Ucu-bucağı görünməyən bir ümmana bənzəyən elm xəzinəsinin sirlərinə yiyələnmək hər kəsə nəsib olmur. Bunun üçün gərək bütün səy və bacarığını əsirgəmədən daim öz üzərində çalışasan, hər gün bir addım irəli getməyi bacarasan. Yalnız belə olan halda cəmiyyətdə özünə üstün mövqe qazana bilərsən. Əsrlərdir, dillərdə aforizmə çevrilən böyük şairimiz Nizami Gəncəvinin “Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz” misraları da hər birimizə cəmiyyətdə elmin, təhsilin, savadın hər şeydən üstün olduğunu aşılayır, insanları elm dəryasına baş vurmağa, elmin incəliklərinə yiyələnməyə, sənətin, peşənin kamil bilicisi olmağa səsləyir. Müasir dövrümüzdə elm və texnologiyanın günbəgün yeniləndiyini nəzərə alanda elmli, təhsilli yetişməyin, böyük mənada, önəmli olduğu daha qabarıq şəkildə ortaya çıxır.
Muxtar respublikamızda da gənclərin elmə, təhsilə, müxtəlif sənət və peşəyə yiyələnmələri üçün hərtərəfli şərait yaradılır, təhsil müəssisələrində innovativ texnologiyalardan, müasir tədris metodlarından istifadə öz müsbət nəticələrini verir. Qəbul imtahanlarında əldə olunan uğurların yüksələn templə artması da məhz təhsil sahəsində görülən işlərin, bu istiqamətdə həyata keçirilən tədbirlərin bəhrələridir. Builki qəbul imtahanlarında qazanılan nailiyyətlər muxtar respublikamızın bütün bölgələri kimi, Babək rayonunun timsalında da ürəkaçandır. Rayonun Nehrəm, Vayxır, Kərimbəyli kəndlərinin və Babək qəsəbəsinin 600-700 intervalında bal toplayan abituriyentləri ilə həmsöhbət olub fikirlərini öyrəndik.
Nehrəm kənd 3 nömrəli tam orta məktəbi 46 şagird bitirib, onlardan 33-ü qəbul imtahanlarında iştirak edib. Məktəbin məzunu Rüqayyə Əliyeva III ixtisas qrupunda 645 bal toplayaraq rayon üzrə ən yüksək nəticə göstərən abituriyentlər sırasına adını yazdırıb. Onunla söhbət zamanı dedi ki, məktəbimizdə yaradılan müasir tədris şəraiti, müəllimlərin şagirdlərə, onların bilikli yetişməyinə göstərdiyi diqqət hər il yüksək bal toplayanların sayının çoxalması ilə nəticələnir. Ötən illərdə bu ürəkaçan halları, tələbə adını qazanan uşaqları gördükcə, onların sevincinə şahid olduqca ürəyimdə “Kaş mənə də bir gün belə xoşbəxtlik qismət ola”, – deyərək çox düşünmüşəm. Cari tədris ilində iştirak etdiyim sınaq imtahanlarında yüksək bal topladığım üçün həm müəllimlərimin, həm də valideynlərimin inamını qazanmışdım. Onlar qəbul imtahanlarında məndən yüksək nəticə gözləyirdilər və şükürlər olsun ki, arzuma çatdım. İmtahanda topladığım bal ürəkaçan olsa da, sözün düzü, bundan da artıq nəticə göstərəcəyimə inanırdım. Tələbə adını qazananlar yaxşı bilirlər ki, imtahan vaxtı stress keçirirsən, bildiyin sualları da bəzən səhv yazırsan. Deyirlər ki, məşhur sərkərdə Napoleon Bonapart da imtahandan qorxurmuş. Rəvayətə görə, bir dəfə Napoleonu gecəyarısı təlaşla yuxudan oyadırlar. Görkəmli sərkərdə nə baş verdiyini soruşanda deyirlər ki, üstümüzə düşmən hücum çəkib. Napoleon: “Mən də elə bildim, imtahana çağırırlar”, – deyə cavab verir. Neçə-neçə ölkələri fəth etmiş sərkərdələr, böyük alimlər, müəllimlər imtahandan çəkinirsə, onda gör biz şagirdlər necə həyəcan keçiririk.
Onu da deyim ki, 5-6-cı siniflərdən ən böyük arzum böyüyəndə hüquq sahəsində çalışmaq olub. Elə ona görə də Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasını seçmək istəyirəm. İnanıram ki, topladığım bal mənə bu ixtisasa qəbul olmağa imkan verəcək. Fürsətdən istifadə edib üzərimdə böyük əmək sərf edən müəllimlərimə, valideynlərimə dərin minnətdarlığımı bildirirəm.
Vayxır kənd tam orta məktəbinin məzunu Xəyal Seyidov IV ixtisas qrupu üzrə 645 bal toplayıb. İlk həmsöhbətim, Xəyalın sinif rəhbəri, kimya-biologiya müəllimi Şükufə Məmmədova şagirdi haqqında ürəkdolusu danışdı. Bildirdi ki, məktəbin builki abituriyentləri arasında Xəyal ən yüksək nəticə göstərməklə təhsil müəssisəsinin adını ucaldıb. Xəyalın yüksək bal topladığını eşidəndə bütün müəllimləri kimi, mən də qürur hissi keçirdim. Onun dərslərdəki fəallığı, biologiya və kimyaya hədsiz marağı məndə bu uşağın gələcəyinin parlaq olacağı fikrini yaratmışdı. Bəzi şagirdlər var ki, hər hansı fənnə marağı olsa da, qarşısına məqsəd qoymur. Nəticədə, uğur da qazana bilmir. Lakin Xəyalda bu məqsədi hər zaman hiss etmişəm. O, kimya fənni üzrə sonuncu respublika fənn olimpiadasında uğurla iştirak edərək II yerə layiq görülüb. Sınaq imtahanlarında hər zaman yüksək bal toplayan Xəyalın qəbulda da uğur qazanacağına şübhəmiz yox idi və o, öz biliyi ilə biz müəllimlərini yanıltmadı.
Xəyal Seyidov da qazandığı uğurun sevincini bizimlə bölüşərək bildirdi ki, uşaqlıqdan böyüyəndə həkim olmaq, insanlara şəfa bəxş etmək arzusu ilə yaşamışam. Ona görə də Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Müalicə işi ixtisasını seçmək istəyirəm. Mənim üçün daha bir əlamətdar hadisə isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ilə görüşmək olacaq. Biz gənclərə yaradılan şəraitə görə dövlətimizə minnətdarlıq edirəm.
Kərimbəyli kənd tam orta məktəbini bitirən 11 məzun da qəbul imtahanlarında uğur qazanıb. Həmin abituriyentlər arasında ən yüksək nəticəni IV qrup üzrə 615 bal toplayan Elçin Babayev göstərib. O, sevincini bizimlə bölüşərək dedi ki, hələ aşağı siniflərdən dəqiq elmlərə marağım böyük olub. Biologiyanı ürəkdən sevmişəm, müəllimim Təranə Səfərovadan bu fənnin sirlərini öyrənmişəm. Sonuncu respublika fənn olimpiadalarında bu fənn üzrə uğurlu iştirakım, ölkə səviyyəsində III yerə layiq görülməyim biologiyaya bağlılığımı daha da artırıb.
Onu da qeyd edim ki, hələ balaca yaşlarımda evdə valideynlərim məni həkim kimi görmək istəyirdilər, yuxarı siniflərdə oxuyarkən muxtar respublikamızda tikilən müasir səhiyyə ocaqlarında oldum, orada çalışan həkimləri gördüm və bu sahəyə marağım daha da artdı. Beləcə, həkimlik peşəsinə yiyələnməyi qarşıma məqsəd qoydum. Uğur qazanmağımda ailəmin, müəllimlərimin dəstəyi böyük oldu. Onlardan aldığım köməklik sayəsində səylə çalışdım və ürəkaçan nəticəni qazandım. Qəbul imtahanlarında əldə etdiyim yüksək nəticə ürəyimdəki ümid qığılcımını daha da şölələndirdi. Arzumu reallaşdırmaq yolunda atacağım növbəti addım Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Müalicə işi ixtisasını seçməkdir və inanıram ki, həmin ixtisasda oxumaq mənə nəsib olacaq.
Babək qəsəbə 2 nömrəli tam orta məktəbin 10 məzunu da onlara göstərilən etimadı doğruldub. Həmin abituriyentlərdən Fizzə İsmayılova III ixtisas qrupu üzrə 633 bal toplayıb. Fizzənin məktəb illərində dərslərində göstərdiyi fəallıq ilə yanaşı, şahmat oyununa da xüsusi marağı olub. Bu barədə dediklərindən:
– Şahmata həvəsim kiçik yaşlarımda televiziya ekranlarından bu zəka idman oyununu izləməklə yaranıb. Məktəb illərində şahmat dərslərində göstərdiyim fəallıq müəllimlərimin diqqətini çəkdi, valideynlərim hədsiz marağımı nəzərə alıb məni müəllim yanına göndərdilər. Zaman keçdikcə bu idman növü üzrə püxtələşməyə başladım, keçirilən yarışlarda uğurla iştirak edərək diplom və medallar qazandım. Lakin şahmatla məşğuliyyət məni orta məktəb dərslərindən heç də geri salmadı, əksinə, daha da səylə oxumağa davam etdim. Mütaliəyə də marağım olduqca böyükdür. İndiyədək həm xarici, həm də Azərbaycan ədəbiyyatından olan bir sıra əsərlər oxumuşam. Fikrimcə, hər kitab bir həyatdır, həyatda axtardığın suallara ən mükəmməl cavabı elə oxuduğun əsərlərdə tapırsan. Doğru deyiblər ki, yazıçılar minlərlə insanın həyatını, kitab oxumayanlar isə yalnız bir həyatı yaşayırlar.
Fizzə İsmayılova onu da dedi ki, uşaqlıqdan valideynlərim məni alitəhsilli görmək istəyiblər. Müəllimlərim də biliklərə mükəmməl yiyələnməyim üçün əllərindən gələni əsirgəməyiblər. Yuxarı siniflərdə oxuyarkən məsuliyyətimi daha da artıraraq səylə çalışmışam, imtahana hazırlaşan dövrlərdə yuxusuz keçirdiyim gecələr çox olub. İndi şükr edirəm ki, əziyyətim heçə getmədi, yüksək bal topladım. Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasını seçmək istəyirəm, inanıram ki, uşaqlıqdan yaranan ən böyük arzuma çata biləcəyəm. Fürsətdən istifadə edib üzərimdə böyük əmək sərf edən müəllim və valideynlərimə dərin minnətdarlığımı bildirirəm.
Xoşbəxt gələcəyə doğru qapıları yalnız elm, savad, təhsil açır. Hər il muxtar respublikamızda minlərlə abituriyent uğurlu gələcəyə yönələn yolun yolçularına çevrilirlər. Bu il də əldə olunan göstəricilər bu sahədə qazanılan nailiyyətlərin artan templə davam edəcəyini deməyə əsas verir.
Nail ƏSGƏROV