiqi istiqamətində mühüm işlər görülmüşdür. 
Tədris işləri üzrə prorektor qarşıda duran vəzifələrdən də bəhs etmiş, universitetdə Boloniya prosesinə tam keçidin təmin edilməsi, tələbə və müəllimlərin peşəkarlığının artırılması üçün “Elektron universitet” layihəsinin reallaşmasına nail olunması, Elektron Təhsil Mərkəzinin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması, magistratura təhsil pilləsində kredit sistemə keçidin tam reallaşdırılması istiqamətində həyata keçiriləcək tədbirlərdən danışmışdır.
Yığıncaqda universitetin İqtisad fakültəsinin dekan müavini, iqtisad üzrə fəlsəfə doktoru, dosent Müslüm Cabbarzadə, Memarlıq və mühəndislik fakültəsinin dekanı, texnika üzrə fəlsəfə doktoru, dosent Cavanşir Zeynalov, Fəlsəfə və sosiologiya kafedrasının müdiri, fəlsəfə doktoru, dosent Novruzəli Rəhimov, Tələbə Gənclər Təşkilatının sədri Arzu Abdullayev çıxış etmişlər.
Yığıncağa universitetin rektoru, professor Saleh Məhərrəmov yekun vurmuşdur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR