Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Məktəbin idarə olunması” mövzusunda 5 günlük təlimə start verilib. Təlimdə 100-dən artıq məktəb direktoru və təlim-tərbiyə işləri üzrə direktor müavinləri iştirak edir.
Təlimin keçirilməsində məqsəd ümumtəhsil məktəblərində direktorların peşəkarlıq səviyyəsinin artırılmasından, onların yeni bilik, bacarıq və səriştələrə, təhsil aldığı ixtisas üzrə nəzəri və praktik biliklərə tam yiyələnmələrindən, müasir təfəkkürlü mütəxəssis hazırlanmasından ibarətdir.
Bakıdan dəvət olunmuş Azərbaycan Müəllim İnkişafı Mərkəzinin təlimçi-müəllimi Qoşqar Məhərrəmov tərəfindən aparılan təlimin ilk günü “Məktəbin idarə olunması”, “İnsan resurslarının idarə edilməsi”, “Liderlik” mövzuları barədə danışıb.
Qeyd olunub ki, gənc nəslin əsl vətəndaş, yaradıcı düşünən şəxsiyyət kimi yetişdirilməsi baxımından ümumtəhsil məktəblərinin idarə olunması və fəaliyyətinin təşkili müstəsna əhəmiyyət kəsb edir. Təhsil müəssisələrinin innovasiya rejiminə keçirilməsi, təhsilin idarə olunması sisteminin tətbiqi məktəbin idarə edilməsinə yeni yanaşmanı aktuallaşdırır.
Qeyd edək ki, növbəti mərhələlərdə məktəb direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinlərinə “Müəssisədaxili ünsiyyət qaydaları”, “Valideynlərlə əməkdaşlıq yolları”, “Dərsin planlaşdırılması” mövzularında təlim keçiriləcəkdir.
Təlimin sonunda iştirakçılara sertifikatlar veriləcəkdir.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin
mətbuat xidməti