İllər ayları, aylar həftələri, həftələr isə günləri əvəz edir. Bu gün birinci sinfə yola saldığımız övladlarımız göz açıb yumana kimi bir də görürük ki, artıq 11-ci sinfi bitirib, tələbə adını qazanmağa çalışırlar. Bu il də minlərlə abituriyent ali təhsil ocaqlarında oxumaq, ixtisaslı kadr olub gələcəkdə Vətəninə layiq biri kimi yetişmək üçün imtahanlarda iştirak etdi. Onlardan bir çoxu yüksək bal toplayaraq uğur qazandı. Minlərlə tələbənin ailəsində sevinc hissləri yaşandı. Valideynlər övladları ilə qürur duydular, keçirdikləri həyəcan, intizar artıq geridə qaldı. Hər il olduğu kimi, bu il də qəbul imtahanlarındakı nəticələri ilə muxtar respublikamızda təhsilin yüksək səviyyədə olduğunu sübuta yetirən, öz uğurları ilə hər birimizi sevindirən gənclərimizlə həmsöhbət oluruq.
Müsahiblərimiz Sədərək rayonunun təhsil ocaqlarının müvəffəqiyyət qazanan məzunlarıdır. Birinci qrupda yüksək nəticə göstərərək 546 bal toplayan Sədərək kənd 1 nömrəli tam orta məktəbin məzunu Arzu Adnalı deyir:
– Muxtar respublikamızda gənclərin yüksək səviyyədə təhsil alması üçün hər cür şərait mövcuddur. Doğma diyarımızda hər il yeni məktəb binaları inşa olunur, onlar müasir texnologiyalarla təmin edilirlər. Hər birimiz fəxr edir, qürur hissi keçiririk ki, son illərdə rayonumuzda da təhsil müəssisələri tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Təhsil aldığım 1 nömrəli tam orta məktəb də bunlardan biridir. Məktəbdə yeniyetmə və gənclərin hərtərəfli təhsil alması üçün hər cür şərait mövcuddur. Təbii ki, belə təhsil ocaqlarını bitirən məzunun ali məktəbə qəbul olması heç də çətin deyil. Mən də yaradılan imkanlardan istifadə edərək orta məktəb illərində bilik yarışmalarında, fənn olimpiadalarında fəal iştirak etmişəm, həmişə də nəticələrim yüksək olub. Bütün bunlar təhsilimi ali məktəbdə davam etdirmək arzumun gerçəkləşməsi üçün möhkəm təməl yaradıb. Ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərməyim də bunu bir daha təsdiq edir.
Arzu bildirir ki, nailiyyət qazanmaq üçün hər hansı bir şansın sənin ayağına qədər gələcəyini gözləməməli, öz şansını özün ayağına gətirməli, yəni yaratmalısan. Qoyduğunuz məqsədə çatmaq üçün plan qursanız və bu plan üzrə doğru addımlar atsanız, şans da sizə o qədər yaxın olar. Hədəfləri təyin edərkən mütləq planlı şəkildə və özünəinam hissi ilə başlamaq lazımdır. Özünə inanmayan şəxsin uğur qazanması çətindir. Bir məzun planlı və özünəinamla bir hədəf seçmişdirsə, mütləq arzusuna nail olacaq və hədəfinə gedən yolda heç bir problem onun qarşısını ala bilməyəcək.
Uşaqlıqdan müəllim peşəsini çox sevmişəm. Artıq 10-cu sinfə çatanda qarşıma məqsəd qoydum ki, müəllim olacağam. Valideynlərim də bu qərarıma dəstək oldular və məni ruhlandırdılar. Hesab edirəm ki, arzuma çatmışam. Naxçıvan Dövlət Universitetinin Riyaziyyat-informatika ixtisasını seçmək istəyirəm.
Həmin məktəbin digər məzunu Müslüm Əlizadə üçüncü qrupda 525 bal toplayıb. Onun arzusu hüquqşünas olub gələcəkdə ədalətin qoruyucularından birinə çevrilməkdir. O deyir ki, hansı sənəti seçirsənsə seç, ilk növbədə, vətənpərvər olmalısan. Vətənpərvərlik ən ali dəyərdir. Vətənə sevgisi olan hər bir insan tutduğu vəzifədən asılı olmayaraq, uğur qazana bilər. Muxtar respublikamızda insan amilinə, təhsilə çox ciddi diqqət yetirilir. Bu diqqət və qayğının müqabilində yaxşı oxumalı, gələcəkdə xalqımız üçün yararlı kadr olmalı, daim çalışmalıyıq. Müslüm onu da qeyd etdi ki, hələ məktəbdə oxuduğu illərdə ali məktəblərə qəbul imtahanlarında 500-700 arası bal toplamış məzunlarla Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin görüşünü izləyər və bu görüşün ona da qismət olmasını arzulayarmış. Artıq mən də bu xoşbəxtliyi yaşayan məzunlardan biriyəm. Və bu görüşü səbirsizliklə gözləyirəm. Həmin görüş həyatımın ən unudulmaz günlərindən biri olacaq.
Nurşən Məmişova ikinci qrupda 513 bal toplayıb. O, Sədərək kənd 2 nömrəli tam orta məktəbin məzunudur:
– Tələbə adını qazanmaq şansım mənə dünyanın sevincini bəxş edib, artıq böyük yolun başlanğıcındayam. Bu yolu uğurla keçib biliyimlə, fəaliyyətimlə xalqımıza xeyir verəcəyim günlər isə əsl xoşbəxt çağlarıma çevriləcək. Həqiqətən də, tələbə adını qazanmaq böyük sevincdir. Çünki çoxlarına nəsib olmayan, ancaq arzusunda olduğu bir ali təhsil ocağının üzvünə çevrilmək insana qürur verir. Əminəm ki, dövlət qayğısının əhatəsində böyüyən gənclər buna nail olacaqlar.
Nurşən Dövlət və bələdiyyə idarəetməsi ixtisasını seçəcəyini bildirir və deyir ki, bu ixtisasa yiyələnib, idarəetmənin müxtəlif sahələri üzrə biliklər əldə edib dövlət orqanlarında mütəxəssis kimi işləmək arzusundadır. Tələbə adını qazanan hər bir məzun çalışmalıdır ki, oxuduğu günlərin, ayların, illərin qədrini bilsin və bu illərdən maksimum faydalansın. Universitetin bütün imkanlarından istifadə edərək mükəmməl elm, yüksək bilik əldə etsin, təcrübə toplayaraq hərtərəfli, kamil bir insan kimi yetişsin. Gələcəkdə istənilən vəzifədə çalışanda vəzifəsinin məsuliyyətini hiss etməyi bacarsın.
Bu gün bir daha əmin oluruq ki, müasir Azərbaycan təhsili özünün zəngin, mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf etməkdədir. Bu istiqamətdə qazanılan bütün nailiyyətlər ulu öndər Heydər Əliyev ideyalarından güc alır. Biz də hər bir gəncə qazanacağı tələbə adının böyük şərəf və məsuliyyət olduğunu layiqincə dərk etməyi arzulayırıq.
Ramiyyə ƏKBƏROVA