“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində “Əmək münasibətlərinin praktiki uçotu” adlı yeni dərs vəsaiti işıq üzü görüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 10 fevral tarixli Sərəncamı ilə yaradılmış Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi muxtar respublikada maliyyə və mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi, ixtisaslarının artırılması, yenidən hazırlanması və bu sahədə digər zəruri tədbirlərin görülməsi işini həyata keçirir. Bu istiqamətdə aparılan işlərin davamı olaraq bu praktik dərs vəsaiti həmin mərkəzin təşəbbüsü ilə hazırlanmışdır.
Dərs vəsaitinin müəllifləri mərkəzin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Sevinc Cabbarova, Naxçıvan Dövlət Universitetinin Mühasibat uçotu və maliyyə kafedrasının dosenti Nuriyyə İbrahimova və iqtisadçı-ekspert Rauf Qarayev, rəyçiləri isə Naxçıvan Dövlət Universitetinin müəllimləri Teymur Abbasov, Əşrəf Ələkbərov və Ceyhun Mahmudovdur.
Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının iclasının müvafiq qərarı ilə çap edilən dərs vəsaitində Milli Mühasibat Uçotu və Maliyyə Hesabatlarının Beynəlxalq standartlarına uyğun olaraq əməkhaqqının, ezamiyyətin, kompensasiyanın, əmək kitabçasının, məzuniyyətin, ştat cədvəlinin, təhsilin, təzminatın, yardımın, əlilliyin, müqavilənin, pensiyanın, maddi məsuliyyətin, sınaq müddətinin, əmrin tərtibinin, işə bərpanın, işdən azadetmənin, işçinin qiymətləndirilməsinin, məşğulluğun, Vergi Məcəlləsində dəyişikliyin izahına geniş yer verilib. Bundan başqa, sosial sığorta haqqında qanunda dəyişiklik, kommersiya mühasibatlığında əməkhaqqının hesablanması, büdcə mühasibatlığında ezamiyyə, avans, əməkhaqqı, əmək pensiyasının təyin edilməsi, işsizlikdən sığorta haqqında qanunda olan dəyişikliklər tədqiq olunub və aktual suallara əsaslı və qanunvericiliyin tələblərinə uyğun cavablar verilib.
“Əmək münasibətlərinin praktiki uçotu” adlı dərs vəsaiti tələbələr, magistrlar, müəllimlər, müəssisələrdə çalışan mühasiblər, auditorlar, iqtisadçılar və mühasibatlığa maraq göstərən digər şəxslər üçün nəzərdə tutulub.
Xəbərlər şöbəsi