Gənclərimizin biliyinin sınaq günündə məktəblərdə olduq, abituriyentlər və onların valideynlərindən təəssüratlarını öyrəndik. Heydər Əliyev adına Hərbi Liseyə imtahanın keçirildiyi Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin önündəyik. Müşahidələrimizə əsasən deyə bilərik ki, hər il liseyə qəbul olmaq istəyən gənclərin sayı artır. Gələcəkdə həyatını zabit kimi davam etdirmək istəyən gənclərlə söhbətimiz də maraqlı olur. Yusif Hacıyev deyir:
– Ən böyük arzum hərbçi olmaqdır. Bir azdan imtahan başlayacaq. İmtahana yaxşı hazırlaşmışam. Sualların əksəriyyətinə düzgün cavab verəcəyimə əminəm.
Bir az kənarda dayanan valideyn Əziz Məmmədova yaxınlaşırıq. Onun dediklərindən:
– Şərur rayonunun Danyeri kəndindən gəlmişik. Bir valideyn kimi çox həyəcanlı günlər yaşayıram. Bu yaxınlarda qızım Gülsadə III ixtisas qrupu üzrə imtahan verib. 400-dən yuxarı bal toplayıb. Çox sevincliyik. Bu gün isə oğlum Elşən liseyə imtahan verir. Bir valideyn kimi qürur duyaram ki, oğlum liseyə qəbul olunsun. Ona çox inanıram. Sınaqlarda 300-dən yuxarı bal toplayırdı. Şübhəm yoxdur ki, bu uğuru imtahanda da təkrarlayacaq.
Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin qarşısındayıq. Valideynlər həyəcanla övladlarına uğurlar arzulayıb imtahana yola salırlar. Valideyn Vüsalə xanım deyir:
– Şahbuz rayonundan gəlmişik. Bu gün qızım imtahan verir. Həkim olmaq arzusundadır. İmtahanın cavabını səbirsizliklə gözləyirik. Məktəbi əla qiymətlərlə bitirib. İmtahana çox yaxşı hazırlaşıb. Keçid balını keçəcəyinə şübhəmiz yoxdur. Ancaq istəyirik daha çox bal toplayıb həkimlik arzusuna çatsın.
Saatlar 1100-i göstərəndə imtahan başlayır. İmtahan qurtarana kimi biz də imtahanda müşahidələrimizi apardıq. Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə keçirilən imtahanların gedişi zamanı abituriyentlər heç bir qayda pozuntusuna yol verməyərək diqqətlərini ancaq test tapşırıqlarına yönəltdilər. Ümumiyyətlə, imtahanda təşkilatçılıq yüksək səviyyədə idi. İmtahanların gedişinə nəzarət edən imtahan rəhbəri İlqar Cəfərov bildirdi ki, abituriyentlərin öz bilik və bacarıqlarını göstərmək üçün ayrılan 3 saat ərzində imtahan otağında onların yüksək fəallığını müşahidə edib. Belə ki, həmin müddət ərzində abituriyentlər heç bir qayda pozuntusuna yol verməyərək diqqətlərini ancaq test tapşırıqlarına yönəldiblər.
...Nəhayət, imtahan başa çatır. İmtahandan yenicə çıxmış Şərur rayonundan olan Fatma Hüseynovanın üzündəki təbəssümdən hiss olunurdu ki, sualları yaxşı cavablandırıb. Deyir, yaradılan sakitlik hesabına o, imtahanda məhsuldar işləyə bilib. Ümidvardır ki, nəticə ürəkaçan olacaq. Daha bir abituriyent Əhməd Əhmədov dedi ki, imtahanda əsas amil olan sakitlik tam təmin edilmişdi. Bu da onun sualları dəqiq cavablandırmasına imkan verib.
Məlumat üçün bildirək ki, IV ixtisas qrupu üzrə imtahan respublikanın 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində ümumilikdə 21 binada keçirilib. İmtahanın idarə olunmasına 98 imtahan rəhbəri və 1018 nəzarətçi-müəllim cəlb olunmuşdu.
Sara ƏZİMOVA